Yenidən başlayın!..

yeniden-baslayin-
Oxunma sayı: 665

Bununla yanaşı o, vəziyyətdən çıxış yolu tapmağı bacarır. Oğlunun həyatına da müsbət təsir edə biləcək həyat yolu seçir: hər şeyə sıfırdan başlayır. İmicini, qarderobunu təzələyir, yeni arzular, yepyeni sevgi ilə özü üçün başqa bir dünya qurur. O, hətta dostlarını, yaşadığı mühiti də təzələyir...

***

Həyatımızın elə anları olur ki, çətinliklə üzləşirik. Məsələn, planlarımız baş tutmur, arzularımız həyata keçən anda alt-üst olur; yaxud ovqatımızı təlx edirlər; ruh düşkünlüyü yaşayırıq; kimisə itirirk ... Bir sözlə, gözlədiklərimizin əksi baş verir. Həyatımızın ən mürəkkəb periodu məhz belə anlar olur. Bu zaman əvvəlki ovqata adaptasiya çətinləşir, reabilitasiyanın mümkünlüyünə inanmaq olmur. Hansı ovqatda olduğumuzu belə təyin etməyi düşünə bilmirik. İnsanın psixoloji durumunda yaranmış bu vəziyyəti qısaca olaraq depressiya adlandırırlar. Xoşbəxtlik-nisbi anlayışdır. Kimsənin bir ömürü xoşbəxt başa vurduğunu müşahidə edən olmayıb. Həyatın müəyyən məqamlarıdır xoşbəxtlik. Bəs depressiyaya düşdükdə neyləmək lazımdı?

Qadın pasientlərindən biri Milton Eriksona depressiyada olduğunu bildirir. O, qadından nəyə maraq göstərdiyini soruşur. Pasient gül dəstəsi düzəltməyi xoşladığını deyir. Psixoloq sabah ona 5-10 gül dəstəsi düzəltməyi tapşırır... O, psixoloqun tapşırığını yerinə yetirir. Beləcə, bir müddət keçdikdən sonra qadın gül dəstəsi düzəltmək üzrə müsabiqənin qalibi olur. Başı gül dəstəsi düzəltməyə qarışan pasient özü də hiss etmədən depressiyadan çıxır və yeni, depressiyadan uzaq bir həyata qədəm qoyur. Gəlin, məsələyə elmi,tibbi aspektdən yox, psixoloji yöndən yanaşaq. Təsəvvür edək ki, iraq olsun, çətinliklə üz-üzəyik. Əsəb gərginliyi keçiririk. Heç nə bizi ovutmur. Bir anlıq düşünək: yaxşı, bununla nə qazanırıq? Hara gedirik? Niyə özümüzə qənim kəsilək? Axı həyat gözəldir, yaşanmalıdır. Və ikinci dəfə bu dünyaya gəlməyəcəyik... İnsan bədbəxtlikdən sığortalanmayıb. Bununla yanaşı üzləşdiyin bədbəxtlikdən də çıxış yolu var. Bu yolu sən özün seçməlisən. Sırf yaşamaq, gözəlliklərdən zövq almaq üçün. Sizə öz üzləşdiyim bir hadisəni nəql etmək istəyirəm. Ötən il bir doğmamızı itirdik. Onun komadan çıxacağı anın xəbərini gözlərkən, ölüm xəbərini eşitdik. Sonra xəstəxanada yatmalı oldum. Təfərrüata varmayacam. Təsəvvür etməzsiniz, üzləşdiyim durumdan özüm özümü necə xilas elədim! İnsanlarla təmasa daha çox ehtiyac duydum. Həkim nəzarətində olmağıma baxmayaraq, gücüm çatan qədər tez-tez gözəllik salonuna baş çəkdim. Tez-tez zahiri dəyişiklik, gəzintilər, insanları, təbiəti daha çox sevmək və s. mənim “psixoloqum” oldu. Bunları detallarına qədər yazmağımın səbəbi var: insan özü özünün həm də həkimi, psixoloqu olmalıdır. Demək ki, zülməti dəf etmək üçün ilk mübarizəni ayın qarşısını kəsən buludlara qarşı aparmaq lazımdı. Mən bunu bacardım! Ayı tapdım, sonra ulduzları... Və beləcə səhər açıldı, günəşi gördüm... Həyatı ən çətin məqamda bu cür dərk etməliyik, düşüncəsindəyəm: işlərimiz yolunda deyilsə, planlarımızı deyil, yolumuzu dəyişək. Yeni yolun başlanğıcında yepyeni həyata başlayaq. Qarışıq rəqəmlərdənsə sadə və səliqəli 0-ı seçək...