“Yeri gəlmişkən, indi onların səsi gəlmir”

yeri-gelmisken-indi-onlarin-sesi-gelmir
Oxunma sayı: 682

“Bir neçə səbəbə görə qarşıdakı il çox gərgin keçəcək. Əvvəla, “ərəb baharı” adlanan proses Rusiyada da cərəyan edir. Bəzi jurnalistlər artıq bunu “Rusiya qışı” adlandırır. Ərəb ölkələrindən başlanan dalğa “Rusiya qışı”nın simasında davam edir və başqa ölkələrə də sirayət edəcək, proses yekunlaşmayıb”. “Qafqazinfo”nun məlumatına görə bu fikirləri Mediaforuma müsahibəsində AXCP sədri Əli Kərimli deyib. Partiya sədri bildirib ki, 2012-ci ildə xüsusən də bizim regionla bağlı çox ciddi hadisələr baş verə bilər. Onun sözlərinə görə Azərbaycan demək olar ki, dünyadakı böyük siyasi kataklizmlərin episentrinə düşə bilər: “Həm də İranla bağlı hadisələr sürətlənib, bu ölkənin hazırkı hakimiyyəti ilə Qərb arasında qarşıdurma artıb, İran əleyhinə sanksiyalar şiddətlənir. Artıq İrana qarşı hərbi əməliyyatlar belə müzakirə olunur. Bu bizi siyasi proseslərin episentrinə sala biləcək bir urumdur. İkincisi, Rusiyada seçkidən sonra çox ciddi proseslər başlandı. Bu, azad seçki və demokratik dəyişikliklər uğrunda mübarizənin ilk mərhələsidir. Orda hər şey hələ indi başlayır. Hadisələr genişlənəcək, dərinləşəcək, dramatikləşəcək. Xüsusilə də dekabr ayından mart ayına qədər Rusiyada proseslər həddindən artıq gərgin keçəcək. Rusiyada demokratiya uğrunda başlanan mübarizənin yeni-yeni qüvvələrin hesabına kütləviləşəcəyini gözləyirəm. Bu il dekabrın 24-nə təkcə Moskvada deyil, Rusiyanın 70 şəhərində böyük mitinqlər təyin olunub. Bu o deməkdir ki, bizim böyük və güclü şimal qonşumuzun ərazisində ciddi hadisələr baş verəcək. Təbii ki, bunun Azərbaycana təsiri olacaq.

Azərbaycandakı hökumətyönlü politoloqlar müsəlman ölkələrindəki inqilabların təhlilini aparanda deyirdilər ki, Azərbaycanın ərəb dünyasına heç bir aidiyyəti yoxdur, Azərbaycan MDB-nin bir hissəsidir. Onların açıqlamalarından belə çıxırdı ki, Rusiyanın qeyri-rəsmi nüfuz dairəsindəyik və Rusiyada baş verən hadisələrdən asılıyıq. Yeri gəlmişkən, indi onların səsi gəlmir. Növbəti mərhələdə bu çoxbilmişlərdən belə bir açıqlama gözləyirəm ki, onlar Azərbaycanı müstəqil olmasına görə Kuba ilə müqayisə etsinlər və desinlər ki, nə qədər Kuba durur, biz də duracağıq.

Hər halda Rusiyadakı proseslərin Azərbaycana çox ciddi təsiri olduğunu hökumətin danışan “dilləri” də etiraf edirdilər. Düzdür, indi onlar dərin fikrə gediblər, böyük həyəcan içindədirlər... Burda da ümumi fikir və qənaət var ki, Rusiyada baş verənlər, nəhayət, Azərbaycana təsir edəcək. Regionun özü ilə bağlı ciddi proseslər gedir. Ərəb inqilabları, “rus qışı” və sairə olmasa belə, regionun özü ilə bağlı ciddi proses gedir”.