“Yerlibazlıqdan danışmaq olmaz”

yerlibazliqdan-danismaq-olmaz-
Oxunma sayı: 732




Millət vəkili, Azərbaycan Kinqboksinq Federasiyasının prezidenti Adil Əliyev Qaynar.info-nun “Xalq soruşur” rubrikasının qonağı olub. Həmin materialı təqdim edirik:


(Hüseyn Mehdiyev): Niyə sizi mətbuatda az-az gorürük?

- Mətbuatda məncə kifayət qədər görünürəm. Bir var təşkil olunmuş şəkildə nüfuz qazanmaq üçün yeri gəldi-gəlmədi mətbuata çıxasan. Biri də var ki, həssas məsələlərə anında reaksiya verməklə mövqeyini ortaya qoyasan. Bu baxımdan mən ikinci xətti tutmağa üstünlük verirəm. Son günlər bir sıra məsələlər olub ki, buna reaksiya verməyə ehtiyac yaranıb və mən münasibətimi mətbuat vasitəsi ilə ictimaiətə çatdırmışam. Buna görə hesab edirəm ki, bundan sonra da vacib məsələlər olanda zamanında reaksiyamı görə biləcəksiniz.

Mətbuata çıxmaqda niyə maraqlı deyilsiniz?

- İkinci sualınız birinci sualın hardasa təkrarı kimi görünə bilər. Bu səbəbdən yalnız bunu deyə bilərəm ki, mənim mətbuata, söz azadlığına yanaşmam ortadadır və hesab edirəm ki, bu gün demokratik bir cəmiyyətdə söz azadlığına da xüsusi önəm vermək lazımdır. Bu səbəbdən də mənim mətbuata münasibətim yaxşıdır və mütəmadi olaraq mətbuatda da açıqlamalarla, müsahibələrlə çıxış edirəm.

(Orxan Əliyev): Adil bəy ötən parlament seçkilərində rəqibiniz İsa Qəmbər idi. Həqiqətənmi siz İsa Qəmbərə böyük hesabla qalib gəldiniz və qalib gəlməyinizdə ən çox nəyin təsiri oldu?

- Mən mübarizə aparanda şəffaf və dəyərlərimizə hörmətlə yanaşaraq mübarizə aparıram. Necə qalib gəlməyim məsələsinə toxunduqda isə tək bunu deyə bilərəm- seçkilərin yekun protokolları Mərkəzi Seçki Komissiyasında var. Gedib baxa bilərsiniz ki, qələbəni necə əldə etmişəm. Yəni bu rəqabətdə hansısa saxtakarlıqdan danışmaq mümkün deyil və zərrə qədər hansısa nöqsan olsaydı yəqin ki, qarşı tərəf bunu ən yüksək səviyyədə müzakirəyə və ya məhkəməyə çıxartmağa çalışardı. Amma bildiyiniz kimi bütün rəqiblərin qələbə qazanmağımı ya açıq şəkildə etiraf etdilər, ya da susmaqla. Ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də eyni mövqe nümayiş etdirdim və rəqiblərimə hörmətlə yanaşaraq açıq mübarizəyə girdim. Bilirsiniz seçicilərin ən çox sevdiyi, qəbul etdiyi prinsip budur ki, siyasi mövqeyini açıq şəkildə göstər. Mən isə bütün seçicilərlə görüşdə bildirirdim ki, hər zaman Ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətli olmuşam və bu gün Ali Baş komandanımız İlham Əliyevin əsgəriyəm.

(Arzu Qarayeva): 1. Deputat olmamışdan öncə hansı işlə məşğul olurdunuz?

- Mən millət vəkili seçkilərindən öncə uzun illər hüquq-mühafizə sistemində işləmişəm və yəqin ki, işlədiyim müddətdə ölkə qanunvericiliyinin qorunmasında üzərimə düşən vəzifələri ləyaqətlə icra etmişəm.

Adil bəy, BBC-nin Newsnight televerilişi Azərbaycandan Beynəlxalq Boks Təşkilatına (World Series Boxing (WSB)) milyonlarla dollar məxfi ödəmələrə dair dəlillərin olduğunu iddia edib. İdmana yaxın bir şəxs kimi sizin bu məsələyə münasibətiniz necədir?

- Arzu xanım, mən bu məsələyə geniş münasibət bildirmişdim. Amma yenədə müəyyən məqamlara aydınlıq gətirmək istəyirəm. Öncəliklə belə bir açıqlamanın verilməsi Azərbaycan idmanına bütövlükdə zərbə vurmaq cəhdidir. Ortada heç bir ciddi fakt yoxdur. Amma elə təqdim olunur ki, sanki artıq real faktlar ortadadır. Ən maraqlısı isə bilirsinizmi nədir?
Azərbaycan rəhbərliyinin yaratdığı imkanlara, Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun səylərinə görə possovet məkanında ilk dəfə Azərbaycanda boks üzrə dünya çempionatı baş tuturdu. İdman camiyyəsi bilir ki, bu çox ciddi bir məsələ idi. Buna görə də Azərbaycana qarşı bəzi qüvvələr böhtan atmağa çalışdıllar. Bu yarış öncəsi belə açıqlamalar olmasaydı bunu yenə təkrar edirəm Azərbaycan daha çox medal qazana bilərdi. Çünki bu açıqlama idmançılarımızda psixoloji bir gərginlikm yaratdı. Fikir verin yarışda qızıl medal alan idmançımız, Maqomedrəsul Məcidovun uğuru, təmiz qələbəsi haqqında az qala dünyanın bütün media qurumları yazılar dərc etdilər. Bu isə sübut edirdi ki, bizim boksçular qızıl medalı məhz mübarizə ilə əldə edir. Bunu da bildirmək istəyərdim ki, hörmətli Kəmaləddin Heydərovun federasiya prezidenti kimi gördüyü işlər Azərbaycan boksuna daha ciddi uğurlar da gətirəcək.

(Əfruz Əliyeva): Adil bəy, Nərimanov rayonunda Xutor qəsəbəsindən vətəndaşlar məcburi köhnə erməni qəbirstanlığına köçürülüblər. Şəraitsiz, avtobus-marşrut işləmir, qazsız, susuz, sənədsiz, uşaqlar kəllə sümükləri ilə oynayir. Millət vəkili kimi nə tədbirlər görə bilərsiniz?

- Nəzərinizə çatdırım ki, son illər Bakı demək olar ki, hər gün böyüyür, hər gün yeni qəsəbələr salınır. 5 il öncəki Bakı ilə bu günkü Bakı arasındakı fərqi görmək çətin deyil. Hər gün yeniləşmə olursa sözsüz ki, müəyyən problemlərdə ortaya çıxır. Qazlaşdırma, yol çəkilişlərinin təmini, su təminatı kimi məsələlərin həlli bu gün dövlətimizin ciddi şəkildə məşğul olduğu işlərdir və inanın ki, çox qısa zamanda Bakıda bu cür problemlər qalmayacaq. Bir millət vəkili olaraq mən hər zaman seçicilərin rastlaşdığı problemləri əlaqədər təşkilatların qarşısında qaldırır və nəticələrlə maraqlanıram. Hesab edirəm ki, bu cür problemlər müvəqqəti yaranmış problemlər ola bilər və tezliklə həllini tapacaq. Mənim seçicilərimlə münasibətlərim isə çox səmimi bir müstəvidədir.

(Rəşadət): Adil müəllim, siz hakimiyyətə, prezidentə bağlı adam kimi tanınırsınız. Dəfələrlə də bu mövqeyinizi göstəribsiniz. Amma elə deputatlar var ki, çətin məqamlarda yoxa çıxır, münasibət bildirmirlər. Buna münasibətiniz?

- Bilirsiniz bu gün Azərbaycan dövləti elə gücdədir, prezidentimiz İlham Əliyev elə bir genişmiqyaslı siyasi xətt yürüdür ki, burda hansısa deputatın susub və ya danışmasının elə bir önəmi qalmır. Azərbaycan bu gün düşünülmüş, fəlsəfi əsasları olan dövlətə çevrilib və hansısa şəxsin susması bu dövlətçiliyimizə xələl gətirə bilməz. Sualınıza gəldikdə mən əslində belə halla rastlaşmamışam və bunu da deyim ki, bu gün parlamentdə müxalifətçi millət vəkilləri də, bitərəflər də var. Yəni parlament yalnız hakim partiyadan formalaşmayıb və müxalifətin və ya hansısa bitərəf millət vəkilinin məsələyə başqa cür yanaşması normal haldır. Hamı eyni fikirdə ola bilməz. Amma bu faktdır ki, parlamentin böyük əksəriyyəti Azərbaycan hakimiyyətinin, cənab prezidentin həyata keçirtdiyi siyasətdən tam razıdır və bunu açıq şəkildə bəyan edirlər.

(Rövşən): Adil bəy, vaxtı ilə mustəqilliyin əleyhinə səs vermiş insanların hazırda yüksək postlar tutması sizcə nə qədər ədalətlidir?

- Məsələyə belə yanaşma doğru deyil. Azərbaycan müstəqilliyini qazanıb və bu gün şərəflə bu müstəqillik qorunur. Həmin vaxtkı siyasi durumla indiki zamandakı siyasi durum tam fərqlidir. Ola bilsin kimlərsə həmin vaxt tamam başqa bir siysi xətt yürütməyin tərəfdarı olub, ola bilsin kimlərsə siyasi uzaqgörənlik nümayiş etdirə bilməyiblər. Amma sonrakı mərhələlərdə bu şəxslərin böyük əksəriyyəti müstəqilliyimizin möhkəmlənməsi üçün əlindən gələni edib. Hesab edirəm ki, kadr təyinatı zamanı həmin şəxsin keçmişdə hansısa siyasi yanlışlığa və ya anlaşılmamazlığa yol verdiyinə yox, həmin şəxsin peşəkar kadr olmasına üstünlük verilməlidir və verilir də.

(Anar Gəraylı): 1. Prezident İlham Əliyev “Əl-Cəzirə”yə verdiyi müsahibədə biz Sovetlər Birliyinin süqutu nəticəsində müstəqilliyə nail olduq. Adil Əliyev necə düşünür, Azərbaycanda xalq hərəkatı olub, yoxsa sadəcə SSRİ çökdü deyə, avtomatik müsatəqil olduq? Əgər birinci variandırsa, 1988-1991-ci illərdə Azərbaycanda yaşanan xalq oyanışı nə idi?

- Suala birtərəfli yanaşmaq istəməzdim və bir sual vermək istiyərdim. Sovetlər Birliyi yalnız Azərbaycanda xalq hərəkatının olmasınamı görə çökdü? Sözsüz ki, yox. Sovetlər birliyi böyük bir imperiya idi və imperiyanın çökməsi nəticəsində imperiyanın əsarətində olan xalqlarda ayağa qalxdı. Cənab prezidentin dediyi bu fikirdə təsdiq edir ki, həqiqətən də SSRİ-in çökməsi xalqların müstəqillik qazanmasına imkan verdi. Fikir verin həmin illərdə Vilnusda, Tbilisidə və Bakıda qan töküldü. Onda hansı məntiqi çıxartmaq olar , digər dövlətlərin müstəqillik əldə etməsi bizdəki hərəkatla bağlı idi? Sözsüz ki, yox və bu çox qlobal bir parçalanma prosesi idi. Azərbaycana gəldikdə isə biz o zamanda bu gündə müstəqilliyimiz üçün ayaq üstəyik.

(Ceyhun Musaoğlu): Niyə Azərbaycanın indiki hakimiyyətində təmsil olunan məmurlar arasında həmişə gizlin və aşkar intriqa yaşanır? Əgər yaşanmırsa, niyə mətbuatda əvvəli məmur olan adamın səfir göndərilməsinin qarşılığında “sürgünə göndərildi” kimi rəy formalaşıb?

-Məsələyə gəlin bir az səmimi yanaşaq. Bax on ildir deyilir ki, hakimiyyət daxilində parçalanmalar var və intriqalar var. Amma gördüyünüz kimi on il ərzində mövcud hakimiyyət yerindədir və hər gün daha da güclənir. Aydın olan budur ki, mövcud komanda Ali baş komandanımız İlham Əliyevin əmr və sərancamlarını yerinə yetirir və heç bir problem yoxdur. Bəli, ola bilər hansısa məmur fəaliyyətində nöqsanlara yol verir, düzgün fəaliyyət göstərə bilmir. Amma bu o demək deyil ki, bu gün komanda yoxdur. Korrupsiyaya qarşı mübarizədə nələri görürük? Elə məmurlar ortaya çıxır ki, onun üçün şəxsi maraqlar dövləti maraqlardan üstün olur. Belə hallar isə dünyanın hər yerində olur. Çox təssüflər ki, bizdə Azərbaycanda bu məsələlərə bir az çayxanalar səviyyəsində yanaşırlar.

(Azər Niftiyev): Adil bəy, bir müddət polis orqanlarında rəhbər vəzifələrdə çalışmısınız. Sabiq polis zabiti olaraq Azərbaycan polisinin bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Hər bir sahədə olduğu kimi bu sahədə də hansısa qüsurlar ola bilər. Amma Azərbaycan polisinin vəzifəsi dövlətin keçiyində durmaq və qanunvericiliyin qorunmasıdır. İnanıram ki, Azərbaycan polisi bunun öhdəsindən gələ bilir.

(Nəzərbəy Hacıağayev): Adil bəy, sizcə xarici qüvvələrdən aldığı qrantın hesabına dolanan müxalifətimiz müstəqliymiz ücün təhlükəli sayıla bilər?

- Bilirsiniz o qüvvə təhlükə ola bilər ki, ciddi sosial bazaya sahib olsun, ideoloji prinsiplərə sahib olsun və ən əsası cəmiyyətin dəstəyini qazana bilsin. Bu gün Azərbaycan müxalifətində bunlar varmı? Sözsüz ki, yox. Deməli bu qüvvələr bir dövlətin müstəqilliyinə heç bir şəkildə təsir göstərə bilməz. Sadəcə olaraq belə qüvvələrdən hansısa beynəlxalq təşkilatlar istifadə etməyə çalışır və bunu illərdi ki, görürük. Amma bu gün cəmiyyət president İlham Əliyevin siyasətini dəstəkləyir və belə qrantlar heç bir effekt verə bilməz. Hansısa beynəlxalq təşkilatın verdiyi 5-10 manat pulla nə dövlət yıxmaq olmaz, nə də dövlət qurmaq olmaz. Azərbaycan bu gün o mərhələləri çoxdan keçib.

(Əbülfəz Əliyev): Adil bəy siz bu günkü parlament üzvlərinin işini necə qiymətləndirirsiz ?

- Hesab edirəm ki, bu gün parlament daha peşəkarlaşıb və indi daha real nəticələri görmək mümkündür. Öncələr parlamentdə komitələrin fəaliyyəti o qədərdə aktiv olmurdu. İndi isə demək olar ki, komitələr hər gün fəaliyyətdədir və qanunvericilik bazanın daha da mükəmməlləşməsi prosesi davam edir.

(Abas Nağıyev): Sizcə bu gün bizim parlamentdə yerlibazlıq hiss olunur?

- Zərrə qədərdə olsa belə bir hal yoxdur. Ümumiyyətlə yerlibazlıq hissləri 1992-93-cü ildən sonra sıradan çıxmağa başlayıb və hazırda nə icraedici strukturlarda, nə də parlamentdə yerlibazlıqdan danışmaq olmaz.

(Ağayar Əliyev): Adil muəllim, Dağlıq Qarabağ munaqişəsinin hazırkı durmunu necə dəyərləndirirsiniz?

- Müstəqilliyimizin 20 illiyində və sonra bir sıra görüşlərdə çıxış edən cənab president çox konkret şəkildə Azərbaycanın şərtlərini səsləndirib. Azərbaycanın ərazi bütövlüyü pozulamamaq şərti ilə danışıqlar aparıla bilər. Azərbaycan xalqı tam əmin olmalıdır ki, bu gün cənab İlham Əliyev Azərbaycanın maraqlarını bütün siyasi qüvvələrdən daha yaxşı görür və qoruyur. Buna görə inanıram ki, Azərbaycan öz istəyinə nail olacaq. Bu gün Azərbaycan ordusunun inkişafı, hərbi sənayenin inkişafı sübut edir ki, Azərbaycan istənilən yolla problemin həll olunması gücündədir. Bu gücü Ali Baş komandanın əmri səslənəndə görəcəyik.