Yol açıldı

yol-acildi
Oxunma sayı: 673

Ağsu rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İqbal Mikayılov Trend-ə bildirib ki, Baş nazirin müavini Abid Şərifov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov sürüşmə zonasına gəliblər.

Onlar Ağsu aşırımına baxış keçiriblər. Yolun minik avtomobilləri üçün tam açılması barədə qərar verilib və yol açılıb.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Bununla əlaqədar olaraq İsmayıllı-Ağsu aşırımı yolunda martın 26-dan nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, yol tamamilə bağlanıb.

Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilib və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür. Bu isə yolu 100 kilometr uzadıb.