Yol “terror”unda günahkar kimdir?

yol-terrorunda-gunahkar-kimdir
Oxunma sayı: 657

Sorğuda iştirak edənlərin əksəriyyəti günahı Dövlət Yol Polisində və Nəqliyyat Nazirliyində gördüklərini iddia etmişlər.

Sorğunun nəticələrinin açıqlanmasından sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalov rəhbərlik etdiyi qurumun əməkdaşları ilə birlikdə saytın rəhbərini qəbul edərək bu məsələni geniş müzakirə etmişdir. Bu təqdirəlayiq hadisədir.

Mən Ramiz müəllimin mətbuatdakı fikirlərini bölüşməklə bərabər həm sürücü, həm də vətəndaş olaraq hamımızı çox narahat edən bu məsələni geniş və lakin obyektiv müzakirəyə çıxarılmasını istərdim.

Hər gün avtoqəza, hər gün ölüm!

Artıq qulaqlarımız belə məlumatları eşitməyə öyrəşib və baş verən bu cür hadisələr insanlar üçün adiləşmək üzrədir. Amma bu qəzalarda ölənlərin və yaralananların doğmalarının, yaxınlarının keçirdiyi hisslərə, stress və əzablara adi yanaşmaq olmaz və törədilən bu “terror”ların qarşısının alınması yolları araşdırılmalıdır.

Biz isə qayda-qanuna riayət etməyi özümüzdən başlamaq əvəzinə kənarda günahkar axtarmaqla məşğuluq.

Günahkarı başqa yerdə axtarmaq lazım deyil, günahkar elə biz özümüzük.

Şəhərdə tıxacların yaranmasından tutmuş, qəzaların baş verməsinə qadər bütün günahlar birbaşa insan faktoru olan sürücülərin və bəzən də piyadaların özü ilə bağlıdır.

Təbii ki, mən yollarda təmir-tikinti işlərinin aparılması zamanı plansız və ləng işlərin görülməsini, bu işlər zamanı nəqliyyatın normal hərəkəti üçün tövsiyə edilən əlavə yolların çala-çüxür, keçilməz olmasını, avtomobillərin bu “əsarət”dən qurtulmaq üçün addım-addım irəliləməsini və nəticədə tıxacların yaranmasını görür və müvafiq qurumların bu hərəkətini pisləyirəm.

Mən, bəzən işıqforların pis işləməsini, maşınların hərəkət çoxluğunu nəzərə almadan tez və ya gec yanıb sönməsinin şahidi olur, bununla bağlı cavabdeh qurumları tənqid edir, onlara bu məsələ ilə bağlı rəsmi müraciətlər edirəm.

Mən, sərnişinlərə qarşı qeyri-etik davranış nümayiş etdirən, yol-hərəkəti qaydalarını açıq-aydın pozan, bəzən DYP əməkdaşlarına və təhlükəsizlik kameralarına əhəmiyyət verməyərək sərnişinlərinin və piyadaların həyatını, həmçinin digər nəqliyyat vasitələrini təhlükədə qoyan avtobus sürücülərini daha çox tənqid edir və bəzən də onları lənətləyirəm.

Hətta həmin sürücülərlə DYP əməkdaşlarının belə bacara bilmədiklərini, hər bir avtobus və ya marşrutun arxasında vəzifəli və imkanlı şəxsin durduğunu, həmin sürücülərə heç kimdən və heç nədən qorxmamaq əmri verildiyi barədə məlumatları alarkən onların nə üçün cəzasız qaldıqlarına cavab tapa bilmirəm.

Həmin sahibkar işbazlar avtobus sürücülərini səhər saat 5:00 və ya 6:00 radələrindən başlayaraq, gecə 12:00-dək işlədir və bununla da əmək qanunvericiliyini pozmaqla yanaşı, yorğun sürücülər tərəfindən sükanın başqa şəxslərə verilməsinə, sürücünün yuxulayaraq qəza törətməsinə şərait yaratmış olurlar. Biz bu cür qəzaların hər gün şahidi oluruq.

Belə sürücülərə nəzarət gücləndirilməli, həm sürücülər, həm də marşrut və avtobus sahibləri ciddi cəzalandırılmalıdır.

Milli Məclis tərəfindən bu cür sürücülərin və nəqliyyat sahibi olan hüquqi şəxslərin cəzalandırılması üçün qanunlara əlavə və dəyişikliklər edilsə də, bu istiqamətdə demək olar ki, yenə də heç nə dəyişməyib. Niyə? Günahkar kimdir? Yol polisimi?

Əgər valideyn övladının avtomobilində əcaib səslər çıxaran səs siqnalını, maşının qabaq hissəsinin yuxarı qaldırıldığını, maşında 6-8 ədəd səs gücləndiricisinin qoyulduğunu, şüşələrin qara “plyonka” ilə örtüldüyünü görüb bununla fəxr edirsə günahkar elə valideyn özüdür və burada günahkar axtarmaq lazım deyil.

Avtobus sürücüləri yol-hərəkət qaydalarını bilərəkdən pozursa və qəza törədirsə, burada günahkar dövlət qurumları deyil, bizlərdən biri olan sürücüdür.

Əgər Azərbaycanda sürücülük mədəniyyəti olduqca aşağıdırsa, biz günahı niyə özümüzdə axtarmayaq ki?

Mən millət vəkili olaraq seçildiyim İmişli-Beyləqan rayonlarına və digər rayonlara səfərlər edərkən hər dəfə yollarda sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulmasının şahidi olur, dəfələrlə avtomobilim və həyatım üçün təhlükəli vəziyyətlə üzləşirəm.

Əgər magistral yollarda sürücülər ötmə əməliyyatına düzgün əməl etməyərək yolun əks istiqamətinə çıxaraq olduqca təhlükəli şərait yaradırsa, özünü, sərnişinlərini, qarşı avtomobildəkilərin həyatını təhlükəli vəziyyətə qoyursa günahkarı kənarda axtarmaq lazım deyil.

Əgər sürücü avtomobili idarə edə-edə kiməsə sms yazırsa, telefonda kiminsə nömrəsini axtarırsa və qəza törədirsə günahkar elə sürücülərdir.

Bəlkə bu “terror”ların qarşısının alınması üçün yolun hər 1 kilometrinə bir polis əməkdaşı qoyulmalıdır?!

Bəs onda nə üçün tıxaclar zamanı gözlərimiz DYP əməkdaşlarını axtarır? Onlar həm tıxaclar zamanı, həm də tıxacdan əvvəl yolları nizamlamasalar şəhərdəki vəziyyəti təsəvvür etmək mümkün olmaz.

Bəs tıxacları kim yaradır? Daha çox yolun əks istiqamətinə çıxaraq hər iki istiqamətə gediş-gəlişi bağlayan sürücülər yoxsa yol polisi?

Yol hərəkəti qaydalarını kobud surətdə pozan avtobusları saxlayaraq cərimə meydançasına aparmaq istəyən DYP əməkdaşlarına sərnişinlərin “hücumu”nu bəlkə görməmişik?

Niyə bizlər öz həyatımızın təhlükəsizliyinə belə laqeydik?

Niyə sərnişinlər qayda pozan sürücüləri nizam-intizama dəvət etmirlər?

Niyə vətəndaşlar tıxac yaradan sürücülərin cəzalandırılmasına biganə yanaşır, onların idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanını polisə zəng vuraraq məlumat vermirlər?

Çünki ictimai qınaq, ictimai etiraz yoxdur!

Digər daha bir ciddi məsələ isə vətəndaşlarımızın təhlükəsizliyinə qənim kəsilən “avtoş”lardır. Çox təəssüf ki, “avtoş”ların hərəkətlərinə haqq qazandıran, DYP əməkdaşlarına etirazlarını bildirən insanlar da vardır.

Mən “avtoş”lar barədə öz mövqeyimi Milli Məclisdə çıxışım zamanı bildirmiş, “avtoş”ların hərəkətlərinin inzibati qaydada cəzalandırılmasını deyil, cinayət məsuliyyətinə cəlb olunmasını təklif etmişəm. Çünki onların hərəkətləri xuliqanlıq hərəkətidir, cəmiyyətə açıq hörmətsizlikdir və bu cinayət məsuliyyəti yaradır.

Son olaraq qeyd etmək istəyirəm ki, bu gün ölkədə avtoqəzaların, yol “terror”u qurbanlarının sayının artmasında hamının günahı var. Ən böyük günah isə sürücülərdə, həm də onlara etiraz əlaməti olaraq qayda-qanuna əməl etmələrini tələb etməyən elə biz vətəndaşlardadır!

Belə hesab edirəm ki, bu cür halların yaranmasına səbəb olan şəraitin aradan qaldırılması üçün qanunlar daha da sərtləşdirilməli və heç kimə güzəşt edilməməlidir.