Yolçu yolda gərək

yolcu-yolda-gerek
Oxunma sayı: 662

Biz əslində bunu çoxdan bilirik, dəfələrlə yazmışıq da. Ancaq görünür bizim yolların niyə bahalı olmasını qədirbilməz millətimizə yenidən anlatmağa ehtiyac vardır. Guya yol çəkilişində korrupsiyaya yol verildiyi, dövlət büdcəsindən ayrılan hər manatın minimum 80 qəpiyinin hakimiyyət tərəfindən oğurlanması, nə bilim, bu pulların ofşor hesablara yatırılması və ya Ziya Məmmədovun oğlunun cibinə girməsi söhbətləri yalandır. Müxalifətin, bəzi yaramaz jurnalistlərin çirkin iftiraları, uydurmalardır, düşmən dəyirmanına su tökən o mənfurlara burdan nifrətimizi bildiririk və Zəngilan rayon ictimaiyyəti adından Suriyada qırğınların dayandırılmasını tələb edirik. (Bu arada müəllif eşiyə çıxıb AzTV-yə intervü verib qayıtdı, siz də gedin su için - Z.H.)

Davam edək. Bizim yollar niyə dünyanın bütün yollarından bahalıdır? Çünki dünyanın bütün yollarından fərqli olaraq bu yollar Romaya aparmır, Romadan gətirir. Məsələn, bir pensiyaçı dostum keçən ay getdi Romadan ayaqqabı aldı, gəldi. Qarabağ qazisi tanıyıram, nahar eləməyə Panamaya gedir. Nə isə, mövzudan uzaqlaşmayaq, çoxlarını yolda qoydu, ömürdən uzun oldu yollar... Yollar, a yollar...

Deməli, söhbət ondadır ki, Azərbaycan yolları başqa dünya yollarından baha tikilməlidir, çəkilməlidir, lazım gəlsə sökülməlidir və yenidən tikilməlidir. Səbəb budur: onlar Azərbaycanın yollarıdır!!! Şair necə söyləmişdi? “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər”! Bəli! Ətağa! Yaşasın! Müstəqilliyimiz əbədidir!
İndi şair Azərbaycan deyiləndə ayağa durmağı məsləhət bilirsə, bunun yolları nə üçün ucuz olmalıdır? İzah edə bilərsənmi, ay müxalifət? Get, qələtini elə. Səni bu saat vuraram! Ay uşaq, ordan polis çağır...
Məsəl üçün, amerikalı Arizona ştatında kilometri 6 milyon dollara çəkilən yolla hara gedib çıxa bilər? Uzağı it ulayan boz dərələrə. Ancaq biz Bakıda metri milyon dollarlıq, adama “sən getmə, özüm gedərəm” deyən yola girir, bir də baxır ki, gedib çıxıb, yenə məsəl üçün, Sumqayıta. Bəh-bəh... Baxır görür icra hakimi 150 metr uzunluğunda paxlava bişirib, camaat daraşıb yeməyə, bir diş də bu vurur, üz qoyur getməyə.
Dərələrdən sel kimi, təpələrdən yel kimi, gəlir çıxır Qubaya. Görür, ayə, burda icra hakimi villasının ağzını açıb, camaat qiymətdə ağır, vəzndə yüngül nə varsa daşıyıb aparır, hələ villanı yandırıb üstündən hoppanırlar, baxmayaraq ki, Novruz bayramı deyildir. Sən demə, bizim icra hakimlərində adətdir, hər il 1 gün villalarını tərk edirlər, camaat gəlir yağmalayır. Qədim Oğuz elinin adətini yaşadırmışlar. Yeri gəlmişkən, qabağından qara pişik keçəndə gərək sol çiyninin üstündən geri tüpürəsən. Bunu da yazdım maariflənəsiniz. Özümüzlə aparası deyilik, biz xalqımızı sevirik.

Hə, harda qalmışdıq? Heç harda! Axı biz Azərbaycanda gedirik! Burda yola çıxdınsa, heç harda qala bilmirsən, yol elə gözəldir, deyirsən elə ömrümün axırına qədər gedim. Düzü, bizim yollarda ölmək də mümkün deyil, çünki hər xəstəliyin dərmanı yollarımızdadır. Böyrək daşı desən - düşür, öd kisəsi deyirsən - təmizlənir. Vaxtilə Sabirabad yollarında camaat pulsuz aorta-koronar şuntlama olunurdu. Beyləqan-Ağcabədi yolunun prostat xərçənginin müalicəsində əvəzsiz olması tibb elmində sübuta yetirilmişdir. Dünən Hövsan yolunda bir ağsaqqal gördüm, dedim, dədə, neçə yaşın var, söylədi 600, özüm də soğan almağa gedirəm. Hətta bir ara xəstəxanalarımızı bağlamaq, Səhiyyə Nazirliyini ləğv eləmək təklifi vardı, ancaq nəzərə aldıq ki, hələ Binəqədidə bəzi yollar təmirdədir, ola bilsin xəstələrin yola çıxmağa imkanı yoxdur.

Hələ sən de görüm, dünyanın harasında yolun qırağına “Yaxşı yol!” yazırlar? Biz bilirik nə yazırıq. Yol yaxşı olmasa kim elə qələt edər?

musavat.com