Yuxarıda yaşayan kişi adam

yuxarida-yasayan-kisi-adam
Oxunma sayı: 678

Görəsən sağlığında (çox vaxt ölümündən sonra da) dəyərini bilmədiyimiz milli xəzinələr barədə yazmaq üçün mütləq onunla bağlı hansısa bir günümü gözləməliyik?
Sabir Əhmədli dünyasını dəyişəndən sonra, gənclər onunla bağlı çox yazdılar, çox danışdılar. Ol zamanlar mən də isti başla nəsə yazmağa çalışdım. Di gəl, əlim qələm tutmadı. İstəyirəm indi böyük yazıçımızı birlikdə xatırlayaq.
Onunla tanışlığımızın qəribə bir tarixçəsi var. Təxminən 7-8 il bundan əvvəlin yayı idi. Şərif Ağayarla birlikdə “Yasamal” tərəfdə gəzişirdik, Sabir Əhmədli haqqında söhbət düşdü. Şərifin həmin gün dediyi fikirləri indi də çox maraqlı tapıntı hesab edirəm:
-Sabir müəllimin əsərlərinin adı böyük bir enerjidən xəbər verir- “Yamacda Nişanə”, “Axirət Sevdası”, “Ömür Urası”, “Dünyanın Arşını”... Bu əsərlərin adını eşitmək yetər ki, müəllifi düşündürən işlərin ciddi mətləblər olmasını duyasan!
Həmin gün qərara gəldik :
- Gedək ustadı ziyarətə!
Şərif yaddaşını qurdalayıb bloku tapsa da, evin neçənci mərtəbədə olduğunu dəqiq bilmirdi. Birinci mərtəbədən qapıları döyə-döyə yuxarı qalxırdıq.
– ...Tak-tak-tak...
– Kimdir?
– Öhö-öhö... Bağışlayın, Sabir müəllimin evi buradır?
– Sabir müəllim yuxarıda yaşayır.
Elə beləcə də deyirdilər: “Yuxarıda yaşayır”.
Bu minvalla bir neçə mərtəbədə bizə – “dünənin colma-cocuğ”una başa saldılar ki, Sabir Əhmədli YUXARIDA YAŞAYIR.
Mərtəbələri qalxa-qalxa gəlib tapdıq Sabir müəllimin evini.
– Kimdir?
– Şərifdi. Ağayar.
– Kim?
– Şərif Ağayar, gənc yazar.
Şarakkk... Qapı açıldı.
Elə qapının ağzındaca, ayaqqabılarımızı çıxara-çıxara Şərif yazıçımızla çoxdankı tanışlığı təzələdi. Axı, bir il əvvəl keçirilmiş “Proza N” müsabiqəsində Sabir müəllim Şərifin hekayələrini çox yüksək qiymətləndirmişdi, həmin qiymətlərin hesabına dostumuz birinci yerə layiq görülmüşdü.
Sabir müəllim yazıları xatırlayıb xeyli xoş sözlər dedi. Həmin günü bir xeyli söhbət elədik onunla. Ədəbiyyatdan, ədəbi mühitdə gedən nəsil savaşından, gənc yazarların yazdıqlarından.
Mən ilk dəfə bir yaşlı yazıçının cavanlar haqqında belə səmimi danışdığını görürdüm. Sonralar onun “Yamacda Nişanə” povestini oxuyub, Laçın obrazı ilə tanış olanda bildim ki, onda gəncliyə qarşı qəribə bir sevgi, bizim ideallarımıza hörmət var. Və ən əsası odur ki, bütün bunlar çox səmimidir. O, bizim hamımıza birər Laçın kimi (çoxumuz bu ada layiq olmasaq da) baxırdı. Məni ən çox təəccübləndirən Sabir müəllimin evində detektiv romançı Çingiz Abdullayevin kitablarının olması idi. Bu ona bənzəyir ki, adam Demis Rusosun evində Elariz Məmmədoğlunun diskini görür. Axşam ayrılanda ikimizdə Sabir müəllimin əlindən öpdük.
Böyük yazıçımızla ikinci görüşüm də indiki kimi yadımdadır. Həmid Herisçinin “Dəli Kür” romanının təqdimetmə günü idi. Getdik, maşınla götürdük evindən. Yolda xeyli söhbətləşdik. Cavanlardan danışdı. Yazılan əsərləri təriflədi. Onu tez-tez yad etdiyinə görə Həmidə minnətdarlıq elədi. Həmid isə həmişəki kimi barmaqları ilə saçını geriyə darayıb, nazik səslə, Bakı ləhcəsində cavab verdi:
– Borcumuzdiii...
Sabir müəllim təqdimat keçiriləsi zala girəndə hamının üzünə kədərli bir təbəssüm qondu. Kimsə dedi: “Kişi qocalıb”.
Həmin tədbirdə də yenə gənclərə sevgi dolu bir çıxış elədi Sabir müəllim.
Onun ölüm xəbərini Sabir heykəli ilə üzbəüz “Monolit” yeməkxanasında eşitdim. Qonşu stolda oturan bir yazıçı dostumuz masamıza yaxınlaşıb bu xəbəri verəndə Şəriflə bir-birimizə baxdıq.
– Əşi, təki biz də belə kişi kimi ömür yaşayaq. Ən yaxşı nasir olasan, oğlunu bu torpağa qurban verəsən, cavanların mənəvi atası olasan, kişi kimi də öləsən...” – Şərif dilləndi.
– Həəə, əlbəttə...
Bunu də mən dedim.
Təxminən on-on beş dəqiqə bir-birimizə belə təsəlliverici sözlər dedik.
Bir də onda ayıldıq ki, ikimizin də gözlərindən yaş axır.
Bu göz yaşları ilə Sabir müəllimə onu unutmayacağımıza söz verirdik.
Biz sizi unutmamışıq, Sabir müəllim!
Siz yazdıqlarınızda da, bizim yaddaşımızda da KİŞİ ADAMSINIZ! Və yenə də YUXARIDA YAŞAYIRSINIZ!...