Yuxuda olan nazirliyimiz

yuxuda-olan-nazirliyimiz-
Oxunma sayı: 657

Az qala Xankəndini Ermənistanın paytaxtı elan edən bu alçaqlar nüfuzlu qonaqlarını burada qəbul edəcəklər? İndi də Hollandiya telekanalının nümayəndələrini “bişirib” Xankəndinə gətiriblər. BNN kanalı əməkdaşlarına Şuşada kabab yedizdirib, boyunlarına torpaqlarımız haqqında film çəkməyi qoyublar. Filmin çəkilişləri artıq başlayıb və bu xarici kanalın “Channel 3 travel” adlı nüfuzlu verilişinin bir hissəsi olacaq. Bu verilişin əsas məqsədi turizm sahəsindəki yenilikləri işıqlandırmaqdır. Adı bizim olan, amma hələ də erməninin dadına baxdığı Qarabağımızdan danışacaqlar. Erməni bir az da sevinəcək, biz baxacağıq. Bu da həyata keçən bir erməni kələyi.

Hazırda Qarabağı öz ərazisi kimi sevdirən ermənilər öz ciblərindəki pulundan keçib press-turlar təşkil etməkdə davam edirlər. Xarici jurnalistlərin qılığına girib Qarabağa gətirirlər. İndi də gözümüz aydın olsun, artıq onlar qonaqlarını Xankəndi aeroportunda qarşılayacaqlar.

Baxın, bu qədər məlumatlara heç bizimkilərin xırda bir reaksiyasını görürsüz? Söhbət rəsmi, sözünü keçirə bilən şəxslərdən gedir. Bizimki ancaq xeyirinə söz deyən elə özümüzkünə bağırmağı, istəsə lap söyməyi bacarır. Hardadır Mədəniyyət və Turizm Nazirliyi? Qeyd etdiyim məsələyə niyə reaksiya vermirlər? Niyə erməniyə havadarlıq edənlər araşdırılmır? Heç bəlkə də xəbər tutanı və ya gətirəni yoxdur? Yaxşı biz jurnalistlər ki, sizə dəfələrlə belə xəbərlərdən ağah edirik.

Niyə bəs izn verirsiz vaxtiylə Xankəndində atlanıb-düşən Filipin Bakıya gəlməsinə? Nə soruşuruq, “xəbərimiz yoxdur” deyirlər. Bəs nəyi bilirsiz? Musiqimiz əldən gedir, bağıran, zarıyana “kəs səsini” deyən yoxdur, kinomuz elə yıxılıb ki, dura bilmir...

İmkanınız olsa Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına baxın.

Ay Nazirliyimiz, bizə veb-səhifənizdə kiminsə ad gününü təbrik etməyiniz lazım deyil axı. Bu sizin sevimli əməkdaşınız olsa belə. Bizə o əməkdaşınızın işi, əməli lazımdır. Bu gözəgirən işi, əməli də ki, hələlik görmürük. Bizə vacib, qalibiyyətli xəbərlər lazımdır. Heç olmazsa erməni kimisinin yalan-doğru məlumatını oxuyandan sonra sizə güvənib saytı açaq.

Yaxud da, işğal olunmuş ərazilərdəki tarixi məkanlar haqqındakı məlumata biz niyə düzəliş etməliyik? Məlumatların altında “səhv varsa, düzəliş edin” yazıb, yol göstərirsiz. Qeydlərinizə erməni qanından olan biri( həmin birisi azərbaycanlı adını daşıya da bilər) düzəliş etsə bəs?

Bizim işimiz çox qəribədir? Mədəniyyətli vətəndaş olursan və ya olmağa çalışırsan adama xor baxırlar. Birlik olmağa çağırırsan, onda da heç birisi kimi olmağa çürət etmirlər. Bu boyda nazirlik qurulub, saysız əməkdaşı var, çoxu yatır. Ermənilər əvvəllər zəbt etdikləri yerdə bizim mədəniyyətimizi dağıdırdı, indi ağlı başına gəlib. Dayanıb, onları özününki kimi qələmə verir. Yeməyimizi, mətbəximizi, musiqimizi, tariximizi hər yerdə bacardığı qədər öz adına yazdırmağa can atır. Istəyinə çatır da, çünki bilir ki, onun bu əməllərinə “dayan bir” deyən olmayacaq. Çünki bizim Nazirliyimiz yatır, özünü işgörən kimi aparsa belə, düşmənlə “mənimkidir” savaşına girməyə həvəsi yoxdur. Şirin yuxular..