Zakirin xəstəliyi

zakirin-xesteliyi
Oxunma sayı: 681

Qəribə qürur keçdi içimdən, sevindim və elə bu ovqatla da soruşdum:
- Müəllifini tanıyırsınız?
- Şəxsən yox, yalnız imzasını tanıyırıq: Zakir Sadatlı!

***

Insan xislətidir - hər gün gördüyün, danışdığın, dərdləşdiyin yaxının, doğmanın dəyərini yalnız onu itirmək qorxusu yarananda hiss eləyirsən. Nə qədər ki, bu qorxu yoxdur, ona olan münasibətini ifadə etmək heç ağlının ucundan da keçmir.

Zakir Sadatlı xəstələnib, ona görə dostlarla yığışanda aylardır ki, sözümüzün başı da, ayağı da Zakirdir. Ancaq səhhətinin ona münasibətimizə bir damla qədər də dəxli yoxdur - Zakir nadir adamlardandır ki, onun qədrini hər zaman bilmişik.

Çünki onun əvvəlcə sözünü, sonra özünü tanımışıq və özünün də sözü boyda olması Zakiri əzizimizə çevirib.

***

Düz 15 il əvvəlin söhbətidir. Ustad Məmməd Nazimoğlu (yeri cənnət olsun) məni çağırıb bir yazı verdi: “AzTV-də işləyən bir jurnalist göndərib bunu, bizdə çap olumasını istəyir. Bir-iki cümləsini oxudum, ədəbi esseyə oxşayır - tam sənlikdir, bax buna. Həcmi çoxdur, lap çox - üç-dörd qəzet səhifəsi qədər. Gör, babatdırsa, redaktə elə, bir səhifəlik normal mətn düzəlt, çap edək. Məsləhət deyilsə, burax başını”.

Təəccüblə, “AzTV-dən?”, - deyə soruşub, üz-gözümü elə turşutdum ki, Məmməd müəllim qarnı atıla-atıla xeyli güldü (O vaxt hələ bilmirdim ki, bu məzmunsuz kanalda mənasız süjetlərlə ömrünü insafsızca məhv eləyən çox istedadlar var). Amma etiraz eləmədi, yalnız, “əvvəlcə bax, sonra danışarıq”dan başqa.

...Yazı o qədər xoşuma gəlmişdi ki, sözlə ifadə edə bilmirdim. Tarixi tapıntıları bir reportajın, səfər qeydlərinin içində bu qədər ustalıqla və obrazlı şəkildə necə vermək olardı! Müəllif sözdən elə mükəmməl şəbəkə düzəltmişdi ki, nəinki cümlə, bircə sözü çıxarsaydın, mənzərə büsbütün dağıla bilərdi.

Bir saatdan sonra Məmməd müəllimin yanındaydım:
- Iki xahişim var: yazıdan bir hərfi də çıxarmaq olmaz, onu tam halda çap edin; ikinci, müəllifi çağırın, tanış olaq.
- Birinci xahişin baş üstə - sabahdan çap edirik, nöqtə-vergülünə dəymədən. Amma ikincini eləyə bilmərəm - çünki müəllifi tanımıram.

Imzaya bir də baxdım və dostlara xəbər göndərdim: Zakir Sadatlını kim tanıyır?
Bu işıqlı söz adamını, istedadlı şairi “tapmağım” asan olmadı...

***

Zakir Sadatlı həyatda nə görməyib ki: Əfqanıstan müharibəsi, Qarabağ savaşı... Həmişə odun-alovun içindən keçib. Bu azmış kimi, inişil özünü göz-görəsi daha bir oda atdı - dünyanın ən qədim mədəniyyət beşiyi olan Babilistanın Iraqa çevrilən cəhənnəminə yol aldı.

Bir şairin müharibə dəhşətini öz gözüylə görməyə bu qədər can atdığını heç vaxt anlaya bilmədim. “Müharibənin estetikası” sözünü də təkcə Zakirdən eşitdim və həmişə də etiraz elədim - “müharibənin estetikası ola bilməz” deyə.

Yalnız Zakirin həmin od-alovun içərisindən qopardığı, ağır artilleriyanın altını üstünə çevirdiyi torpağın üzə çıxardığı mədəniyyətləri sözün yaddaşına köçürməsindən sonra dərk etdim: Zakir hər yaranı sağaldan, hər acını unutduran ZAMANa meydan oxuya-oxuya TARIXin hiss-pasını, toz-torpağını öz nəfəsi ilə üfürə-üfürə oxuyan və oxutduran ziyalıdır!

Onun Cümhuriyyət dövrü ilə bağlı araşdırmaları, bir adın və ya sözün ucundan tutub çözə-çözə böyük tarix qatına enməsi (Əziz Alpouda qədər), Əfqanıstandan “Yaddışımın Əfqanıstan yazıları”, Iraqdan “Iraq olsun”la qayıtması təkcə tarixə olan marağı deyil.
Zakir sözün əsiridir - onu tarixə aparıb çıxaran da sözdür!

***

Zakir Sadatlının ciyəri sözünə baxmır, havası çatmır və bizim qəlbimizi havalandırır.
Yox, qardaşım, havasızlığın günahı ciyərlərində deyil. Illərlə sözün tozunu ciyərlərinə yığanda, tarixin “Ağ ləkələrini” canınla təmizləyəndə, bəs, nə düşünürdün? Illərlə “biz hələ ata-babalarımızın kim olduğunu bilmirik” deyib haray çəkəndə, yaddaşsızlığın məhv elədiyi cəmiyyətin ağrı-acılarını oxşayanda havanmı çatar?

“Zakir Sadatlının dərdi ”söz xəstəliyidir", həkimlər anlamadıqları bu xəstəliyi ona görə “çarəsiz” sayırlar" - deyən dostumuz nə boyda həqiqəti ifadə etdiyinin yəqin ki, fərqindədir.
Bu xəstəliyin tək çarəsi, zamana qalib gəlməyin tək yolu SÖZdür, bilirsən!

Sənin Özünə də, Sözünə də bu cəmiyyətin hələ çox ehtiyacı var, Zakir!/azadliq.info/