Zaqataladakı məmur villaları

zaqataladaki-memur-villalari
Oxunma sayı: 679

General Lənkəran Əliyevi müdafiə etmək kimi axmaq fikrim yoxdur. Ümumən mənim əsasən pul, mal-mülk uğrunda gedən bu məmur savaşma-boğuşmasında bir taktikam var: qıraqda dayanıb qarşılıqlı ittihamlardan ləzzət almaq, arada da onların içində məntiqi cəhətdən şikəst iddialar tapıb o haqda solaxay suallar vermək. Bundan alman sosisi ilə içilən “Erdinger”, “Efes”, “Stella” pivəsindən ləzzət aldığım qədər həzz alıram.

Müdafiə Nazirliyi öz generalı ilə 20 faiz torpaq yox ha, 200 kvadratmetr mənzil uğrunda savaşda atəşkəsi yenidən pozub. Nazirliyin generalın cavab atəşi ilə haçan susdurulacağı ilə işimiz yox. İşimiz onunla ki, görək nazirliyin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov generalı nədə ittiham edir.

“Zampolit”-polkovnik məktubunda yazır: “2009-cu ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) aparılan yoxlamalarda iştirak edən məsul şəxs kimi deyirəm ki, Əliyevin törətdiyi cinayətlərin istintaqla tam sübuta yetirilməsi şəksizdir. Əliyev TTM ərazisindəki tikintidən sökülmüş materialları şəxsi məqsədlə Göygölün Toğana kəndinə daşıtdırmış, mülki “KamAZ”lara da TTM-in hesabına 300 litr yanacaq doldurmuşdu”.

Yoldaş polkovnik, lap yaxşı eləyib generalın bu çirkin əməlini açdınız. Sağ olun. Amma sualım var: indi 2009 yox, 2012-ci ildir. Cinayətinin sübuta yetirildiyi şəksiz olan adamı 2009-dan bəri nə əcəb tutmurdunuz? Kim icazə vermirdi? İndi nə oldu? Bunu 4 ildir niyə gizlədirsiniz? Niyə vaxtında demirdiniz? Tərbiyəvi iş deyil axı bu.

Polkovnik deyir: “TTM-nin zabit taboru dinləyicilərinin əksəriyyəti səhər və şam yeməyində iştirak etməsə də onlar ərzaq təminatından çıxarılmamışdı. 08.04.2009-cu ildə TTM-in dinləyicilərin şam yeməyində iştirakı yoxlananda bəlli olub ki, onlardan 17 faizi iştirak edib. Beləliklə, külli miqdarda yeyintiyə yol verilib. 2006-08-ci illərdə kursantlardan 5-40 manat, kiçik çavuş və çavuş rütbəsi verilməsi üçün 50-100 manat yığılıb”.

Yoldaş polkovnik, yuxarıdakı suallara bir də baxın.

Polkovnik Məmmədov davam edir: “Vəzifədə olanda yalnız öz şəxsi maraqlarını düşünən, fəaliyyətini bu yöndə quran bir şəxs indi necə özünə haqq qazandırmağa çalışır?”

Hamıya, bütün vəzifə sahiblərinə aid olan əla sualdır. Bu sual yadıma sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra bütün YAP-çıların yazıq-yazıq elədiyi söhbəti saldı. İnsanovun YAP-dakı bütün silahdaşları və adaşları adamda rəğbət doğurmağa hesablanan zərərçəkmiş pozasında dayanıb belə deyirdi: “Axx, siz bu İnsanovu tanımırsınız. Başımıza oyun qalmırdı açmaya. Bizi gözümçıxdıya salmışdı. Partiyada gestapo rejimi yaratmışdı. Özünü yekəxana aparır, partiyanın normal fəaliyyətinə mane olurdu. Öz yırtıcı davranışı ilə komandadakı daxili ab-havanı korlayırdı. Hamımızı daim təzyiq, qorxu altında saxlayır, partiyanın imicinə və monolitliyinə ciddi zərbə vururdu...”

Bu söhbətlər İnsanovun həbsindən sonra oldu. İnsanov 1992-ci ildən - YAP yaranan gündən ta tutulduğu 2005-ci ilədək bu partiyada faktiki ikinci şəxs olub. Deməli, YAP-çıların təsvir elədiyi o iyrənc və gərgin vəziyyət partiyada düz 13 il davam edib. Hamı da susub. Yaxşı, İnsanov tutulmasaydı necə? Yenə susacaqdılar. Bilə-bilə ki, partiyada vəziyyət yaxşı deyil.

Ya da məsələyə başqa yöndən yanaşaq. Belə çıxır ki, İnsanovun yaratdığı o idbar vəziyyət YAP-da çoxuna, sabiq naziri sonradan söyənlərə də sərf edirmiş. Ona görə 13 il susublar. İndi Müdafiə Nazirliyi də bunun kimi. Deməli, Lənkəran Əliyevin cinayətləri, rüşvətxorluğu, talançılığı generalla ev davası ortaya çıxana qədər nazirlikdə də kimlərəsə sərf eləyib də. Özünüzü bu qədər biabır eləməyin, yoldaşlar...

Biabırçılıq isə davam edir. “Fövqəlnazir” Kəmaləddin Heydərov Zaqatalada zəlzələ olan gün - mayın 7-də dedi ki, rayonda hər şey qaydasındadır, təşvişə ehtiyac yoxdur, ciddi dağıntı olmayıb.

Mayın 8-də isə FHN belə qəşəng cümlələr qurub xalqa çatdırdı: “FHN zəlzələ bölgəsində 3 operativ qərargah yaradıb; Zaqatalada 800-dək ev qəzalı vəziyyətə düşüb; 5-6 kəndin işığı, rayonun qazı kəsilib; 36 nəfər xəstəxanalıq olub; əhali üçün 500-dək çadır qurub, daha 1000 çadır qurulacaq...”

Minlərlə insan evini itirib, bunlarsa sevincək deyir təşvişə ehtiyac yoxdu, ciddi dağıntı olmayıb. Bəlkə də məmurların Zaqataladakı villalarını deyirlər...


musavat.com