Zəlzələ pulu ilə tikilən villalar - Hesabat

zelzele-pulu-ile-tikilen-villalar-hesabat
Oxunma sayı: 685

“... 07 may 2012- ci ildə Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələdən 6 aydan artıq vaxt keçir. Ötən müddət ərzində dövlət büdcəsindən zəlzələ ilə bağlı 300 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Amma müəyyən zaman keçməsinə baxmayaraq Zaqatala bölgəsində vəziyyət acınacaqlı olaraq qalır. Rəsmi məlumatlara görə zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə və yüzlərlə sosial obyektlərə ciddi ziyan dəyib. 3200 ev qəzalı olduğuna görə üçürulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma 6 aydan çoxdur ki, insanların əksəriyyəti çadırlarda yaşayır və bu günə qədər hələ bir dənə də olsun ev tikilib istifadəyə verilməyib. Qış isə necə deyərlər qapını kəsib...”

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər ötən müddət ərzində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər və bu işi həyata keçirən FHN- nin, eləcə də adı çəkilən nazirliyin xətti ilə bölgəyə cəlb edilmiş podratçı şirkətlərin fəaliyyəti ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan hesabatda qeyd olunur. Hesabatın hazırlanma dövründə “Kür” Vətəndaş Cəmiyyətinin nümayəndələri Qax- Zaqatala bölgəsində monitorinq aparıblar. Eyni zamanda aparılan araşdırmalarla yanaşı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənmə təsnifatı araşdırılıb. Hesabatda yerli sakinlərdən, fəlakət bölgəsində fəaliyyət göstərən podratçı şirkətlərdən, orda çalışan işçilərdən, həmçinin FHN- dən adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumatlardan istifadə edilib.

Hesabatın “Təbiət, yoxsa korrupsiya zəlzələsi” bölümündə ötən 6 ay müddətində zəlzələ bölgəsində indiyə qədər bir evin belə tikilib istifadəyə verilməməsi kəskin tənqid olunmaqla yanaşı 2010- cu ilin Kür daşqınları zamanı ilk 6 ayda görülən işin həcmi ilə müqayisə olunub. Sənəddə deyilir; “...milyonların “sərf” olunmasına baxmayaraq zəlzələ bölgəsində bu günə qədər bir dənə də olsun yaşayış evi hazır deyil. Halbu ki, 2010- cu ilin yazında baş vermiş Kür daşqınları zamanı ilk 6 ayda İmişlinin Telişli və Saatlının Yeni Novruzlu kəndi yaxınlığında 2 böyük qəsəbə, bölgədə isə ümumən 1000 (min)- ə yaxın ev tikilib istifadəyə verilmişdi. İndi müqayisəni özünüz aparın. Bəs görəsən Zaqatala bölgəsində nə baş verir ki, ayrılan bunca vəsaitin qarşılığında insanlar normal yaşayış hüququnu bərpa edə bilmir, çadırlarda, uçuq- köhnə, qəzalı daxmalarda yaşamağa məcbur edilir? Xalqa bəslənən bu düşmən münasibətinin arxasında görəsən nə dayanır? Suala cavab axtarmaq üçün Qax- Zaqataladakı real mənzərəyə baxmaq və bunun üçün ayrılan vəsaitlərin xərclənmə təyinatını öyrənmək bəs edir...”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən ərsəyə gələn hesabatda bölgədəki qanunsuzluq, yol verilən yarıtmaz fəaliyyət və korrupsiya faktları aşkarlanıb. Qax- Zaqatala zəlzələsi ilə bağlı ayrılan vəsaitlərin fəlakət üçün deyil, zəlzələnin epsientrindən kənarda, ölkənin müxtəlif bölgələrində daha çox şəxsi və siyasi, tamam başqa məqsədlər üçün istifadə olunması ilə bağlı məlumatlar yer alıb. Araşdırma zamanı zəlzələ bölgəsinə FHN- nin tendersiz cəlb etdiyi şirkətlər, onların əvvəlki fəaliyyətləri, internet resursları, saytları, o cümlədən nazirlik tərəfindən daha geniş imtiyazlar və səlahiyyət verilmiş Azər Trans MMC- nın fəaliyyəti, qurumun idarəçilik prinsipləri, zəlzələ ilə bağlı ayrılan vəsaitlərin fəlakət bölgəsindən kənarda həyata keçirdiyi, təyinata aid olmayan xərcləmələri və s. araşdırılıb.

Hesabatda tikinti üçün alınan materialların mənbəyi, real və şişirdilmiş qiymətləri, keyfiyyəti və s. tədqiq olunub. Sənəddə həmçinin Qax- Zaqatala zəlzələ bölgəsinə ayrılan dövlət vəsaitinin təyinatdan kənar olaraq Bakıda, Zirə qəsəbəsində, Göygöldə, Zodda, Ağdaşda, Xızıda, Lənkəranda, İsmayıllının Basqal kəndində və s. yerlərdə Heydər Əliyev Fondu adına, eləcə də FHN, Prezident Administrasiyasında çalışan yüksək vəzifəli şəxslər üçün sosial obyektlər, ofis- binalar, iqamətgahların tikilməsi ilə bağlı araşdırmalar aparılıb və konkret siyahılar daxil edilib. Araşdırmalar zamanı dövlət büdcəsindən zəlzələ ilə bağlı ayrılan vəsaitlərin təyinatından kənar şəkildə istifadə olunması, vəsaitlərin mənimsənilməsi konkret faktlarla qeyd olunub. Hesabatda eyni zamanda evlərin tikintisi zamanı hər evdən nə qədər vəsaitin oğurlanaraq mənimsənilməsi podratçı təşkilatların təqdim etdiyi cədvəl üzrə qeyd olunub və sözü gedən cədvəl hesabata əlavə olunub.

Hesabatda həmçinin aşağıdakı məsələlər də araşdırılıb;
- FHN və podratçı şirkətlərin fəaliyyətində şəffaflıq, hesabatlılıq və cəmiyyətə açıqlılığın olmaması;
- Fəlakət bölgəsində evlərin və xüsusən məktəblərin tikintisi ilə bağlı dövlət başçısının, eləcə də ictimaiyyətin aldadılması, verilən məlumatların yanlış olması;
- Zəlzələ üçün ayrılan vəsaitin təyinatından kənar xərclənməsi, çirkli pulların yuyulması mexanizmləri;
- Evlərin tikintisinin şişirdilmiş bazar qiymətləri ilə aparılması, tikinti materiallarının alınma mənbəyi və ilkin real qiyməti, vəsaitlərin mənimsənilməsi trayektoriyası;
- İnşaat- tikinti işlərindən mütəxəssislərin uzaqlaşdırılması, onların yerinə ucuz işçi qüvvəsinin, təcrübəsiz şəxslərin cəlb edilməsi;
- podratçı təşkilatların manopoliyaya alınması, ailə- qohum maraqları və prinsipləri ilə idarə olunması;
- FHN rəhbərliyinin tikintiyə cəlb olunmuş şirkətlərdə mənsubluq və iştirak payının həcmi;
- Tikinti şirkətlərinin vergi və digər sosial ödənişlərdən yayınması;
- Tikinti üçün alınan materiallarda Gilan Holdinqin rolu və payı;
- Türkiyənin Van şəhərində keçən il baş vermiş zəlzələ ilə Kür daşqınları və Qax- Zaqatala zəlzələsi ilə bağlı görülən işlərin müqayisəli təhlili;
- FHN- nin vətəndaş cəmiyyəti institutlarının informasiya sorğularını cavablandırmaması və onlarla əməkdaşlıqdan qaçması;

Yaxın günlərdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanmış hesabat aidiyyatı qurumlara və ictimaiyyətə təqdim olunacaq. Hesabatın ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara da göndəriləcəyi nəzərdə tutulur.