Zəlzələdən zərərçəkmiş kənddə uşaq bağçasının açılışı olub

zelzeleden-zerercekmis-kendde-usaq-bagcasinin-acilisi-olub
Oxunma sayı: 668

“Qafqazinfo”nun "AzərTac"a istinadən məlumatına görə, prezident İlham Əliyev cari il mayın 9-da zəlzələdən zərər çəkmiş Gözbarax kəndində olarkən sakinlər burada uşaq bağçasının tikilməsini xahiş etmişdilər. Dövlətimizin başçısı bu kənddə uşaq bağçasının inşası barədə tapşırıq vermişdi. Ümumi sahəsi 1350 kvadratmetr olan bağçada 50 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilmiş bağçada qazanxana, iki su anbarı tikilmiş, transformator quraşdırılıb.

Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib. Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotostendlər yaradılmışdır. Burada 21 otaq, o cümlədən kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, həkim, musiqi otaqları və digər otaqlar vardır. Bağça iki qrup üzrə fəaliyyət göstərir. Burada iki yaşından altı yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri öyrədiləcəkdir. Bunun üçün bağça lazımi dərs ləvazimatları ilə təchiz olunub.

Qeyd edildi ki, bağçada uşaqlara rəqs və musiqi dərsləri də keçiriləcəkdir. Uşaqların təlim-tərbiyəsi ilə 22 tərbiyəçi məşğul olacaqdır. Bağçada uşaqların əylənmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün qış və yay oyun zalları fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev yeməkxanada və mətbəxdə yaradılan şəraitlə tanış olub.

Bağçanın ətrafında geniş abadlıq işləri görülmüş, uşaqların istirahəti üçün müxtəlif attraksionlar quraşdırılıb.

Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev bağçanın kollektivinə uğurlar arzuladı.