Zənginlə yoxsulun can bazarlığı

zenginle-yoxsulun-can-bazarligi
Oxunma sayı: 688

Yoxsul: “Heç ağlıma gəlməzdi ki, nə vaxtsa sənnən metroda rastlaşaram. Hələ bir toqquşaram!” (gülür)
Zəngin: “Dağ dağa rast gəlməz, insan insana rast gələr. Necəsən? Yenə yataqxanada qalırsan?”
Yoxsul: (kədərlənir) “Hə, elə o gördyün köhnə yataqxanadyam.”
Zəngin: “Üstündən dəhşət iy gəlir! Püf!!! Kif iyidi deyəsən.”
Yoxsul: “Doğrudan?” (burnunu paltarına yaxınlaşıdırır) “Ola bilər. Biz olan bina dəhşətli rütubətdir”
Zəngin: (əli ilə burnunun havasını qovur) “Neçə uşağın var?”
Yoxsul: “Üç”
Zəngin: “Çətindi, qardaş! Çox çətindi!”
Yoxsul: “Qardaşmı?! Biz hardan qardaş olduq?! Qar yağmasaydı, heç vaxt üz-üzə gəlməzdik.”
Zəngin: “Niyə heylə deyirsən? Qardaşıq, əlbəttə! Eyni vətənin, eyni torpağın oğlu döyülük bəyəm? Başımızın üstündə eyni byraq dalğalanır... Erməni tutsa ikimizi də öldürər!”
Yoxsul: “Deyicisi olma! Ha erməninin əlində əsir qalmış, ha yoxsulluğun... Elə bir fərqi yoxdur. Həzrət Abas haqqı, gündə üç dəfə arzulayıram ki, kaş müharibə vaxtı qəfil bir güllə hardansa uçub dəyəydi alnımın çatına, bu boş başımı dağıdaydı!”.
Zəngin: (bərkdən gülür) “Ayə, niyə elə deyirsən? Səni istəməyən ölsün! Çox zarafatcılsan, Allah haqqı! (yenə glür) Məzəsən eee!!!
Yoxsul: “Məzəmi? Mən ciddiyəm...”
Zəngin: “Hər şey adamın öz əlindədi. Sap-sağlam canın var, maşallah, turp kimisən! Bir az başını işlətsən, hər şey düzələr.
Yoxsul: (ciddi görmək alır) “Məsələn...”
Zəngin: “Məsələn, məndə öd daşı xəstəliyi var, 50 min manatla verirəm sənə, götür, sağlıqla işlət!”
Yoxsul: “Anlamadım!”
Zəngin: “Burda anlamayacaq nə var! Sənə 50 min manat verirəm, sağlam öd kisəni mənə verirsən, mənim içində bir-iki balaca daş olan öd kisəmi götürürsən!”
Yoxsul: “Mən sağlamlığımı bazara çıxara bilmərəm! Hələ o qədər vicdansız deyiləm.”
Zəngin: “Ə kişi, nə vicdansızlıq! Bax elə buna görə əlin heç vaxt çörəyə çatmır. Bu dəqiqə hamının ödündə daş var. Böyük faciə deyil ki! Uzağı min manat verib çıxartdırarsan, birdəfəlik canın qurtarar!”
Yoxsul: “Bə elədirsə, özün niyə vermirsən o min dolları?”
Zəngin: “Ay avam, mən verdim, canımı da qurtardım, bundan sən nə qazanacaqsan?! Getdiyim həccə and olsun, o rütubətli yataqxanada əvvəl-axır xəstə düçəcəksiz hamınız. Özü də elə-belə xəstəlik yox – ya vərəm, ya taun! Onda ki, sağalmaz dərdə mübtəla oldun, mənim bu sözümü yadına salıb başına döyəcəksən. Məni Allah çıxardıb sənin qarşına, a peydasız, hələ də başa düşmək istəmirsən! İkinci də ki, görürəm sənin öz evladlarına zərrə qədər sevgin yoxdur. Sən can bəsləyirsən ancaq! Özün üçün yaşayırsan, əlinə pul düşən kimi gedib ucuz kafelərdə araqdan vurursan ki, əsəblərin keyisin. Səndən soruşuram, nə vaxtacan belə olacaq? Ya serroz tutacaqsan, ya da işemiya-zad! Odu gözlərinin altı torbalanıb uje...”
Yoxsul: (xeyli düşünəndən sonra) “Öd daşı xəstəliyinin əlamətləri necədir?”
Zəngin: “Heç nə! Ciddi heç nə! Aydan-ildən bir dəfə “pristup” verir, ya vermir. “Pristup” verəndə ağrıkəsicilər atırsan, keçib gedir. Uzağı venaya “Baralgin” vurulur, o qədər... Ən bəd ayağı, yenə deyirəm, min-iki min manat verib lazerlə əməliyyat olunursan. Heç bədəninə bıçaq da vurulmur. O qədər öd kisəsi olmayan adamlar tanıyıram ki! Ən yüngül əməliyyatdı! Kor bağırsaqdan da yüngül... ”
Yoxsul: “Ürəkbulanma, təzyiq...”
Zəngin: “Olanda olur... Qusma da olur, mədə qıcqırması da! Səhərlər ağız bir balaca acı dadır, mürəbbəli çay içirsən, keçib gedir. Orqanizmdir dəəə... İndi sağlam adam var ki?! Hərənin bir dərdi var. Hə, bir də deyim ki, dieta saxlamalısan. Yağlı, tomatlı, duzlu yeməməlisən. Bunlar təkcə öd kisəsinə deyil, bütün orqanlara ziyandır.”
Yoxsul: “Gərək, bir az düşnüm!”
Zəngin: “Bax dəə... Özün ali savadlı oğlansan, neçə ildi müəllim işləyirsən. Bax o boyda diplomun sənə ciddi bir faydası dəydi? Yox! Dəyməyəcək də! Uşaqlarına ölənəcən gün ağlaya bilməyəcəksən. Əvvəl-axır o iyli yataqxanadan meyitini sürüyüb çıxaracaqlar. İnan mənə! Öz doğma uşaqların da, dalınca söyəcək! Ürəklərində, atamız bir kişi olmadı, deyəcəklər. Günahları da yoxdu! Bax sənin bu heyvan kimi sağlamlığının bir faydası dəyirmi kiməsə? İdmançı deyilsən ki! İki-üç xırda daş neyləyəcək sənə?! Zato əvəzində bütün həyatın dəyiçəcək!”
Yoxsul: “Vallahi də razıyam, billahi də razıyam!”
Zəngin: (əlini uzadır) “Ver gəlsin əlini! Ama bu barədə heç kim bilməsin.”
Yoxsul: “Ayıb söhbətdi, qardaş!”
Zəngin: (gülür) “Gördünmü, məhz qardaş! Erməni görsə ikimizi də öldürər, başımızın üstündə eyni bayraq dalğalanır!”
Yoxsul: (səsini qaldırır) “Müstəqilik!” (gülür)
Zəngin: “Bəli! Bəli!” (cibindən çıxardığı vizit kartını ona uzadır) “Ehtiyacın olsa yenə axtararsan! Qardaşımsan. Sənə, qohum-əqrəbana istədiyin qədər yüngül xəstəliklər təşkil edərəm. Nu, şəkər, vərəm, astma kimi axmaq xəstəliklər də var, onlar məsləhət deyil.”
Yoxsul: “Onlar neçəyə çıxır?”
Zəngin: “100 mindən yuxarıdır.”
Yoxsul: (heyrətlə fit çalır) “Əla qiymətdir, amma mənim uşaqlarım hələ balacadır. Bir az böyüsünlər, fikirləşərəm.”
Zəngin: “Yox, heç mən məsləhət görmərəm bunları sənə...”
Yoxsul: “Sənin qadalarını alaram!”
(Qucaqlaşırlar)