Zəvvarlarımızın birinci qrupu İordaniyaya yola düşdü

zevvarlarimizin-birinci-qrupu-iordaniyaya-yola-dusdu
Oxunma sayı: 689

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin rəisi Müqəddəs Payızov çərşənbə günü Trend-ə bildirib ki, zəvvarlar İordaniyadan Səudiyyə Ərəbistanına keçəcəklər.

Onun sözlərinə görə, zəvvarların ikinci qrupu İraqın Nəcəf və Kufə şəhərlərində yerləşiblər və oradakı müqəddəs yerləri ziyarət edirlər.

Payızovun sözlərinə görə, zəvvarların səhhəti ilə bağlı heç bir problem qeydə alınmayıb və proses planda nəzərdə tutulan qaydada davam edir.

Oktyabrın 23-də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu 18 avtobusla yola düşüb. Oktyabrın 24-də isə zəvvarların digər qrupu ikinci avtobus karvanı ilə yola düşub.

Təyyarələr 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Oktyabrın 28, 30 və 31-də üç, 29-da isə iki təyyarə havaya qalxacaq.

Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

Ziyarətə avtobusla gedəcək zəvvarların marşrutu Suriyada baş verən hadisələrlə əlaqədar dəyişdirilib.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Bu il Həcc ziyarətinə 2 min nəfər gedəcək.