Zeyno Baran Metyu Brayza ilə aralarında yaranan söz-söhbəti açıqladı

zeyno-baran-metyu-brayza-ile-aralarinda-yaranan-soz-sohbeti-aciqladi-
Oxunma sayı: 1059



-Siz Cənubi Qafqaz bölgəsində, o cümlədən Azərbaycanda tanınmış politoloqsunuz, eyni zamanda səfir xanımı və gənc anasınız. Son zamanlar vaxtınızı əsasən ailənizə sərf edirsiniz, əvvəlki Zeyno Baran üçün darıxmamısınız ki?
-Həyatımda ən böyük dəyişiklik Bakıya gəlməyim və ana olmağım oldu. Bir şey yaşadığım zaman tam yaşamaq istəyirəm. Ana olmağı çox gözləmişəm, hazırda 39 yaşındayam. Bu, ana olmaq üçün böyük yaşdır, hətta Amerika üçün də. İndi analıq hissini tam yaşamaq istəyirəm. Fərqli zamanlarda fərqli Zeyno Baran ola bilirəm. Bir müddət ana Zeyno Baran olmaq istədim. Çünki heç zaman belə bir hiss yaşamamışdım. Bu mənim üçün bir macəra oldu. Bakıya həyat yoldaşıma görə gəlmişəm. Həm ərimə dəstək oluram, həm də övladımı böyüdürəm. Bir müddət sonra etdiyim işlərə qayıdacağam.

-ABŞ-da ali təhsil almısınız, bildiyimə görə, uşaqlıqdan bu ölkəni çox sevirsiniz, bu fakt gələcək həyat yoldaşınızın seçiminə təsir göstərdimi?
-Mütləq göstərmişdir, onsuz da amerikalıyam. Türkiyədə yaşayanda da özümü amerikalı kimi hiss edirdim. Amerikaya getmə səbəbim düşünmə tərzimin daha çox Amerikaya uyğun gəlməsi idi. Amkerikalılarda ən çox sevdiyim cəhətlər həyat yoldaşımda var: açıqfikirlilik, insanlarla çox demokratik davranma, yumşaq olma, qadın-kişi münasibətlərində bərabərlik. Çox centlmendir, hər kəsə diqqətcildir. Özündən vəzifəcə yüksək və ya aşağı olanlarla eyni tərzdə davranır. Bəzi amerikalılar burnunu dik tutub gəzirlər, Metyu elə deyil. Ailəm Metyunu tanıyandan sonra: "Bizdən daha yaxşıdır", dedilər. O üzdən onu çox sevdilər. Allahın şanslı qullarındanam. Tanış olmaya da bilərdik.

-Yeri gəlmişkən, harada tanış olmusunuz?
-Biz eyni universitetdə oxumuşuq, Stenfordda, amma fərqli zamanlarda. O, təhsilini məndən öncə bitirib. Orada heç qarşılaşmamışdıq, tanışlığımız Vaşinqtonda bir konfransda baş tutmuşdu. Əvvəlcə dost olduq, sonra da həyat yoldaşı.

-Maraqlıdır, evlənmə təklifini necə aldınız?
-1998-ci ildən etibarən dostluq münasibətlərimiz var idi. Amma o mənə evlənmə təklifi etmirdi. Sonra baxdım ki, zaman keçir, yaşım artır, evdə qalıram (gülür - red.). Metyuya dedim ki, avqustun 23-də (2008-ji ildə -red.) evlənirik, o da razılaşdı. Razılaşajağına əmin idim, yox desəydi belə, mənim üçün problem olmazdı. O zaman Metyu "Ağ ev"də işləyirdi. Mənsə türk vətəndaşı idim. Hər hansı siyasi problemin ortaya çıxmaması üçün bir az gözləməyə qərar verdik. Amma nə qədər gözləmək olar ki?! Mən ailə qurandan sonra Amerika vətəndaşı oldum. "Green kart" aldıqdan 5 il sonra vətəndaş ola bilirsən. Yəni kartla vətəndaş oldum, amerikalı ilə ailə qurduğuma görə yox. Bu mənim üçün çox önəmlidir. Toyumuzu İstanbulda keçirdik, Boğaz içində. Evləndikdən ilyarım sonra Metyu mənə evlənmə təklifi etdi və üzük verdi. Mən də razılaşdım (gülür - red.). Nə türk, nə də amerikan adətilə evləndik, özümüzəməxsus oldu.

-Evlənməyinizi istəməyənlər çox oldu, hər ikiniz siyasi karyeranızı təhlükə altına qoyaraq bu işə imza atdınız, demək həqiqi sevgi var?
-Düzdür, başqa bir səbəbə görə olsaydı evliliyimiz baş tutmazdı. Bizdə sevgi də var, hörmət də. Karyeramız pozulsa da pozulsun, amma biz evləndik. Həyat yoldaşım deyir ki, Zeyno Baran xanımım olmasaydı, bu nöqtəyə gəlib çıxmazdım, ondan çox şey öyrənmişəm. Mən də öz növbəmdə Metyudan çox şeylər öyrənmişəm.

-Adətən siyasətçilər münaqişələri dinc yolla həll edirlər, bəs ailədaxili münaqişələrdə hansı tərəf kompromisə gedir?
- Çox maraqlı sualdır. Evlənməmişdən öncə, dostluğumuzun ilk çağlarında Metyuya demişdim ki, dialoq mənim üçün çox önəmlidir. Psixologiya ilə çox maraqlanıram, bir zamanlar könüllü olaraq psixologiya üzrə məsləhətçilik etmişdim. Özüm də psixoloqların yanına çox getmişəm və çox şeylər öyrənmişəm. Bir problem olduğu zaman deyirlər ki, içinə at. Bu, düzgün deyil. Problem içdə qaldığı zaman bir yerdə partlayacaq. Metyuya demişdim ki, əgər dostluğumuz daha ciddi olacaqsa, kommunikasiyanı düzgün qurmalıyıq. Onu bir kursa apardım, orada bir-birini dinləmək, problem yaranan zaman qarşındakını incitmədən onu necə çözmək öyrədilirdi. Münasibətə o şəkildə başladığımıza görə çox şükür bir problemimiz olmur. Olduğu zaman da gecə yatmadan o işi çözməyə çalışırıq. Əks təqdirdə, o, içimizdə qalır. Anam üç dəfə ailə qurub. Çox güclü qadın olduğuna baxmayaraq üç evliliyində də ərləri onu qırmağa çalışıblar. Sonuncu evliliyi ən gözəli idi, böyük məhəbbətlə evlənmişdilər. Amma o da 17 ildən sonra bitdi. Düşündüm ki, belə evlilik bitdiyinə görə, heç bir evlilik sürməz. Xırda söz-söhbətlər əsasən qızımız Mayayla bağlı olur.

-Qızınızla necə vaxt keçirirsiniz?
-Hər gün 1-2 saat qızımla açıq havada gəzirəm. Evin həyəti olsa da kənara çıxmaq xoşumuza gəlir, bulvara, Sumqayıta, Mərdəkana gedirik, dəniz havası alırıq. Bakı çox dəyişib, gözəlləşib, sonuncu dəfə buraya 2008-ci ildə gəlmişdim. Qızımı əsasən ana südü ilə böyüdürəm, iki yaşına qədər əmizdirməyi düşünürəm. Ana südü ana ilə uşağın psixoloji bağlılığı üçün çox önəmlidir. Mayaya altı ay yalnız süd verdim, indi hər şey yeyir. Azərbaycan mətbəxini çox sevir, hətta kabab yeyir.

-Yemək bişirməklə aranız necədir?
-Buraya gəlməmişdən öncə çox bişirirdim. Çox da sevirəm yemək hazırlamağı. Amma hazırda çox vaxtım olmur. Yağlı yeməkləri yox, sadə, təbii ərzaqlarla qidalanmağı sevirəm.

- Qadın ana olmağa nə qədər hazırlaşsa da, ilkin mərhələdə müəyyən çətinliklər yaşayır, siz nə kimi problemlərlə üzləşdiniz?
-Mənə çox çətin oldu. Çünki oğlan kimi böyümüşəm, kişi kimi səhərdən axşama qədər işləmişəm, nə makiyajıma, nə də geyimimə fikir vermişəm. Bu vaxta qədər heç uşağa baxmamışdım, ətrafımda uşaq olmamışdı demək olar ki. Ailədə tək uşağam, hamilə olanda fikirləşdim ki, mən nə edəcəyəm?! İlk vaxtlarda çox təşvişə düşdüm, analıq kursuna da getməmişdim. Öz uşağım olana qədər həyatımda 3-4 dəfə uşaq tutmuşdum. Sonra anam köməyimə gəldi.

-Ana olandan sonra həyata baxışınızda nə kimi dəyişiklik oldu?
İndi anamı daha yaxşı başa düşürəm, üzülməsini, narahat olmasını. Mənə həmişə deyirdilər ki, ana olandan sonra ana sevgisini anlayacaqsan. Düzdür, qəlbdə başqa yer açılır, müqəddəs bir şeydir. Maya həyatımın ən önəmli layihəsidir. İdealda iki uşaq istəyirəm. Çünki mən tək övlad olmuşam, insan yanında birini istəyir. İkinci dəfə ana olmasam da olar, Maya mənə kifayətdir.