Zibili çıxanlar

zibili-cixanlar
Oxunma sayı: 859

Balaxanı da düzəlmək üzrədir, orada zibil emalı zavodu tikilir, təmizlənmə işləri başlayıb. Amma yerə zibil atanlar düzəlmir ki, düzəlmir.
Ən əvvəl onu deyim ki, zibili hara gəldi atmaq xasiyyətli insan hər kəsin ailəsində olmasa da, yaxınında, qonşuluğunda var. Hələ belələri də mövcuddur. Yuxarı mərtəbədə yaşayan qonşu öz qapısının ağzını süpürəndə zibili aşağı mərtəbəyə “yollayır”, alt qonşu isə mərifətini qoruyub bunu sübut etməyəcəyini bilib səsini çıxarmır. Dilini və əsəbini cilovlamayanda isə aləm dəyir bir-birinə. Qarğışlar, söyüşlər havada “uçuşur”.Yaxud, mağaza sahibləri ya da yol kənarı ticarət, məişət obyektlərini təmizləyən hər kəs zibilini küçəyə tərəf süpürür.

“Mədəni” qonşumuz var, onu tanıyandan dəmlənmiş çay qalıqlarını dördüncü mərtəbədən yerə atır. Onun evində bu zibil üçün yer yoxdur. Saymamışam bu hərəkəti gündə neçə dəfə təkrarlayır, bilirəm ki, köhnə çay sevməyən insandır. Ailəsində də hamı yetkin adamlardır, bu günə kimi birinin də etirazı ilə qarşılaşmayıb.
Ya da, neçə dəfə şahidi olmuşam ki, bığıburma kişi son model maşınından içdiyi suyun butulkasını pəncərəsindən vızıldadıb çölə, özü də sükan arxasında ola-ola.

Zibil atmaq qandan, gendən gələn bir vərdişdir. Bir də uşaqlara az-çox verilən ailə tərbiyəsinin içində “zibili yerə atmazlar”, “küçə, şəhər bizim üzümüzdür” nəsihətləri yer almır.

Yaşadığım evin yaxınlığında parkabənzər bir sahə var. Orada əvvəllər zibil vedrəsi deyilən nəsə yox idi. Rəngbərəng zibillər parkın ot örtüyünü görünməz etmişdi. Nəhayət, bu sahəyə iri bir zibil qabı gətirib qoydular. İnanırsız, o qab aylarla zibillə dolmadı. Çünkü əli öyrəşmişlər yenə də zibili hara gəldi atırdılar və elə indi də atırlar. Skamyaların ətrafı günəbaxan tumlarının qabıqları ilə hasara alınıb.

Hər xaricə səfər edənimiz qayıdanda oranın zibil atmaq mədəniyyətindən danışır. Oranın da bərbad yerləri var. Amma camaat yerə zibil atmağa eyib, qəbahət kimi baxır. Üstəlik bu hərəkəti cərimə də gözləyir. Ola bilər, onları elə bu cərimələr “adam edib”, amma yenə də təmizliyə riayət edirlər.

Ən çox da təəccüb doğuran məqam odur ki, bəziləri zibili qabına yox, onun kənarına atırlar. Fikirləşdim, yəqin bu kəslər voleybol oynamaq həvəskarlarıdır ki, o da baş tutana oxşamır.
Bizim xalqın şifahi xalq ədəbiyyatına olan sevgisi divarlara yazdığı və zibil atmaq mədəniyyətindən məhrum olanlara həsr etdiyi qarğışlardan bilinir. Bu qarğışlarda ora-bura zibil atanın nəsli, nəcabəti, anası-atası qalmır, hamısının ölüsü, dirisi “yad olunur”. Hələ tam bir dəqiqə getmədiyimiz liftdə belə ora zibil atanın özü bir tərəfə, yaxınları söyülür. Bir nəfərin vərdişi ucbatından bütöv nəsil “yağlanır”.

Hələ ağaclarda asılı qalan salafan torbalar, istifadə olunmuş uşaq bezləri başdan-ayağa “yaraşıqdır.”

Bakı küləyi qızışanda isə göydə uçuşan zibillərdən “nadir” mənzərə yaranır. Yəqin ki, Dənizkənarı Milli parkda dəniz gəzintisində olanlarınız var. Yəni, insan nə qədər aşağı düşüncəli olar ki, dənizə içdiyi butulkanı tullayar, ya da əlinə keçən zibili atar. Üstəlik bunu azyaşlı ailə üzvlərinin qarşısında fəxrlə, utanmadan edər.


Zibil qabı hardasan?

Bayaqdan zibil atmaq mədəniyyətsizliyindən danışıram. Amma bu zibili atmaq üçün kifayət qədər qabımız var ki? Vallah yox.

Tələbəlik vaxtında yoldaşlarımla bir yerə gedəndə yolboyu yediyim, içdiyimin zibilini əl çantama qoyub evə gətirərdim. Neyləyim, qarşıma zibil qabı çıxmazdı. Evdəkilər, elə zibili yerə atan tələbə yoldaşlarım da mənə gülərdilər, “bir tək sənin zibil atmağınla hər yer çirklənəcək?”, deyərdilər. Bunu özümü öymək üçün demirəm. Məsələ ondadır ki, bu gün də küçədə zibil qabı qıtlığının şahidi oluram, bəzi halda zibilimi daşımalı oluram.

Əcəb məsələdir, yeni park salanlar, guya standartlara əməl edənlər orada ictimai tualet, zibil qutusu qoymağı unudublar. Misal üçün, Milli Dənizkənarı Parkın içində dəbə uyğun zibil qabları olsa da, kənarda Neftçilər prospekti boyu bir dənə də zibilqabı qoyulmayıb.
Ya da, o gün getdiyim Sumqayıtın mərkəzi küçələrindən birində idim. İçdiyim suyun butulkasını atmağa yer tapmadım.
İnzibatı Xətalar Məcəlləmizdə yerə, yola zibil atanların cəriməsi qaldırılıb. Deyin ki, kimsə bu cəriməni yerinə yetirib? Axı kimdən tutub yerə atdığı zibil üçün 20-50 manat cərimə almaq olar? Metropolitenin özündə də cərimə tətbiq olunmağa başlayıb. Stansiyalarda (platformada) zibil qabı görən varmı? Bir qisim maraqlı əmələ imza atıb. Zibili metroda ora-bura büküb qoyur, skamyaların arasına salır.
Ən dilxoredici vəziyyət isə, ictimai nəqliyyatdakı oturacaqların altına, yanına çeynənilmiş saqqızların yapışdırılmasıdır. Bunu edənlərsə, əsil söyüşə layiqdirlər.

Bizim zibilimiz çoxdur. Həm məlum zibilimiz, həm də naməlum “zibillərimiz”. Biri “zibilə düşür”, birinin “zibili çıxır”. Hətta zibili (hər iki zibildən) çox olana bəxtəvərlik də veririk.

Təklif edirəm, Mədəniyyət və Turizm Nazirliyimizin nəzdnində yerə tüpürmək, hara gəldi zibil atmaq, tualetini etmək kimi adətlərlə mübarizə şöbəsi yaradılsın. Sonra da şübhəli bilinənlər araşdırılıb cəzasını alsınlar. Beləsini izləmək lazımdır, onu yaxalamaq çətin olmayacaq. Bir dəfə etdisə, həmişə edəcək. Adətdi neyləsin...