Zığda torpaq sürüşməsi olub

zigda-torpaq-surusmesi-olub
Oxunma sayı: 675

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən xəbərinə görə, hadisə 43 saylı binanın yaxınlığında baş verdiyindən bina sakinləri üçün ciddi təhlükə yaranıb. Çünki bu bina çökəklik ərazidə yerləşdiyi üçün onu təxminən 10 metr hündürlükdə olan torpaq qatının axınından beton bənd qoruyurdu. Lakin bir müddətdir ki, həmin beton bənd yaşayış binasına doğru əyilməyə başlayıb. Nəticədə axşam saatlarında ağır torpaq qatının təzyiqinə tab gətirməyən bənd uçub və torpaq sürüşməsi yaranıb.

Sürüşmə nəticəsində yoxuşun yuxarı hissələrində böyük çatlar da meydana gəlib. Ətrafda yaşayan sakinlərin sözlərinə görə, beton bənd artıq bir ilə yaxın müddətdir ki, ciddi təhlükədən xəbər verirmiş. Onlar bunu beton bənddən yuxarıda yoxuş boyu qanunsuz həyət evlərinin tikilməsi və onlardan axıdılan çirkab suların, eləcə də torpaq qatında toplanan qrunt sularının zaman-zaman bəndin bünövrəsini yuması ilə əlaqələndiriblər. Hadisə xoşbəxtlikdən xəsarətsiz ötüşsə də, yaşayış binasının bünövrəsində çatlar əmələ gəlib, həmçinin sürüşmə zonasında tikilən bəzi həyət evlərinin daş hasarları uçub.