“Ziya Məmmədov mütləq hegemonluğunu təmin etməyə çalışır” – Bəyanat

ziya-memmedov-mutleq-hegemonlugunu-temin-etmeye-calisir-beyanat
Oxunma sayı: 633

Azərbaycanda taksilərlə bağlı yaranan narahatlıqlarla əlaqədar Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) birgə bəyanat qəbul edib. VİP-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Ölkə əhalisinin böyük hissəsinin maddi ehtiyaclarını qarşılamaq üçün ağır əziyyətlərə qatlaşdığı bir vaxtda hakimiyyət bu kateqoriyadan olan insanları gəlir mənbələrindən məhrum etməyə yönəlik addımlarını davam etdirir. Azərbaycan hakimiyyəti sərnişindaşıma sahəsində “islahatlar” adı altında “xidmət keyfiyyəti”nin yaxşılaşdırılması təşəbbüsünü irəli sürərək, bu sferada fərdi qaydada fəaliyyət göstərən vətəndaşların ciddi narahatlığı üçün əsas yaradıb. Sözügedən təşəbbüsün əsas istiqamətlərindən biri şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücülərin bu fəaliyyətlə məşğul olmaları imkanlarının böyük ölçüdə məhdudlaşdırılmasına yönəlib. Fərdi qaydada taksi xidməti göstərən vətəndaşlar üçün nəzərdə tutulan məhdudiyyətlər, əslində, həmin insanları gündəlik və cüzi gəlirdən məhrum etməklə yanaşı, qeyd olunan sahədə inhisarçılığın daha da gücləndirilməsinə şərait yaradır.

Açıq-aşkar görünür ki, Azərbaycanın nəqliyyat sektorunu özünün ailə inhisarına götürmüş nəqliyyat naziri Ziya Məmmədov bu yolla qeyd olunan sferada mütləq hegemonluğunu təmin etməyə çalışır və belə bədnam “islahatlar” nəticəsində ailəsinə çörək aparmaq imkanını itirən minlərlə vətəndaşın aqibəti naziri əsla maraqlandırmır.

Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) Nəqliyyat Nazirliyinin timsalında hakimiyyətin ölkə vətəndaşlarının fəaliyyət imkanlarını, böyük mənada isə həyatlarını ağırlaşdıracaq qərarlarını qətiyyətlə pisləyir. ALP və VİP hakimiyyəti belə addımlardan çəkinməyə çağırır və sərnişindaşıma sahəsində fərdi sürücülərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlik qərarlardan imtina olunmasını tələb edir.

Eyni zamanda, ALP və VİP sürücülərin haqqında danışılan təşəbbüsə qarşı etirazlarını müdafiə edərək, onları hakimiyyətin inhisarçılığa yönəlik bu kimi addımlarının qarşısını almaq üçün fəal mübarizəyə səsləyir və bu istiqamətdə həyata keçiriləcək fəaliyyətə dəstəyini bəyan edir”.