“Ziya Məmmədovu çökdürmək istəyirlər” – Müsahibə

ziya-memmedovu-cokdurmek-isteyirler-musahibe
Oxunma sayı: 689


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:



- İctimai Palata aprelin 8-nə mitinq təyin edib. Bu mitinq qərarını necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının Konstitusiyasında açıq-aydın yazılıb və “Sərbəst toplaşma azadlığı haqqında” qanun var. Çox təəssüf ki, Azərbaycanda bu günə kimi müxalifətə icazə verilməyib ki, sözünü xalqla bölüşsün, bir yerə yığışıb fikirlərini xalqa çatdırsın. Bir neçə partiya ilə İctimai Palatanın ayın 8-nə təyin etdiyi mitinq üçün bir neçə yer göstərilib. İcazə verilib-verilməməsi məsələsinə gələndə isə bu qeyri-qanunidir. Yəni “Sərbəst toplaşma azadlığı haqqında” qanun var və buna əməl olunmalıdır. Mən mitinqə yaxşı baxıram. Mən istərdim ki, Azərbaycan hakimiyyəti inadından əl çəksin və Azərbaycanı dünyada biabır etməsinlər. Nədən qorxurlar?! Təmizdirlərsə, düzdürlərsə, hər şey şəffafdırsa qoy xalq düşündüyünü desin. Müasir Müsavat Partiyasını İctimai Palatadan müraciət olunmayıb. Biz özümüzdə növbəti aylarda mitinqlərə başlayacağıq.

- Bu aksiyaya dəstək verəcəksinizmi?

- Bizə müraciət olunmayıb. Müraciət olunsa, biz öz fikrimizi deyəcəyik. Demokratiyanın yaranması üçün köməyimizi əsirgəmərik. Azərbaycanda nə vaxta kimi bu diktatura rejimini qoruyub saxlayacaqlar?! Biz özümüzdə çox güclü mitinqlər keçirməyi planlaşdırırıq. Son dövrlər jurnalistlərə qarşı da şantajlara başlanılıb, Xədicə xanıma qarşı böyük haqsızlıqlar olundu. Buna son qoymaq lazımdır.

- Bəs mitinqə qatılmaq üçün özünüz niyə müraciət etmirsiniz?

- Bu missiyanı İctimai Palata öz üzərinə götürüb, böyüklüyü onlar etməlidir. Biz partiya üzvlərinə heç bir qadağa qoymamışıq. Müstəqil olaraq azad şəkildə mitinqə qoşula bilərlər. Amma onlar özləri bizə müraciət etməlidirlər ki, biz də dəstək verək.

- Vaxtilə İP-da olanlarla kəskin münasibətləriniz olub. Bəlkə bu səbəbdən sizə müraciət etməyə ehtiyac görmürlər?

- Bizə ehtiyac görmürlərsə, heç bizimdə onlara ehtiyacımız yoxdur. Kimsə düşünürsə ki, tək başına nələrisə həll edə bilər, bu fikir yanlışdır. Əgər istəyirlərsə, Azərbaycanda demokratik ənənələr bərpa olsun, qarşıdan gələn prezident seçkilərinin demokratik keçirilməsini istəyirlərsə, hamımız birləşməliyik. İki-üç partiya ilə bunu etmək olmaz, onların gücü çatmaz. Siyasətdə əbədi dost yoxdur, əbədi maraqlar var. 3-4 il bundan əvvəl olanları unutmaq lazımdır. Keçmişdə mən kimə nə demişəm, kim mənə nə deyib bunları unutmaq lazımdır. Bunları unudub ortaya normal bir mövqe qoysaq qısa zamanda Azərbaycanda olan problemləri, pessimizmi aradan qaldıra bilərik. Biz millətimizin gələcəyini düşünməliyik. Son on ildə dövlət başçısına imkan verməyən insanlar bu ölkəni yıxıblar, talan ediblər. Nə qədər ki, Azərbaycan hökuməti kommunist təfəkkürlü insanlardan azad olmayıb, yeni gənclər hakimiyyətə dəvət olunmayıb vəziyyət yaxşı olmayacaq. Prezident bir nəfərdir, hamı çalışıb ona kömək etməlidir. Bir nəfərin üstündən xətt çəkmək olmaz. Bu gün hakimiyyətdə olan qruplaşmalar ölkə başçısına böyük xəyanət edir. Mən düşünürəm ki, bütün qüvvələr birləşməlidir. Mən bütün qüvvələri birləşməyə dəvət etmişəm və bu birlikdə Yeni Azərbaycan Partiyasını da görmək istəyirəm. YAP-da kifayət qədər potensialı olan gənclər var. O demək deyil ki, Prezident Aparatında 70-80 yaşlı kommunist təfəkkürlü insanlar oturmalıdır. Bu gün Azərbaycanda olan problemləri həll etmək üçün biz prezidentə kömək etməliyik, prezident də ətrafında olan satqın, rüşvətxor məmurlardan canını qurtarsın. Mən bunların tərəfdarıyam. İstədim ki, bütün partiyalar bu mitinqlərdə birləşsin və 5 minlərin mitinqini keçirsin. Biz özümüz yaxın günlərdə gücümüzü göstərəcəyik.

- Yəni yaxın günlərdə nə edəcəksiniz ki?

- May ayında bizim qurultayımız keçiriləcək. Qurultaydan sonra ciddi qərarlar veriləcək. Mitinqlərə güclü şəkildə hazırlıq işləri aparırıq. Bizim beynəlxalq təşkilatlarla sıx təmaslarımız var və KİV-də biz vaxtaşırı məlumatlar veririk. Azərbaycanın gələcəyini istəyən insanlarla danışıqlar aparırıq. Biz meydanlarda xalqa həqiqətləri çatdıranda o xəstə fikirli insanlar deyə bilməyəcək ki, biz ermənilərə işləyirik. Qısa müddətdə biz öz gücümüzü göstərəcəyik. Və hər kəs görəcək ki, biz prezidenti də, özümüzü də müdafiə etməyə qadirik. Qarşıdakı ildə bizi prezident seçkiləri gözləyir. Bundan öncə qeyri-legitim parlament buraxılmalıdır. Bu parlamentdə dırnaqarası özünü müxalifət adlandıran qüvvələrdə təmsil olunur. Müsavat Partiyasından çox satqınlar orada təmsil olunur. Bu gün hakimiyyətdə ən çox satqınlıq edib orada toplaşanların əksəriyyəti Müsavat Partiyasının üzvləridir. Bu səbəbdən onlar deməsinlər ki, biz safıq, təmizik.

- Bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin taksi sürücüsünü döyməsi ilə bağlı video yayıldı...

- Bu günlərdə Ziya müəllimin üzərinə hakimiyyət daxilində olan dediyim o yaşlı qüvvələr öz şəbəkələri vasitəsi ilə müəyyən fikirləri yayırlar. Ziya Məmmədovu çökürtmək istəyirlər. Quba hadisələri araşdırılsa onun kimin tərəfindən törədildiyi aydın olar. Görməmişəm, amma bu videonu yayan sayta da mənim inamım yoxdur. Əgər bu saytlar qəhrəmandırlarsa niyə digər nazirlərin gördüyü qəbahətləri yaymırlar?! Mən haqqı-ədaləti söyləyən insanam. O, Şirvanlıdır, mən Ermənistanlı, bunun da bizə heç bir bağlılığı yoxdur. Mən bu halları pisləyirəm. Hamı hər şeyi bilir. Bilirlər ki, kim kimin sifarişi ilə iş görür. Bunu özləri də bilir, İctimai Palata da bilir, Azərbaycan xalqı da gözəl bilir. Xalqımız bilməlidir ki, prezidentimizə yalnız xanımı kömək edir. Onlar görməlidir ki, prezidentin ətrafı xəyanətkardır və onu aldadır.