Ziya Məmmədovun əsgəri

ziya-memmedovun-esgeri
Oxunma sayı: 669

Zarıyanların kimliyi məni maraqlandırmır, amma zarıya-zarıya yaşayanların içərisində hərbiçilərimizi görəndə dünyanın ən təhqir olunmuş insanı hesab edirəm özümü.

İki gün əvvəl Xətai Telefon qovşağının qarşısında, Neftçilər xəstəxanasının sol tərəfindəki avtobus dayanacağında bir təhqiramiz hadisə ilə rastlaşdım.

Saat 13:00. 95 saylı marşrutla hərəkət edən avtobus dayanacaqda ləngiyir. Avtobusdakı Azərbaycan Silahlı Qüvvələrinin zabiti - kapitan narazılığını bildirir. Hamı ancaq baxışları ilə deyilənləri təsdiq edir. Sürücü əvvəlcə dodaqaltı nəsə deyir. Zabit yenə etirazını bildirir: “Daha sür də.” Sürücü sürmür ki, sürmür. Zabit avtobusdan düşür. Sürücü arxadan qışqırır: “Ə, pulunu ver də.” Bu dəfə zabit dodaqaltı nəsə deyib gedir və eyni istiqamətə gedən başqa avtobusa minir. 95-in sürücüsü dözə bilmir və yerə düşüb arxadan zabitə səslənir: “Pulunu ver də. Alçaq köpək oğlu.” Zabit tərpənən avtobusdan düşüb geri qayıdır və sürücü ilə burun-buruna dayanır: “Kimə söyürsən, ə?”
Sürücü əsəbi halda cavab verir: “Sənə. Niyə pulunu vermirsən, şakal?”
Zabit “şakal özünsən” deyə cavab verir və “sənin başını əzərəm” deyə birini də üstə qoyur. Bu yerdə sürücünün dediyi sözlər məni yuxudan ayıldır: “Ə, qabağındakı sənin soldatın deyil. Sənə deyirəm pulunu ver”. Və sanki qeybdən sürücünün dediyi başqa bir cümləni də eşidirəm: “Mən Ziya Məmmədovun əsgəriyəm”
Zabit bir az duruxur və “niyə ləngidirsən camaatı?”deyə soruşur. Sürücü ənənəvi arqumentlərini söyləyir: “Mən vaxtnan işləyirəm. Mən plan verirəm, ey”!
Yenə qeybdən sürücünün səsini eşidirəm: “Mən pul qazanmalıyam, komandanım üçün.”

Bu arada əlində taymer saat olan bir nəfər yaxınlaşır. Sürücüyə işarə edir ki, keçsin avtobusa. Və yenidən qarşılıqlı söyüşlər söyə-söyə sürücü öz avtobusuna, zabit onu mənzil başına çatdıracaq avtobusa. Ara sakitləşəndə əlində saat olan nəzarətçiyə bir polis serjantı yaxınlaşır: “Nə məsələdi?”
Əlində saat olan nəzarətçi ona dodaqaltı cavab verir: “Ə heç, nə bilim, həmişəki kimi”. Serjant da sakitcə həmişəki kimi aralanır.
İnsident tələfatsız başa çatır.

Səfər Əbiyevin zabitini Ziya Məmmədovun əsgərinin qarşısında aciz qoyan nə idi görəsən. Bax buna deyərəm İNTELLEKTUAL İDARƏETMƏ. Hətta Ramil Usubovun serjantı da bu idarəetmənin qayda-qanunları qarşısında acizdir.

İndi məni belə bir sual düşündürür - Ziya Məmmədovun əsgərinin qarşısında aciz qalan zabitlə Qarabağı geri qaytara biləcəyikmi?
Axı o, heç Ramil Usubovun çavuşuna belə güvənə bilmir...

Zabitin söyüşə söyüşlə cavab verməsini yadıma saldıqca hərbi prokurorluq Xanlar Vəliyevin timsalında gəlir durur gözümün qabağında. Təsəvvür edin ki, o zabit sürücüyə bir şillə vursaydı nələr olacaqdı, bilirsinizmi? Bilmirsiniz?

O zabit özünü Ziya Məmmədovun əsgəri hesab edən sürücü ilə sonda anlaşa da bilərdi. Özü də Ramil Usubovun çavuşuna ehtiyacı olmadan. Amma hərbi prokurorluqda onu başa düşməyəcəklərmi, Səfər Əbiyev də onun arxasında dayanmayacaqmı? Bu sualların cavabı idi Silahlı Qüvvələrin zabitini Ziya Məmmədovun əsgəri qarşısında sındıran.