Ziya Məmmədovun kəsdiyi barmaqlar... - özbaşınalıq

ziya-memmedovun-kesdiyi-barmaqlar-ozbasinaliq-
Oxunma sayı: 1025

Nəqliyyat şefinin obyektində işləyib dörd barmağını itirən, sonra onun adamları tərəfindən oğurlanan fəhlənin başına daha nələr gəlib?

Nəqliyyat naziri Ziya Məmmədovun adamları Kürdəmir rayon Mollakənd kənd sakini Iftixar Ağayevin başına olmazın oyunlar gətirib. Dörd barmağını itirən, bir ay oğurlanaraq girov saxlanılan, işindən olan 1978-ci il təvəllüdlü bu şəxsin həyatı bir dramdır. Onunla görüşüb söhbət edəndə qarşımızda duran şəxsin 34 yox, 64 yaşlı bir adamın olduğunu zənn etdik. Ancaq yanılmışdıq...
Iftixar Ağayev və onun hüquqlarını müdafiə edən, hüquq müdafiəçisi Ələkbər Məmmədovla öncədən planlaşdırdığımz ünvanda görüşüb söhbət etdik.

“Xəstəxanaya da gizli apardılar, evə də...”

Iftixar Ağayev 2003-cü ildən Bakıda yaşayır. Daha dəqiq desək, Xırdalanda kirayədə qalır. Onun nə evi var, nə də pulu. Buna görə də ailə qura bilmir. Deyir ki, paytaxta üz tutanda bundan sonra həyatının yaxşılığa doğru dəyişəcəyini gözləyirmiş. Həyatı dəyişdi, ancaq gözlədiyi kimi yox.

O, Xırdalanda “Azbentonit” zavodunda fəhlə kimi işə düzəlir. Görəcəyi iş isə kisə kəsmək olub, maaşı da indiki pulla 120 manat. Bir müddət keçəndən sonra vəzifəsi qaldırılır, olur çilingər ustası. Təbii ki, maaşı da artırılır. Olur 160 manat: “Əslində mənə çatacaq əmək haqqı 120 “şirvan” idi (240 manat). Ancaq sex rəisi Sakit müəllim maaş günü kağıza imza atdırıb, 80 “şirvan” (160 manat) verirdi. Icazə yox idi ki, kağızda yazılan əmək haqqımıza baxaq. Sonradan bildim ki, maaşımızı yeyirlər".
Iftixar Ağayev düz 4 il bu cür işləyir. Əmək haqqı kəsilsə də, birtəhər zavodda çalışır. 2007-ci ilin yayında dəzgahla işləyən zaman barmaqlarını itirir: “Barmaqlarımı “stanok” aparan kimi məni 01 AA 135 nömrəli maşınla sex rəisi Sakit müəllim, texniki təhlükəsizlik xidmətinin əməkdaşı Tahir müəllim, zavodun baş mühəndisi Şakir müəllim xəstəxanaya apardılar. Bu barədə polisə heç bir məlumat vermədilər. Topçubaşov adına xəstəxanada Anar adlı cərrah 3 saatdan çox əməliyyat apardı. Bir neçə gündən sonra məni evə buraxdılar. Xəstəxanada olanda da polisə məlumat vermədilər və mənə dedilər ki, bir kəsə şikayət etsəm, axırım pis olacaq".
Iftixar Ağayev deyir ki, zavod təkcə onun əməliyyat olunması üçün xəstəxanaya pul ödəyib: “Müalicəni öz hesabıma etdim. Hətta məni xəstəxanadan evimə gizli şəkildə gətirdilər. O dərəcədə hədə-qorxu gəldilər ki, nə başqa ünvanda - qohumlarımgildə qaldım, nə də xəstəxanada müalicə olundum. Böyük bacım mənə qulluq etdi. Sağalandan sonra zavoda qayıtdım”.

“Barmaqlarımı guya evdə işləyəndə itirmişəm”

Iftixar Ağayev zavoda gedən kimi birbaşa “Azbentonit”in təsisçisi Aydın Məmmədovla sədr Yasin Xəlilovun qəbuluna düşür: “Onlar da məni hədələdilər. Qorxumdan səsimi çıxarmadım. Iş kimi mənə zavodda yaşıllaşdırmanı tapşırdılar. Həyəti süpürürdüm, zibilləri atırdım - bu sayaq işə görə aylıq əmək haqqım 80 manat idi”.
Müsahibimiz deyir ki, yaşıllaşdırmada 6 ay işləyəndən sonra zavodun mühafizə xidməti vəzifəsini icra etməyə başlayır: “Mühafizədə maaşım 230 manat idi. Bir müddət bu vəzifədə çalışandan sonra mənə edilən haqsızlığa daha dözə bilmədim. Haqqımı tələb etməyə başladım, vurulan ziyana görə kompensasiya istədim. Bunu görəndə şər atmağa başladılar. Təhlükəsizlik xidmətinin rəisi Murad Qafarov məni oğurluqda suçladı. Guya köhnə akkumlyator oğurlamışam. Halbuki bu oğurluqdan xəbərim olmayıb. Özləri planı qurmuşdular, sonradan üstü açıldı. Bir sözlə, oğurluq adıyla məni işdən azad etdilər”.

Iftixar Ağayev bir müddət işsiz qaldıqdan sonra özünə təqaüd düzəltdirmək istəyir. Buna görə yenidən zavoda baş çəkir. Aydın Məmmədov onu qəbul edir və bildirir ki, kömək edəcək. Bir müddət sonra Aydın Məmmədov ona deyir ki, ikinci qrup əllilik dərəcəsi almaq üçün Kürdəmirdəki komissiyaya 700 manat göndərib: “Kürdəmir rayonuna getdim və komissiyanın sədri Eynulla müəllimlə görüşdüm. Mənə dedi ki, 9 il komissiyaya gəlib-getməlisən, ola bilsin barmaqların yerinə gəldi. Bu cavabdan sonra özümə gələ bilmədim. 9 aydan sonra mənə üçüncü qrup əlillik dərəcəsi verdilər. Yenidən Eynulla müəllimlə görüşdüm. Ona dedim ki, Aydın Məmmədov ikinci qrup əlillik dərəcəsi almağım üçün sizə 700 manat göndərib. Bunu inkar etdi və heç kimdən pul almadığını dedi. Üstəlik qeyd etdi ki, barmaqlarımı istehsalatda yox, öz evimdə işləyən zaman itirmişəm. Bu cavabdan əsəbiləşdim, dedim ki, sən barmaqlarını şüşənin arasına qoy, əgər mənim kimi barmaqlarını itirsən, heç nə tələb etməyib, buranı tərk edəcəm. O, polis çağırdı. Guya onu təhqir etmişəm. Kürdəmir rayon polis idarəsinin əməkdaşları məni idarəyə apardılar. Başıma gələnləri polisə danışdım, bir sutka orada saxlanandan sonra sərbəst buraxıldım”.

Mehriban Əliyevanın göz yaşları...

Iftixar Xəlilov polis idarəsindən çıxandan sonra dərhal Bakıya - “Azbentonit”ə gəlir. Zavodun təsisçisi və rəhbərliyinin qəbuluna düşür, ancaq təhqir olunaraq bayıra atılır: “Çarəsiz qalıb Nəqliyyat naziri Ziya Məmmədova teleqram vurdum. Çünki işə düzələn zaman mənə bildirmişdilər ki, zavod Ziya müəllimindi. Teleqramıma cavab gəldi. Cavab məktubunda yazılmışdı ki, nazirliyə gəlim. Deyilən vaxtda nazirliyə getdim, ancaq mühafizə xidmətinin əməkdaşları zavodun nazirlə heç bir əlaqəsi olmadığını dedilər və məni bayıra atdılar”.

Çarəsiz qalan Iftixar bu dəfə ombudsman Elmira Süleymanovaya şikayət məktubu yazır: “Elmira xanımın imzasıyla mənə cavab gəldi ki, başıma gələn hadisələrlə bağlı heç nə edə bilməz. Guya onun buna səlahiyyəti çatmır”.

Iftixar Ağayev 50 manat borc pul tapır. Məqsəd Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya sifarişli teleqram göndərmək olur: “Mənə dedilər ki, Xırdalan poçtundan teleqramı göndərməyim. Oradan heç bir məktub Mehriban Əliyevaya çatmır. Ancaq heç kimə fikir vermədən göndərdim. Allaha dua etdim ki, teleqramım çatsın və məni qəbul etsin”.

Bir müddət keçəndən sonra Mehriban Əliyeva Iftixar Ağayevi qəbul edir: “Cavab məktubu gəldi ki, Mehriban Əliyeva sizinlə görüşmək istəyir. Mehriban xanımla görüşdüm və ona başıma gələn hadisəni danışdım. Dediklərimi eşitdikcə gözündən yaş süzülürdü. Məni təhüləksizlik xidmətinin əməkdaşlarına tapşırdı. Onlarla birlikdə nahar etdim, mənə kostyum aldılar, sonra 100 manat pul verdilər. Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, Mehriban xanım sizi yenidən qəbul otağında gözləyir”.

Bu dəfə qəbul otağında Mehriban Əliyevadan başqa nəqliyyat naziri Ziya Məmmədov, ombudsman Elmira Süleymanova və əmək müfəttişliyi xidmətinin bir əməkdaşı vardı: “Qorxudan əlim-ayağım əsirdi, özümü itirdim. Mehriban xanım mənə dedi ki, narahat olma, başına gələnləri danış. Bütün başıma gələnləri bir daha danışdım. Mehriban xanım məndən soruşdu ki, Ziya Məmmədova sualın var? Dedim ki, bəli. Nazirdən “Azbentonit” zavodu haqda soruşdum. Ziya Məmmədov təsdiqlədi ki, zavod ona məxsusdur. Elmira xanıma etdiyim müraciətə verdiyi cavabın səbəbini soruşdum, o susdu".
Bu söhbətdən sonra Mehriban Əliyeva Ziya Məmmədova və əmək müfəttişliyi xidmətinin əməkdaşına göstəriş verir: “Mehriban xanım nazirə dedi ki, bu adamın problemini həll edin. Zavodda işə düzəldin. Əgər mənə şikayət etsə, ərizəni yaz, işdən çıx”.

“Oğurlanmağımla bağlı bir yerə şikayət etsəm, anamı və məni öldürəcəklərini dedilər”

Görüşdən çıxandan sonra Iftixar Ağayevi “Azbentonit”ə gətirirlər: “Mənimlə Aydın Məmmədov və Yasin Xəlilov görüşmək istədi. Razı olmadım, mənimlə zavoda gələnlər onlarla görüşdülər. Aşağıda rəhbərliyin adamları başladı mənə yaltaqlanmağa. Guya bu zavodun rəhbərliyi insaflı adamlardır, nə bilim daha nə. Sonda yuxarı qalxıb rəhbərliklə görüşdüm və onların dilindən yazılı izahat aldım”.
Iftixar Ağayev bir müddət zavodda işləyir. Pozulan hüquqlarını bərpa etmək, kompensasiya almaq üçün yenidən rəhbərliklə görüşmək istəyir və hədələnir: “Bir gün işdən çıxıb evə gedəndə, Xırdalanda ”109" adlanan yerdə iki nəfər qara maskalı məni oğurlayıb Sabunçu istiqamətinə apardı. Düz bir ay mənimlə orda qaldılar, yalnız su və çörək verdilər ki, ölməyim. Onların sifətini görə bilmədim, həmişə maskada idilər. Sonda hiylə işlətdim. Onlar dedilər ki, bir yerə şikayət etsəm, məni öldürəcəklər. Onlara dedim ki, artıq gecdir, MTN və Baş Prokurorluğa məlumat vermişəm".
Onun bu hiyləsi köməyinə çatır və onu sərbəst buraxırlar: “Bir müddət evdə qaldım. Sonradan işə çıxdım. Orada öyrəndim ki, girovluqda olan zaman işdəkilərə və məni soruşanlara deyiblər ki, xəstəyəm, evdə yatıram. Zavodda yenidən işimə bərpa olundum, ancaq bu dəfə daha pis. Rəhbərlik başıma gələn sonuncu olayla bağlı harasa şikayət etsəm, anamı və məni öldürəcəyini dedi. Qorxumdan səsimi çıxara bilmədim”.

Iftixar Ağayev bu minvalla 1 il 6 ay zavodda işləyir. Bu ilin iyunun 16-da onu yenə işdən çıxarırlar: “Səbəbsə yenə haqqımı tələb etməyim oldu. Onlar açıq-aydın mənə deyirlər ki, haqqını tələb etmə, kompensasiya istəmə. Nə edim? Barmaqlarımı itirmişəm, həyatım məhv olub”.

Indi Iftixar hüquq müdafiəçisi Ələkbər Məmmədovla bu məsələni ictimailəşdirib Mehriban Əliyevanın diqqətinə çatdırmaq istəyir. Yaxın günlərdə isə problemlərlə bağlı bütün aidiyyəti qurumlara müraciət edəcəklər.

***

İftixar Ağayev sonuncu dəfə işdən çıxanda Aydın Məmmədova və Yasin Xəlilova deyib ki, başına gətirilən oyunlarla bağlı ölkə başçısı Ilham Əliyevə teleqram vuracaq: “Mənə dedilər ki, İlham Əliyevi tanımırıq, kimə istəyirsən şikayət et”.

Aydın Məmmədov Ziya Məmmədovun yaxın qohumudu, Yasin Xəlilov isə həm tanışı, həm də yerlisi...

“Azadlıq” qəzeti