Ziya Məmmədovun oğlu sədrlikdən getdi

ziya-memmedovun-oglu-sedrlikden-getdi
Oxunma sayı: 690

ZQAN Holdinqin İdarə Heyətinə yeni sədr təyin olunub. “Qafqazinfo”ya daxil olan məlumata görə, bu vəzifə "Qarant Sığorta" ASC-nin İdarə Heyətinin sədri Vaqif Həsənova həvalə olunub.

Xatırladaq ki, ZQAN Holdinqin İdarə Heyətinin sədri Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Anar Məmmədovun ailəsinə məxsus Holdinqin İdarə Heyətindən niyə imtina etdiyi və hansı vəzifəyə keçməsi isə hələlik sual altındadır. Holdinqin saytında da hələlik İdarə Heyətinin sədri kimi A. Məmmədovun adı qeyd olunub. ( http://www.zqan.com/index.php)

Məlumat üçün deyək ki, ZQAN Holdinq ZQAN Şirkətlər Qrupuna daxil olan şirkətlərin apardığı fəaliyyətinə və strateji qərarlarına rəhbərlik edir. ZQAN Şirkətlər Qrupu inşaat məhsullarının istehsalı, bank işi, sığorta, telekommunikasiya, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, nəqliyyat və yükdaşıma, eləcə də daşınmaz əmlak və onun idarə edilməsi kimi sahələrdə fəaliyyət göstərir.

Fəaliyyətinə 2007-ci il noyabrın 27-də başlayan “Qarant Sığorta” ASC-nin də təsisçisi ZQAN Holdinqdir. Şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Məmmədovlar ailəsinə yaxınlığı ilə seçilən ZQAN Holdinqin İdarə Heyətinin yeni sədri olan V. Həsənov isə 2002-ci il tarixində "Mbask" sığorta şirkətində satıcı olaraq işə başlayıb və artıq 2007-ci ildən isə "Mbask" sığorta şirkətinin Satış Departamentinin müdiri vəzifəsini icra edib. “Qarant Sığorta” ASC yaranan gündən isə onun İdarə Heyətinin sədri olub.

Nigar Məmmədli