Ziya Məmmədovun zavodunda şikəst olan oğlanın yeni – açıqlamaları

ziya-memmedovun-zavodunda-sikest-olan-oglanin-yeni-aciqlamalari-
Oxunma sayı: 679

Bu sözləri avqustun 7-də keçirilən mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov söylədi. O bildirdi ki, nəqliyyat naziri Ziya Məmmədovun sahibi olduğu “Azbentonit” zavodunda 4 barmağını itirən Kürdəmir rayonunun Mollakənd kəndinin sakini İftixar Ağayevin işi saxtalaşdırılıb:

“Gözlədik ki, zavod rəhbərliyi məsələni həll etsin. Söz verilmişdi ki, İftixar işlə təmin ediləcək, əlillik pensiyası alacaq. Əksinə, o işdən çıxarılıb, 4 barmağını isə evdə balta ilə kəsdiyi vurğulanıb. Onların bu saxtakarlığını ekspertiza ilə sübut edəcəyik. Ekspertizada hadisənin harada olduğu, barmaqlarının hansı alətin kəsdiyi bilinəcək” .

Ə.Məmmədov ombudsman Elmira Süleymanovanın məlum görüşü təkzib etməsindən danışdı:
“Hörmətli Elmira xanım açıqlasın ki, Ombudsman Aparatının vəzifəsi nədən ibarətdir? Bu quruma göndərilən müraciətlərin hər birinə “bizim səlahiyyətimizə aid deyil” cavabı verilir. Bəs bunların səlahiyyəti nədir? İkincisi, həmin görüş olmasaydı Ziya Məmmədov və ombudsman belə çevik reaksiya verməzdilər” .

Tədbirdə çıxış edən İftixar Ağayev ona təzyiqlərin davam etdiyini dedi: “2007-ci ildə Xırdalandakı “Azbentonit” zavodunda istehsalat xəsarəti almışam, dörd barmağımı itirmişəm. Bir ay məni başqa evdə girov saxlayıblar. Birtəhər girovluqdan yaxa qurtarmışam. “Azbentonit” zavodunun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilov mənə hədə-qorxu gələrək şikayət edəcəyim təqdirdə anamla haqq-hesab çəkəcəklərini bildirmişdilər ”.
İ.Ağayevə birdəfəlik 700 manat verərək pensiya düzəltməyiblər. Dövlət sosial komissiyasında onu üçüncü dərəcəli əlil qrupuna daxil ediblər. Sənədlərdə də qeyd olunub ki, İftixar istehsalat yox, məişət xəsarəti alıb.

İ.Ağayev baş verənlərlə bağlı zavodun qeyri-rəsmi sahibi nəqliyyat naziri Ziya Məmmədova və ombudsman Elmira Süleymanova müraciət edib. Lakin müraciətlərin nəticəsi olmayıb. Bu halda İftixar Ağayev Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edib. Mehriban Əliyeva Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə onu qəbul edib:

“Məni Heydər Əliyev adına idman konsert kompleksində qəbul etdi. Bir qədər gözləməyimi söylədi. Mehriban xanımın mühafizəçisi məni kafeyə aparıb yemək aldı, sağ olsun, hörmət də elədi. 20 dəqiqə sonra qəbula girəndə ayaqlarım tutuldu. Gördüm ki, Ziya Məmmədov və Elmira Süleymanova buradadır. Ziya Məmmədova sual verdim ki, prezidentin tapşırığına niyə əməl etmirsiniz? O demişdi ki, istehsalat şəraitində xəsarət alanlara köməklik edin. Ziya Məmmədov isə sualımın qarşısında susdu. Bu zaman Mehriban xanım əsəbiləşib Ziya Məmmədovu ayağa qaldırdı. Ona dedi ki, tədbir görülsün, işlə təmin olunsun və əlillik pensiyası kəsilsin. Əks halda ərizəni yazıb işdən çıxın. Nazir söz verdi ki, problem həll olunacaq. Elmira Süleymanova isə yalandan bu görüşü təkzib edir ”.

İ. Ağayev dedi ki, verilən vədə əməl olunmayıb: “Mənə hədə-qorxu gəlirdilər, ölümlə hədələyirdilər. Ona görə yenidən Mehriban xanıma müraciət etməkdən qorxdum”.
Tədbirdə qeyd olundu ki, Həmkar İttifaqından İ.Ağayevin barmaqlarını istehsalat prosesində itirdiyi təsdiqlənib. Zərərçəkənin vəkili Tağı Hüseynov qeyd etdi ki, hüquqi müstəvidə mübarizə aparılacaq.
Musavat.com