Oxuyandan sonra zəng vurdu. Bunu da dedi:
- Amma balaca yazıdır...
36 cümlə var “Şuşada qış” yazısında. “Balaca yazıdır” deyir. O yazı 36 min cümlədən ibarət olardı, amma dostum yenə “balaca yazıdır” deyərdi. Bir yazıda Şuşanı tam ziyarət eləmək, bütün cığırları gəzib-dolaşmaq, tək qışdan yox, bütün fəsillərdən keçmək istəyir.
Fevralın 8-də yenə zəng vurdum dostuma:
- Saytda “Şuşada qış: 2012-ci il” şəkilləri qoymuşuq. Gürcülər çəkib, təzə şəkillərdir.
- Mənlik deyil... Elə şeyə baxa bilmirəm…
Qarabağ döyüşçüsü, müharibənin əvvəlindən sonuna kimi vuruşmuş, ağır güllə yarasından canı indi də ağrıyan adamın cavabıdır bu.
...Az sonra yolda başqa bir şuşalı rastıma çıxdı. Hal-əhval tutar-tutmaz “Şuşada qış”ı oxuduğunu söylədi. Ah çəkirmiş kimi dedi:
- Qayıdacağıq Şuşaya. Amma çətinliklə...
- Bu gün şəkillər qoymuşuq. Gürcülər çəkib, təzə şəkillərdir.
On-on beş dəqiqə əvvəl dostumun dedikləri sözbəsöz təkrarlandı:
- Mənlik deyil... Elə şeyə baxa bilmirəm...
Qarabağ müharibəsində iki qardaşını itirmiş adamın cavabıdır bu.
Belə tale yaşayır şuşalı – “Şuşada qış”ı oxuyur, xəyalən yurdu ziyarət edir, qar ayaqlayır (hər şuşalının öz “Şuşada qışı” var), amma “Şuşada qış: 2012-ci il”in şəkillərinə baxmağa ürəyi gəlmir, belə ziyarəti qəbul eləmir.
...İllər öncə Şuşanın icra başçısı Nizami Bəhmənovun bir yas yerində məni qırağa çəkib dediyi sözləri xatırlayıram:
- ATƏT-in xətti ilə təşkil edə bilərəm, gedib Şuşanı görərsən.
- Dözə bilmərəm, Bəhmənov... Dözə bilmərəm...
Bir quş olub Şuşanın başı üzərində dövrə vurmağı arzulayan adamın cavabıdır bu.
Kərim Kərimlinin 1998-ci ildə Şuşadan qayıtmağını xatırlayıram...
İlhami Fətəliyevin 2007-ci ildə Şuşadan qayıtmağını xatırlayıram...
Zahid Abbasovun 2009-cu ildə Şuşadan qayıtmağını xatırlayıram...
Şuşalı əsir yurdun ziyarətindən necə qayıda bilərsə, elə qayıtmışdılar: yarımcan...
...Əsir yurda bütün ziyarətlər ağırdır.
Xəyali ziyarət – 36 cümləyə sığmır.
Şəkilli ziyarət – donub qalırsan. “Şuşada qış: 2012-ci il”ə baxan başqa bir sinif yoldaşım zəng vurub küçələrdən birini tanımadığını dedi. Evlərinin beş addımlığındakı küçəni tanıya bilməmişdi. Şəkil elə nöqtədən çəkilib ki, gərək diqqətini cəmləyəsən. Amma o həyəcan içində – damarda qanın donub – diqqət cəmləməkmi olur?
Düşmən əlində olan yurda səfər eləmək... Son ziyarətçi Zahid Abbasov 2009-cu ilin yayında danışıb bunu: “Çox sərbəst davranırdım Şuşada. Bizim mühafizəyə cavabdeh erməni dözməyib atmaca atdı: “Deyəsən, özünü evindəki kimi hiss eləyirsən...”. (Şuşadan dönəndən bir müddət sonra insult keçirdi Zahid Abbasov. İlhami Fətəliyevin ürək xəstəliyi tapdığını yazmışam əvvəllər).
Yazılarıma belə şeylərə görə dönməyə məcbur oluram bəzən. Bakının qar-çovğuna boyun əydiyi günlərdə Şuşanın qışına uçdum. “Şuşada qış”ı yazdım. Balaca, özü də yüngül, oxucunu zorlamayan bir yazı idi. Burnumdan gəldi o yazı amma.
Yazı “Qafqazinfo.az” saytında da yerləşdirilmişdi. Altında gedən oxucu şərhlərinə baxdım. Mən hər rəyə (tərif olsun, ya tənqid – fərq etməz) fikir verən deyiləm. Amma “Qafqazinfo.az”dakı bəzi şərhlər məni heyrətə gətirdi. Gördüm ki, bizim adamlar Şuşa mövzusunu da məzəyə tuta, lağlağıya çevirə bilirlər. Mənim yazımdan söhbət getmir. Yurda həqarət məni çox incitdi. Özümə acığım tutdu: “Şuşanın qışını özün üçün yaşa, yazmaya bilmirsən, özün üçün yaz, yığ arxivə...”.
Dalınca Şuşada 2012-ci ilin qışında çəkilmiş fotolar gəldi. Nələr oldu, nə hisslər yaşadım, bayaqdan danışıram, amma heç nə deyə bilmədim əslində...
P.S. “Şuşada qış” yazısına “Mən bir dəfə də olsun siz qarabağlıları “vuruşmaq istəyirəm” deyən görmədim. Elə hey ağlayırsınız” şərhi yazan “Saman” adlı adam, Allah Qarabağ müharibəsində şəhid olanlara rəhmət, sənə isə rəhm eləsin...
“Mediaforum”