Zorakı köçürmənin qanunsuz əsasları

zoraki-kocurmenin-qanunsuz-esaslari
Oxunma sayı: 1934

1740-cı ildə hakimiyyətə gələn və tarixə islahatçı kimi düşən məşhur Prussiya kralı Böyük Fridrix (II) monarx olmasına baxmayaraq ölkədə hüququn aliliyinin təşəkkül tapması üçün bir sıra islahatlar həyata keçirdi. İlk növbədə məhkəmələrin müstəqilliyi və mülkiyyətin toxunulmazlığı prinsipinin əməli şəkildə bərqərar olması naminə mühüm tədbirlər görüldü.

Həmin vaxt Böyük Fridrix bütün dövlət orqanlarının bir yerə cəmləşdiyi yeni saray tikdirmək istəyirdi. Kral bu məqsədlə yer seçmək üçün Berlin ətrafındakı torpaqları şəxsən gəzməyə çıxdı. Bəyəndiyi ərazi əsasən dəyirmançıların yaşayıb işlədiyi yer oldu.

Kral həmin torpaq sahəsinin satın alınması üçün dəyirmançılarla danışıqlara başladı. Lakin torpaq sahibləri torpaqlarını satmaq istəmədilər. Böyük Fridrix özünün müstəsna monarx səlahiyyətindən istifadə edərək tədbirlər görmək əvəzinə, heç kimin gözləmədiyi bir addım atdı: torpaqlarını məcburən satdırmaq üçün dəyirmançıları məhkəməyə verdi. İslahatların yenicə həyata keçirildiyi Prussiyada məhkəmə də heç kimin gözləmədiyi qərarı verdi: mülkiyyətçilərin torpaqları qəsr tikmək üçün məcburi şəkildə və onların razılığı olmadan alına bilməz...

Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu ölkədə sivil dəyərlərə hörmətlə yanaşıldığı, insan hüquq və azadlıqlarına, o cümlədən, mülkiyyətin toxunulmazlığına təminat verildiyi dəfələrlə bəyan edilib.

Qanunvericilik baxımından mülkiyyət hüququ – şəxsin təkbaşına və ya başqaları ilə birlikdə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152-ci maddəsi).

Amma qanunvericiliyin belə formal müdafiə təminatlarına baxmayaraq hazırda mülkiyyətin özbaşına qaydada yenidən bölgüsü Azərbaycanın xeyli hissəsini əhatə edir. Təkcə Bakı şəhərindəki torpaqların zorakı üsulla boşaldılması indiyə qədər “Bayraq Meydanı” ərazisi, Füzuli meydanı, Xutor, Əzizbəyov dairəsi, Neftçilər prospekti və başqa əraziləri başına alıb. Digər küçə və məhəllələrdə də bu kimi hallar hər gün durmadan artır. Mülkiyyətçilərə və sakinlərə qarşı yol verilmiş təzyiq, bir çox evlərin sökülməsi, vətəndaşların məhkəmə qərarı belə olmadan evindən çıxarılması, sakinlərin hələ də yaşadığı binaların və evlərin ətrafının yararsız hala salınması nəinki sivil dövlətlərdə, hətta keçmiş SSRİ məkanındakı ən qəddar rejimli ölkələrdə belə analoqu olmayan hərəkətlərdir.

24 sentyabr 2008-ci il tarixli, 511 saylı sərəncam

Son bir ildə Bakı şəhərində “Qış bulvarı”nın salınması ilə əlaqədar vətəndaşlara məxsus mülkiyyətə qanunsuz müdaxilə edilməsi zamanı ən çox adı hallanan və guya söküntülərin “hüquqi əsasını” təşkil edən sənəd Bakı ŞİH başçısının 24.09.2008-ci il tarixli, 511 saylı sərəncamıdır.

Sərəncamın mətnindən də göründüyü kimi, Bakı ŞİH Başçısı verdiyi sərəncamın 2-ci abzasındakı və 1-ci bəndindəki göstərişi ilə (H.Əliyev sarayının arxasındakı ərazinin park salınması üçün nəzərdə tutulduğundan orada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsi) vəzifə səlahiyyətlərini aşıb. Çünki o, belə bir göstərişlə başqalarına məxsus mülkiyyət üzərində faktiki olaraq sərəncam verib. Halbuki, Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycanda mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin maddə mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə icazə verir. Əlbəttə Bakı ŞİH-in şəhərin mərkəzində yeni park salmaq istəməsi dövlət ehtiyacları kateqoriyasına aid edilə bilməz.

Lakin heç bir qanunvericilik aktında Bakı ŞİH Başçısının digər şəxslərin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam verməsi, eləcə də hər hansı formada müdaxilə etməsi, qanuni tikilinin sökülməsi, dövlət ehtiyacı olmadığı halda bu barədə bildiriş göndərməsi, əmlakı qiymətləndirməsi və s. səlahiyyəti nəzərdə tutulmayıb. Məhz elə buna görədir ki, sözü gedən sərəncamda heç bir hüquqi əsasa, yəni hansısa qanunvericilik aktına istinad edilməyib.

Bundan başqa, MM-nin 203.5-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın məcburi özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə MM-in 157.9-cu maddəsi müəyyən edir:
- yolların və digər kommunikasiya xətlərinin çəkilməsi;
- sərhəd zolağının müəyyən edilməsi;
- müdafiə əhəmiyyətli obyektlərin tikilməsi.

“Dövlət ehtiyacı”nin sərhədləri qanunvericiliklə dəqiq müəyyən edilib və burada hər hansı istisnaya da yol verilmir. Deməli, şəhərin bir hissəsində park kompleksinin salınması “dövlət ehtiyacları” kateqoriyasına daxil edilə bilməz.

Amma Bakı ŞİH-in ərazidə söküntü işləri aparılması üçün guya hüquqi əsas qismində rəhbər tutduğu Sərəncam nəinki bu tələbdən kənara çıxır, hətta heç bir qanunvericilik aktını saymadan həmin Sərəncam əsasında vətəndaşlara rəsmi bildiriş də göndərilib ki, “...ərazidə park salındığı üçün Bakı ŞİH-in yaratdığı komissiya tərəfindən həmin əraziyə düşən əmlakın hər kv.metri 1500 manat olmaqla dövlət tərəfindən (!) alınır”.

Bakı ŞİH Başçısının bu Sərəncamı formaca yeni bağ-park kompleksinin salınması adı altında çıxarılsa da, mahiyyət etibarilə sözü gedən ərazidə yerləşən mənzillərin mülkiyyətçilərini Konstitusiya ilə toxunulmazlığı tələb edilən mülkiyyət hüququndan məhrum etməyə yönəlib.

Mənzil Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin satın alınması barədə qərar qəbul etmiş orqan həmin sahənin satın alınmasından ən azı bir il qabaqcadan yaşayış sahəsinin mülkiyyətçisinə ona məxsus olan sahənin satın alınması barədə qərar və həmin qərarın bu Məcəllənin 31.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınması tarixi barədə yazılı formada məlumat verməlidir. Mülkiyyətçi tərəfindən həmin məlumatın alındığı gündən bir il müddət keçənədək yaşayış sahəsinin satın alınmasına yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

Lakin qanunvericiliyin qeyd edilən tələblərinin heç biri nəzərə alınmayıb, ən azından sözü gedən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin dövlət tərəfindən alınması barədə səlahiyyətli dövlət orqanı – AR Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməyib.

Deməli, Bakı ŞİH başçısı belə sərəncam verməklə başqa dövlət orqanına məxsus səlahiyyətləri də qanunsuz olaraq mənimsəyib.

Bakı ŞİH başçısının belə sərəncam vermək səlahiyyətinin olmaması Azərbaycan prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə də öz əksini tapıb. Belə ki, həmin Əsasnamənin 17-ci maddəsinin 2-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. Həmin Əsasnamənin 18-ci maddəsinin 1-ci hissəsinə əsasən, yerli icra hakimiyyətlərinin yalnız sərəncamında olan obyektlər üzərində sərəncam verməsi və onların idarə edilməsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülkiyyət hüquqları və korrupsiya

Sərəncamda qeyd edilir ki, “...həmçinin əhalinin köçürülməsi işi dövlət orqanları tərəfindən həyata keçirildikdə əhali tərəfindən qiymətlər süni surətdə artırılaraq onlara məxsus olan evlərin satın qiymətləri bazar qiymətindən bir neçə dəfə baha təklif edilir ki, bu da artıq vəsaitin xərclənməsinə səbəb olur. Bunları nəzərə alaraq həmin ərazidə əhalinin köçürülməsi işinin fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilməsi qərarına gəlinmişdir. Bununla əlaqədar olaraq Bakı ŞİH-in məktubuna əsasən, əhalinin köçürülməsi üçün ilkin olaraq 5,0 (beş) milyon (!) manat məbləğində vəsait ARDNŞ tərəfindən bu işləri həyata keçirəcək fiziki şəxs R.H.Kazımovun hesabına köçürülmüşdür.
....
.... Bakı ŞİH Başçısı Aparatının mühasibatlığı qeyd edilən köçürmə ilə əlaqədar AR Dövlət Neft Şirkəti tərəfindən Bakı ŞİH-in hesabına ödənilmiş yeni vəsaitin fiziki şəxs – Kazımov Rufan Habil oğlunun hesabına keçirilməsini təmin etsin”.

Bu əsaslandırma qanunsuz olmaqla yanaşı, həm də məntiqsizdir. Sənəddən belə anlaşılır ki, guya dövlət vətəndaşlarla dil tapmaqda, kompensasiyanın miqdarını müəyyənləşdirməkdə aciz qalıb, ona görə də bu işi həyata keçirməyi fiziki şəxs R.H.Kazımova tapşırıblar. Sadə dillə desək, kim kimi aldadır?! Əlbəttə, burada söhbət dövlət və neft büdcəsindən mənimsəmələrdən, pulların təyinatsız “silinməsindən” gedir. Məhz bunun nəticəsidir ki, bu gün evi dağıdılan yüzlərlə vətəndaşa cüzi məbləğdə kompensasiya təklif edilir. Eyni zamanda, Bakı ŞİH-in başçısı “Qış Bulvarı” ərazisindəki əhalinin köçürülməsi üçün ümumilikdə nə qədər pulun ayrıldığına və xərcləndiyinə aydınlıq gətirmir. Belə olan halda normal məntiqlə meydana gələn ehtimal odur ki, Bakı ŞİH həmin pulları belə formada sənədləşdirərək mənimsəyir.

Bundan başqa, artıq adət halını alıb ki, vətəndaş onun evini hansısa şirkət və ya iş adamı alanda daha çox pul tələb edir, nəinki dövlət ehtiyacı üçün köçürüləndə. Üstəlik də, bu sərəncam əsasında sakinlərə ödənəsi milyonlarla manat R.H.Kazımovun şəxsi hesabına (!) köçürülüb. Halbuki, dövlət və neft büdcəsi vəsaitlərinin bu şəkildə kiminsə şəxsi hesabına köçürülməsi qanunsuzdur. Çünki həmin vəsaitlərin köçürülmə və xərclənmə qaydası və əsasları qanunvericiliklə müəyyən edilib. Amma Azərbaycan Respublikasının heç bir büdcə qanunvericiliyində park kompleksinin salınması üçün milyonlarla pul vəsaitinin hansısa adi bir vətəndaşın şəxsi hesabına köçürülməsi nəzərdə tutulmayıb.

Maraqlıdır ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu məsələ ilə əlaqədar vətəndaşların şikayətlərinə hələ də heç bir cavab verməyib.

Nəhayət, əslində köçürməni təşkil etməli olan Rufan Kazımov faktiki olaraq ortada yoxdur, evləri sökülən sakinlər belə bir adam tanımırlar, hətta həmin şəxslə müqavilə bağlamaq məcburiyyətində qalmış vətəndaşlar belə müqavilələrin təsdiq edildiyi 13 saylı Dövlət Notariusunda onun üzünü görməyiblər. Bakı ŞİH-in adından faktiki olaraq Zülfəli İsmayılov adlı səlahiyyəti məlum olmayan şəxs və əhalinin köçürülməsi məqsədilə yaradılmış komissiyanin sədri Bəxtiyar Fərəcbəyli çıxış edir. Evlərin dağıdılması işində adı çəkilən şəxslərin göstərişi ilə Bakı ŞİH-in sıravi işçiləri, hətta polis işçiləri də iştirak edir.

Onu da qeyd edək ki, məhkəmə işlərində cavabdeh olduğu hallarda da R.H.Kazımov proseslərə gəlmir. Rəsmi məlumatlara görə, adı çəkilən şəxs 29 avqust 2009-cu ildən Nəsimi rayonu, Mərdanov qardaşları 41, mənzil 27 ünvanında pasport qeydiyyatındadır. Həmin mənzilə aid telefona zəng etdikdə orada bu adlı şəxsin yaşamadığını və ümumiyyətlə, belə bir adam tanımadıqlarını bildirirlər.

16 fevral 2011-ci il tarixli 76 saylı sərəncam

Bakı ŞİH başçısının bu sərəncamı da əvvəl haqqında danışılan digər sərəncamlar kimi vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz qəbul edilib. 24 sentyabr 2008-ci il tarixli, 511 saylı sərəncama verilən hüquqi qiyməti eynilə bu sərəncama da aid etmək olar. Bununla yanaşı, bu sərəncamın bəzi özünəməxsusluqlarına da diqqət yetirmək zəruridir.

Əvvəla, dövlət orqanı tərəfindən rəsmi şəkildə qəbul edilən bu sərəncamın mətni publisistik-inzibati xarakterdən çox, şəhər rəhbərinin KİV-ə verdiyi müsahibələrdə dediklərinə uyğun gəlir. Sərəncamın 2-ci abzasında qeyd edilir ki, “...Bakının təkrarsız görkəmə malik müasir şəhərlərdən birinə çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevimiz (!) tərəfindən H.Əliyev sarayının arxasındakı (S.Vurğun, Füzuli, Ş.Bədəlbəyli, İ. Səfərli, R.Rza, Ə.Topçubaşov küçələrinin əhatəsində olan sahə) yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək (!) yerində yeni bağ-park kompleksinin salınması ilə əlaqədar müvafiq göstəriş verilmiş və həmin ərazidə əhalinin köçürülməsi işləri Bakı ŞİH tərəfindən tam şəkildə müvəffəqiyyətlə (!) yerinə yetirilmişdir”.

Düzgün məruzədir! Çünki həqiqətən deyilən ərazidə bir dənə də olsun tikili qalmayıb, əhali məcburi şəkildə evindən köçürülüb, hələ də cüzi kompensasiya ilə razılaşmayan yüzlərlə sakin var ki, onların məhkəmə mübahisələri davam etməkdədir.

Bakı ŞİH yəqin ki, bu “müvəffəqiyyət”dən ruhlanaraq H.Əliyev sarayının arxasındakı digər küçələrdəki evlərin də sökülməsinə (!) qərar verib. Sərəncamın 1-ci bəndində qeyd edilir ki, “...Bakı şəhərinin Baş Planına, “Şəhərsalmanın əsasları haqqında” Qanuna və AR Prezidentinin Bakı şəhərinin sosial-iqtisadi inkişaf proqramının yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırığına əsasən, ərazinin abadlaşdırılması, yaşıllaşdırılması və bağ-park kompleksinin – istirahət zonasının yaradılması məqsədilə S.Vurğun, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Rza, Ş.Əzizbəyov, S.Rəhimov, İ.Səfərli, T.Xəlil Rza oğlu, M.İbrahimov küçələrinin əhatəsində yerləşən ərazinin boşaldılması, həmin ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin, tikililərin sökülməsi(!), mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrindən əhalinin köçürülməsi təmin edilsin”.

Bakı ŞİH başçısının hansı Baş Plandan bəhs etdiyi məlum deyil. Çünki belə plan ümumiyyətlə mövcud deyil. Əgər olsaydı, Bakı ŞİH-in nümayəndələri məhkəmə proseslərində onu təqdim edərdilər. Onlar məhkəmələrin bu barədə tələbinə “maddi vəsait ayrılan kimi Baş Plan yaxın gələcəkdə hazırlanacaq” cavabını verirlər.

Digər tərəfdən, əgər həqiqətən də şəhərin Baş Planı əsasında vətəndaşlara məxsus tikililərin sökülməsi nəzərdə tutulubsa, deməli, bu plan normativ hüquqi akt tələblərinə cavab verən dərc edilmiş sənəd olmalıdır. Cünki MM-in 153.3-cü maddəsinin tələblərinə əsasən, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Lakin heç bir qanunvericilik aktında Bakı ŞİH başçısının digər şəxslərin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam verməsi səlahiyyəti nəzərdə tutulmayıb. Elə buna görədir ki, sözü gedən sərəncamda heç bir hüquqi əsasa, yəni hansısa qanunvericilik aktına istinad edilməyib.

O ki qaldı sərəncamda “Şəhərsalmanın əsasları haqqında” qanuna istinad edilməsinə, açıq şəkildə görünür ki, bu, sırf 511 saylı Sərəncamda yol verilmiş “səhvin” düzəldilməsidir. Amma əlbəttə ki, bu da uğurlu metodika deyil. Çünki sözü gedən qanunda şəhər icra başçısına belə səlahiyyətlər verilməyib. Buna görə də şəhər rəhbərliyi özünü hüquqi baxımdan belə gülünc vəziyyətdə qoyur.

Sərəncamda qeyd edilən ölkə prezidentinin göstərişinə (!) və Bakı şəhərinin sosial-iqtisadi inkişaf proqramına gəldikdə isə, burada hansı göstərişdən və hansı proqramdan söhbət getdiyi də anlaşılmır. Biz monarxiya rejimində yaşamırıq ki, ölkə başçısı vətəndaşın xüsusi mülkiyyətinə qəsd edilməsi üçün göstəriş versin və bu göstəriş məcburi icra qüvvəsinə malik olsun.

“Sovet qərarları” 25 il sonra yenidən həyata vəsiqə alır?

Bakı ŞİH Aparatı rəhbərinin Füzuli, Ə.Topçubaşov, Rəsul Rza və Ş.Bədəlbəyli küçələrinin sakinlərinə göndərdiyi bildirişin mətninə diqqət edək: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.05.1987-ci il tarixli, 182 saylı Qərarı, Bakı şəhər XDS İK-nin 30.08.1989-cu il tarixli, 9/340 saylı Qərarı və Bakı ŞİH-in 24.09.2008-ci il tarixli, 511 saylı sərəncamı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq H.Əliyev sarayının arxası Səməd Vurğun küçəsi ilə Azərbaycan Dövlət Dram Teatrının qarşısına qədər, Füzuli və Ş.Bədəlbəyli küçələri ilə sərhədlənən ərazidə müasir mədəniyyət və istirahət parkının salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti nəzdində yaradılan komissiya tərəfindən həmin əraziyə düşən daşınmaz əmlakın hər bir kvadrat metri 1500 manat olmaqla dövlət tərəfindən alınması və əhalinin köçürülməsi həyata keçirilir.
Bir həftə ərzində sahibi olduğunuz daşınmaz əmlakın sənədlərini Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edərək alqı-satqı müqaviləsinə müvafiq olaraq bankdan Sizə çatacaq məbləği ala bilərsiniz. Əks təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”.

Görünür, icra orqanı belə vacib məqamda hər hansı qanunun adını ona görə çəkə bilmir ki, insanları evindən-eşiyindən zorla məhrum edərək çölə atmağı nəzərdə tutan qanun nə sovetlər dövründə mövcud olub, nə indi, heç mövcud ola da bilməz.

Bununla yanaşı, adı çəkilən aktların hüquqi qüvvəyə malik olub-olmamasının aydınlaşdırılması zəruridir. Yuxarıda Bakı ŞİH başçısının verdiyi sərəncamların hüquqi təhlili zamanı Baş Plana münasibət bildirildiyi üçün yalnız Azərbaycan SSR Nazirlər Sovetinin 18.05.1987-ci il tarixli, 182 saylı və Bakı şəhər XDS İK-nin 30.08.1989-cu il tarixli, 9/340 saylı qərarlarının üzərində dayanmaq istərdik.

Həmin qərarlar Bakı ŞİH tərəfindən məhkəmənin tələbi əsasında məhz səhifənin yuxarı solunda və aşağı sağında göstərilən şəkildə sübut qismində təqdim edilib. Heç bir əlavə şərh vermədən onların hazırkı vəziyyətdə qüvvəsini çoxdan itirmiş olduğunu qəbul etmək üçün qərarların mətninə, tarixinə və hansı orqan tərəfindən təsdiqləndiyinə diqqət yetirmək kifayətdir.

Hətta bunu unudub məsələyə sırf hüquqi baxımdan yanaşsaq, Konstitusiyanın keçid müddəalarının 6-cı bəndində qeyd edilir ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli XDS-nin səlahiyyətlərinə xitam verilir.

Eyni zamanda həmin müddəaların 8-ci bəndinin tələbinə əsasən, bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar yalnız və yalnız bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Hazırkı vəziyyətdə Konstitusiyanın 13-cü və 29-cu maddələri mülkiyyəti toxunulmaz elan edir. Eləcə də məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilməni qadağan edir. Mülkiyyətin məcburi özgəninkiləşdirilməsinə yalnız dövlət ehtiyacları üçün və yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilir.

Nəticə
Qanunvericilik baxımından qoruyucu müddəaların praktikada tətbiqinə əksər hallarda imkan verməyən boşluqların olması və məmur özbaşınalığı faktiki olaraq bu müddəaların deklarativ xarakter daşımasına gətirib çıxarır. Vətəndaşların mülkiyyət hüquqlarının yüksək mənsəbli məmurlar, hakimiyyət strukturları və onlara bağlı şəxslər tərəfindən daha çox pozulduğunu konkret misallarla qeyd etdik. Əlbəttə, bu şəraitdə qanunvericilikdə hüququ pozan vəzifəli şəxslərin məsuliyyət dərəcəsi ən azı onları qanunsuzluqdan çəkindirəcək həddə olmalıdır.

Vətəndaşların mülkiyyət hüququnu təhlükə altında qoyan daha bir ciddi məqam məhkəmələrin müstəqil olmaması, süründürməçilik və əsassız yerə işlərə baxılmasının hədsiz uzadılması, məhkəmələrin siyasi hakimiyyətdən asılılığı, arzulanan qərarların illeqal yollarla alınmasının çox sadə və mümkün olmasıdır. Bu amil bir çox hallarda dövlət orqanlarının və dövlətin “himayəsində” olan oliqarxların açıq qanunsuzluq etməsinə rəvac verir. Son illər şəhərin mərkəzi küçələrində və digər yerlərdə yaşayış evlərinin ən adi hüquqi qaydalara riayət edilmədən özbaşına şəkildə təcili sökülməsi buna ən bariz misaldır. Mülkiyyətçilər ya Bakı ŞİH-in onların mənzilləri, ticarət obyektləri və sair üçün təklif etdiyi gülünc məbləğə razılaşmalı olur, ya da süni şəkildə qəza vəziyyətinə gətirilmiş, ayrı-ayrı mərtəbələri, qapı-pəncərələri dağıdılmış, bir çox hallarda telefon xətləri kəsilmiş, su, kanalizasiya, elektrik enerjisi problemlərilə üz-üzə qalmış mənzillərdə hər an ailələri qarışıq küçəyə atılmaq qorxusu altında yaşamalı olurlar. Onları bu gərgin vəziyyətə salan səlahiyyətli şəxslər əksər hallarda sakinləri öz evindən köçməyə və ya mülkünü satmağa məcbur etməklə istəklərinə çatırlar.


Şəfa Camalzadə
Azərbaycan Vəkillər Kollegiyasının üzvü,
AİYİB-in eksperti

Məqalə “Toplum” vətəndaş cəmiyyəti jurnalıтın 3-cü sayında (Yay, 2011) dərc edilib.