Camaat üzündəki zəhrimarı haradan alır?

camaat-uzundeki-zehrimari-haradan-alir
Oxunma sayı: 1454

Raminə Eyvazqızı

Səhər saat hələ 8-ə qalıb. Küçədə, nəqliyyat vasitələrində qaşqabaqlı insanların, dilxor çöhrələrin sayı bilinmir. Camaat niyə xoş üzə həsrət qalıb? 

Evdən çıxanda hamının başına birdən-birə pis əhvalat gələ bilməz də axı. Hər kəs bədbəxt hadisə ilə qarşılaşa bilməz, hamı liftdə qala bilməz, qarşısından pis bildiyi qonşu və söydüyü qara pişik keçə bilməz. 

Dünəndən qalma əsəbilik, turşumuş köhnə pis xatirələr, canını qurtara bilmədiyin pessimistliyin və hər qarşına çıxana problemli insan olduğunu zorla sırımaq kimi düşüncələrin boyunduruğu altındadırlar. İnsanların çoxu dost-tanışı görəndə kefi yerində olsa belə, sızıldamağa özünü niyə məcbur edir, biləni yoxdur. Elə bil kimsə bundan anında yardım istəyəcək, onu zəhmətə salacaq. Nadir tip insanlarımız var. Demək, əgər işlərində, həyatında vəziyyət yaxşıdırsa, düşünürlər ki, bunu qarşısındakılara etiraf etsə nəzərə gəlmiş olar. Allah xatirinə, bu nə beyin məhsuludur, istehsal edirsiniz. Axı çoxu niyə elə düşünür ki, başqası onun xoşbətliyini qısqanacaq. 

Adamlar tanıyıram, 5-ci ayında hamiləliyini gizlədir ki, birdən gözə gələr. Bir ildir, mötəbər yerdə işləyən adamın həmin nazirlikdə işlədiyini boynuna qoymaq olmur. Bankda işləyən qorxur ki, sabah kiminsə ona işi düşər. Beləcə, hamı səmimi və dürüst olmamaq üçün yarışa girir. Nəticədə də öz qurama dünyasından çıxa bilmir. Hələ belə adamdan da pozitivlik gözləməyi arzulayırıq. 

İnsanlar xoş aura yaratmaqdan niyə qaçır? Şad-xürrəm halını başqaları ilə paylaşmaq, örnək olub, sirrlərini verməkdə  paxıllıq edir. Bizim insanımız çoxluqla niyə  bu mənada eqosunu dəf edə bilmir? Və məntiqsiz və yersiz inancları ilə özünü zəlil edən insanların hamısı bir avtobusa , metro vaqonuna doluşmaz da axı. Xüsusən, metro vaqonlarında qarşı-qarşıya yerləşmiş oturacaqlardakı insanların mənfi enerjisi adamın bir həftəsinə bəs edir. Göz süzmələr, başı üstündə dayananlara qəribə nəzərlərlə baxmalar. Hələ gənc qızların hamilə xanımlara paxıllıqcasına davranışlarına məna verə bilmirəm. Heç kimin tanımadığı insanlara doğmalıq göstərməsi lazım deyil. Üzü gülən, sevincli olan insanlara “xeyir ola, nə məsələdir” kimi məntiqsiz sualın da kökünü araşdırıb tapanı yoxdur. 

Bizim insanımızın xoş olmayan halının bir səbəbi, ətrafda onun sevinməsinə mane olan kiminsə və kimlərinsə, nəyinsə olmasıdır. Özündən qaynaqlanan səbəblərlə birlikdə gününü qara əsgiyə bükməsiidr. Bir də hamının dərdi- səri maddiyyatdır. Mənəvi tərəfləri yıxa-yıxa, maddi imkanların dəyərinə sığınanların da bir sözü var. “Niyə dincəlmirsən?”, “niyə sevinmirsən?” dolayısı ilə verilən sualların çox halda cavabı “pul yoxdur” olur. Pulsuz olan qucaqlamağa, sevməyi, yaxşı düşünməyə, mərhəmətli olmağa da pul tarifi biçirlər.

İnsanların zəhrimar yağan sifətlə küçələrdə mənfi enerji paylamalarının bir səbəbi də uğur hekayələrinin fərqinə varmamalarıdır. Bizim insan təşəkkür etmək mədəniyyətindən belə kasaddır. “Sağ olun” kəlməsini deməyə, dodaq tərpətməyə canı çıxır. Təşəkkür etməyi kiçik iş sananların şansları da gələn dəfə çətin gülə. Sonuncu dəfə kiməsə nəyəsə görə təşəkkür etdiyinizi xatırlayırsınızmı? O halda xatırlayaq, etməmişiksə edək. İnsanları xoşhal edək. İnanın ki, həmin “sağ ol”u eşitmək üçün canla-başla yaxşılıq edən insanlarımız hələ ki var.

Bir də kefinə soğan doğranmışların çoxu sevmədiyi iş dalınca gedənlərdir. Bu sevmədiyin xörəyi yeməkdən də pisdir. Bizim eldə kifayət qədər, işi qazanc üçün edənlər var. Bu insanı xoşbəxt edə bilərmi? Onda düşünək. Ağıllı düşünməyin tez qocalmaqla heç bir əlaqəsi yoxdur. Xahiş olunur, insanlar arasında bivecliyi təbliğ etməyək. Elə bəlamızın qaynağı odur!