Camal Quliyev Kürdəmirdə fermerlərlə görüşüb

camal-quliyev-kurdemirde-fermerlerle-gorusub
Oxunma sayı: 3774

Mayın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kürdəmir rayonunda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirib.  

“Qafqazinfo” xəbər verir ki, açıq sahədə keçirilən görüşün keçirilməsində əsas məqsəd pambıq sahəsində yaz-tarla işlərinin aparılması, pambığın becərilmə texnologiyasında bütün aqrotexniki qaydalara riayət edilməsi, pambıq sahələrinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində aparılması nəzərdə tutulan mübarizə tədbirləri və digər məsələlərlə yaxından tanış olmaqdır.  

Camal Quliyev fermerlərlə söhbətində bildirib ki, pambıqçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün əsas payız şumundan əvvəl torpağa fosfor və kalium gübrələrinin verilməsi, dondurma şumunun aparılması, zərərvericilərlə vaxtında mübarizənin aparılması vacibdir.

Qeyd edilib ki, hazırda havanın yağıntılı və sərin keçməsi pambıq sahələrində mənənələrin çoxalmasına münbit şərait yaradıb: “Mütəxəssis və fermerlərimiz diqqətli olmalı, ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tədbirlərini mütəşəkkil qaydada həyata keçirilməlidirlər.  

Görüşdə fermerlər pambıq bitkilərinin becərilməsi zamanı qarşılaşdıqları problemləri dilə gətiriblər. Fermerlərin qarşılaşdıqlar problemlər yerindəcə müzakirə edilib və onlara problemlərin həlli ilə bağlı müvafiq tövsiyyələr verilib.

Görüşün sonunda iştirakçılara pambıq bitkisinin zərərvericilərdən müasir üsullarla mühafizə edilməsi ilə bağlı bukletlər paylanılıb.