“Canımı qurtarmaq üçün 1,2 milyona razılaşdım”

“Canımı qurtarmaq üçün 1,2 milyona razılaşdım”
Oxunma sayı: 2144

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mənimsəmədə təqsirləndirilən "Çudo Peçka"nın sahibi Çingiz Cəlilovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. İclasda prokuror ittiham aktını elan edib. Ç.Cəlilov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər. 

İstintaq Ç.Cəlilovun 7,3 milyon manatlıq əmlakına həbs qoyub.

***

Ç.Cəlilovun qardaşı Pərviz Cəlilov şahid qismində ifadə verərək istintaqa verdiyi ifadəyə uyğun məzmunda danışıb. O əlavə olaraq bildirib ki, 2010-cu ildə MTN əməkdaşları şirkətə gələrək onu həbs ediblər: “Orada məndən 2 milyon manat istədilər, canımı qurtarmaq üçün 1,2 milyona razılaşdım. Amma “MTN işi”ndə zərərçəkmiş kimi tanınmadım”. Proses yanvarın 25-də davam etdiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi