“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək

caspian-ecology-9-cu-etraf-muhit-sergisi-kecirilecek
Oxunma sayı: 1365

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək.

“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisinin koordinatoru Səyyarə Məmmədovanın "Qafqazinfo"ya verdiyi məlumata görə, sərgi 2009-cu ildən mütəmadi olaraq hər il keçirilir:

"Lakin builki sərginin əhatə dairəsi daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar tam olaraq ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Bir çox istiqamətlər üzrə məhsullar, texnoloji avadanlıqlar göstəriləcək.

Sərgidə ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, ekoloji təmiz tikinti materialları, yaşıl landşaft dizaynı və turizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunacaq.

Builki sərgidə azyaşlı uşaqları da unutmamışıq. Uşaqlarda ətraf mühitə həssaslığın formalaşdırılması, onlarda təbiətə sevgi hisslərinin aşılanması üçün xüsusi bir guşə ayrılacaq. Və uşaqların diqqətini ətraf mühitin mühafizəsi sahəsinə yönəltmək məqsədilə müxtəlif interaktiv məşğələlər və maraqlı oyunlar keçiriləcək.

Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji təmiz qida və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdır".