“Cavidin yerinə layiqli futbolçularımız var” - Sənan Qurbanov

cavidin-yerine-layiqli-futbolcularimiz-var
Oxunma sayı: 2511

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, gənc mütəxəssis ilk olaraq komandasının sabahkı matça hazırlığı haqda danışıb.

- Baş məşqçi kimi debüt edirdiniz. Özünüzü necə hiss edirsiniz?

-Yenidən bu ab-havanı yaşamaq çox xoş oldu. Hamımız üçün sevindiricidi. Başqa bir həyəcandı, bizim üçün futbol bayramıdı. Ab-hava yaxşıdı. Məqsədimiz birdi - mərhələ keçmək.

- Zədə üzündən ilk oyunu buraxacaq Kapitan Cavid Hüseynovun yoxluğu özünü necə göstərəcək?

- Əlbəttə, onun yoxluğu yaxşı hal deyil. Hər bir futbolçu, xüsusilə Cavid bizim üçün vacibdi. İlk gündən hazırlığa Hüseynovsuz başlamalı olduq. O, zədəli olduğundan, təlim-məşq toplanışını buraxmalı oldu. Cavidin yerinə layiqli futbolçularımız var.

- Yeni futbolçular komandaya uyğunlaşıblar?

- Lilay bizə tez qoşuldu. Digər legionerlər Sloveniyada təlim-məşq toplanışına qatıldılar. Onların dediyinə görə, ab-hava elədi ki, komandaya uyğunlaşmaqda problemləri olmadı. Biz bir ailəyik, onlar da bunun üzvləri. Mənə elə gəlir ki, hər gün daha yaxşı olacaq.

- İlk oyun üçün hədəfiniz nədi?

- “Qəbələ” olaraq həmişə qələbə yolundayıq. Bizim üçün hər oyun vacibdi. Azarkeşlərimiz hər matçda bizdən qələbə gözləyirlər. “Proqres” ciddi rəqibdi. Azarkeşlərimizi evdə qələbəylə sevindirməyə çalışacağıq.

- Rəqinin üstün və zəif cəhətləri nədi? “Qəbələ” “Proqres”dən nədə üstündü?

- Rəqibi təhlil etmişik. Ancaq bu, ötən mövsümkü oyunlarla bağlı olub. Təəssüf ki, hazırkı fasilə müddətindəki yoxlama matçlarını əldə etdə bilmədik. Ancaq komanda, heyəti haqda məlumatımız var. Yetərincə intizamlı, müdafiədə sıx oynayan komandadı. Məncə, bu, onların bu qədər irəli gəlməyində əsas səbəbdi. Biz də buna uyğun işimiz qurmuşuq.

- Oyun fəlsəfəniz necə olacaq? Hücum futbolu?

- “Qəbələ” iddialı komandadı. Bizdə də yoxdur ki, konkret hücum və ya müdafiə futbolu olsun. Çalışacağıq ki, hər iki komponentdə üstün olaq. Hücuma çox gedək, ancaq müdafiəni unutmamaq şərtilə.

- Yoxlama oyunlarınıza əsasən belə demək olar ki, komandanız son nöqtəni qoymaqda çətinlik çəkir. Bu problem sabah yaşana bilərmi?

- Yoxlama oyunlarında futbolçulardan fərqli şeylər tələb edirik, rəsmi matçlarda fərqli. Sınaq matçlarında görmək istədiyimiz məqamlar vardı. Qol imkanlarımız oldu. “Kukesi”ylə matçda Stiven fərdi oyun keyfiyyətləri sayəsində fərqləndi. Məncə, son nöqtəni qoya bilməməklə bağlı problem yoxdu. İnşallah, sabahkı matçda da bu olmaz.