Çavuşa yaltaqlanan professor

cavusa-yaltaqlanan-professor
Oxunma sayı: 3290

Seymur Verdizadə

Saatın əqrəbləri 12-nin üstündə cütləşsə də, nəqliyyatın hərəkətində azalma müşahidə olunmurdu. Yanımızdan ötüb-keçən maşınlara əhəmiyyət vermədən aram-aram yolumuza davam edirdik.

Dahi Rəşid Behbudovun adını daşıyan prospekt həmişəki kimi sıxlıq olsa da, professor söhbətinə bir an belə ara vermirdi. Onun gözləri yolda, əlləri sükanda olsa da, sözlərindəki ardıcıllığa dəqiqliklə riayət edirdi. Əksər ali məktəb müəllimləri kimi, o da tələbələrindən şikayətlənirdi. Deyirdi ki, indiki uşaqlar ancaq universitetə qəbul olmaq üçün oxuyurlar. Oğlanların çoxu tələbə adını qazanandan sonra kitab-dəftəri bir tərəfə tullayıb, cavanlıq etməyə başlayırlar. İmtahan vaxtı isə gözlərindən bıldır-bıldır yaş axıdırlar ki, tramvayın altında qalmış bir üç alsınlar.

Onun fikrini maşından yayındırmaq istəmədiyim üçün susmağa üstünlük verirdim. Bütün sərnişinlər kimi mənim də ən böyük arzum mənzil başına sağ-salamat çatmaq idi.

Nəsimi bazarını keçib, Azadlıq Prospektinə çıxanda yol polisləri maşınımızı saxladılar. Kişi əl-ayağa düşdü: “Mən neylədim ki?”

Onu sakitləşdirməyə çalışdım: “Müəllim, narahat olmayın, polislər alimləri tanımasalar da, jurnalistlərə hörmət edirlər”.

Bu vaxt cavan bir çavuş bizə yaxınlaşıb ədəb-ərkanla özünü təqdim edəndən sonra sürücüdən sənədləri göstərməyi xahiş etdi. Professorun sənədləri qaydasında olduğu üçün hər hansı narazılıq baş vermədi. Buna baxmayaraq, o, yolumuza davam etməyə icazə vermədi. Çavuş əlindəki cihazı sükanın arxasında əyləşmiş professora uzadıb, belə dedi: “Zəhmət olmasa, bura üfürün”.

Kişi əl-ayağa düşdü: “Rəis, mən Allah adamıyam. İndiyə kimi 4 dəfə Həcc ziyarətində olmuşam. 20 ildi namaz qılıb, oruc tuturam. Çiyinlərindəki “poqon”lara and olsun ki, uzun illərdi dilimə spirtli içki dəymir”.

Utandığımdan başımı aşağı salmışdım. Müəllimin ibadət əhli olduğunu bilirdim. Onu da bilirdim ki, həmişə haram tikədən uzaq durub. Amma onun 20-22 yaşlı bir çavuşun qarşısında bu qədər dil tökəcəyini heç vaxt ağlıma gətirməmişdim. Axı, həmin cihaza üfürmək adını düz-əməlli yaza bilməyən bir çavuşun qarşısında alçalmaqdan milyon dəfə asan işdir...

Oğlan professoru diqqətlə süzəndən sonra “yaxşı yol” deyib, arxasını bizə çevirdi. Bu dəfə mən onun üstünə düşdüm: “Müəllim, namaz əhli olduğunuzu hər fürsətdə dilə gətirmək yaxşı hal deyil. Üstəlik, bunun həmin çavuşa heç bir dəxli yoxdur. Siz Allah-Təalanın, o isə qanunların qarşısında öz vəzifəsini yerinə yetirir”.

Professor dilxor olduğu üçün cavab qaytarmadı. Mənzil başına çatanda könülsüz sağollaşıb ayrıldıq.

P.S. Həmişə məni bir sual düşündürüb: Azərbaycanda yaltaqlar niyə bu qədər çoxdur? Ötən gecə yol polisi ilə professorun arasında baş verən söhbətdən sonra bu suala cavab tapdım. Nəvəsi yaşda olan çavuşun “poqon”larına and içən alimin yetişdirdiyi adam elə onun özü kimi yaltaq olmalıdır...