Çayxanada kazino təşkil etdilər

cayxanada-kazino-teskil-etdiler
Oxunma sayı: 2122

Bakıda kazino təşkil edib qumar oyunları keçirilən məkan aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib. Obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin orada qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar, noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Murad Əhməd