“Cazın birinci ledisi” Bakıda konsert verdi - Fotolar

cazin-birinci-ledisi-bakida-konsert-verdi
Oxunma sayı: 1488

Noyabrın 15-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı caz ifaçısı, “Qremmi” mükafatı laureatı Patti Ostinin konserti keçirilib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Patti Ostin Bakıda dünya cazının ulduzu, əfsanəvi müğənni Ella Fitzceraldın xatirəsinə həsr etdiyi, “Qremmi” mükafatının nominantı olmuş “For Ella” musiqi albomunu təqdim edib.

Caz həvəskarları konsertdə “Too Close For Comfort”, “Honeysuckle Rose”, “You'll Have To Swing It”, “Our Love Is Here To Stay”, “A Tisket A Tasket”, “Miss Otis Regrets”, “The Man I Love”, “Hearing Ella Sing” və digər hitləri dinləyiblər.

Dünyada “Cazın birinci ledisi” hesab olunan E.Fitzceraldın bu il 100 illiyi qeyd edilir. Patti Ostin bu münasibətlə konsert turnesinə çıxıb. Noyabrın 7-də başlayan turne Finlandiya, Norveç, İsveçi əhatə edib və Azərbaycanda başa çatıb.