Cəbhəçinin azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu

Cəbhəçinin azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu
Oxunma sayı: 53

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin həbsdə olan üzvü Asif Yusiflinin həbs cəzasının çəkilməmiş hissəsindən azad olunması məqsədilə məhkəməyə müraciət edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə A.Yusiflinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, o bununla bağlı Suraxanı rayon məhkəməsinə müraciət edib: "Asifin cəzası 5 ildir. O, artıq cəzasının 2 ildən artığını çəkib. Cəzasının 3/1-ni çəkən məhkumun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və azadlığa buraxılması mümkündür. Ona görə də, bu barədə məhkəməyə müraciət etmişəm. Müraciət artıq məhkəmənin icraatına götürülüb, yaxın günlərdə yəqin ki, məsələyə baxılacaq".

A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 6 il müddətinə azadlıqdan məhrum edilib.

A.Yusiflinin barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 6 may 2016-cı il tarixli Qanunun tətbiq edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqdimatı təmin etməyib. Həmin qərardan narazı qalan A.Yusifli apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.

Qərardan verilən kassasiya şikayəti Ali Məhkəmə tərəfindən qismən təmin edilib, A.Yusiflinin cəzası 6 ildən 5 ilə endirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi