Cəbhədə arzulanan zoğal mürəbbəsi

cebhede-arzulanan-zogal-murebbesi
Oxunma sayı: 6620

Günel Hacı

Düzü, bu mövzuda hisslərimin adını hələ özüm də qoya bilməmişəm. Amma sevincə daha yaxın görünür. Hə, deyəsən sevinirəm. Çünki hər şəhid şəklinə baxandan sonra boğazımda düyümlənən o bərk şey balaca bir evin dağılmış eyvanından, qoca taksi sürücüsünün o tərəf-bu tərəfi yamanmış maşınının pəncərəsindən, hər gün heyranlıqla baxdığım otelin vestibülündən asılan bayrağımızı gördüyüm zaman daha da böyüyür. Artıq özüm-özümə inanmıram. “Bəlkə mən də süni pafos qurbanıyam?!”-, deyə çox fikirləşmişəm. İnsan ölümünə qarşı olan biri kimi özümü erməni cəsədinə baxıb sevinən yerdə yaxaladığım hallar da az deyil. Üzüntüdən yaşarmış gözlərimdəki damla, bir neçə saniyə sonra sevincdən axmağa başlayıb. O iyun ayından dilimizə dolanan bir cümlə var ha - “... gözləri yaşarmayan qanını yoxlatsın”. Əgər bu 4-5 gündə də qocalı-cavanlı, oğullu-qızlı gözü yaşarmayan oldusa, qanını yox, ürəyini yoxlatsın, məncə.

Başlanğıcı ilə sonu bizə göz qırpımı kimi görünən adi həftələrdən birinə qeyri-adi ömür sığdıra bildik. Bir xalq olaraq birinci saniyədə sevinib ikinci saniyədə hönkürməyə başladıq. Liberalı, demokratı, müxalifi, loyalisti, anarxisti, kəndlisi, şəhərlisi-bir-birimizdən tutunaraq mümkünsüzü bacardıq. Hətta Müdafiə Nazirliyinə sosial şəbəkədə hesab belə açdırdıq. Buna bir igidin ömrü də deyə bilmirik. İgidlərimiz nə qədər yaşadı? 19-20 il... Ancaq onlar bu bap-balaca ömürlərinə nələr sığışdırmayıblar ki... Universitetə hazırlaşanda deyirdim “bircə istədiyim balı toplayım, sonra ölsəm də, olar” (o zaman universitet deyəndə təsəvvürümdə başqa həyat canlanırdı). Ancaq 2 il gecəmi gündüzümə qatsam da, gözümü -2, belimi donqar etsəm də, 600 bala çata bilmədim. Odur ki, mənim arzum yerinə yetmədi. Deyəsən, bu 700 ballı şəhidimizin də diləyi mənimlə eyni olub. Əfsuslar olsun ki, onun duası eşidilib...

Dua demişkən, övlad üçün iki şey çox dəyərlidir: anasının duası, bir də xəstələndiyi zaman çayın içinə qatıb içirdiyi zoğal mürəbbəsi. Mən bundan ülvi sevgi hələ ki, görməmişəm. Əsgərlərimizə sevgimizi birtəhər göstərmək üçün ötən gün beşdən-üçdən bir şey alıb cəbhəyə göndərirdik. Səhv etmişik, ya düz deyə bilmərəm. Bircə onu bilirəm ki, bunu etməklə boş danışmaqdan başqa bir köməyim yetmədiyi bir zamanda yanlarına gedib qayıtmış qədər oldum.Yenə də deyirəm, Cənubi Qafqazın ən güclü ordusuna sahib olduğumuzu çox gözəl dərk edirik. Hər il ayrılan məbləğləri nəzərə alsaq, bu, belə də olmalıdır. Qadınlardan biri bişirdiyi zoğal mürəbbəsinin bankasını dostumuzun əlinə verərək deyib ki, oralar indi soyuqdur, övladlarımız zoğal mürəbbəsilə çay içsinlər, xəstələnməsinlər. Bayaqdan çeynədiyim fikirləri bu qadın bir cümləsilə ifadə edə bilib, məncə. Odur ki, sussam yaxşıdır...