Çəkiliş meydanından cərrahiyyə stoluna - Fotolar

cekilis-meydanindan-cerrahiyye-stoluna-fotolar-
Oxunma sayı: 692

Ötən ilin noyabrından Azərbaycanda çəkilişləri davam edən “Ultionis” psixoloji trillerinin çəkilişlərində fasilə yaranıb. Səbəb baş rolun ifaçısı, gənc aktyor Əflatun Abdullayevin səhhətində qəfil yaranan problem olub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Nicat Qafuroğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, aktyor elə çəkiliş meydanında özünü pis hiss edib: “Elə bir epizodu çəkirdik ki, Əflatunun üzündə əzab və yorğunluq ifadəsi olmalı idi. Monitordan gördüm ki, bu əzab nəzərdə tutduğumuzdan daha çoxdur. Sən demə həmin vaxt onun içəridə orqanlarından biri partlayıbmış. Əvvəlcə onun zəhərləndiyini zənn edib, Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Müayinələr zamanı isə məlum oldu ki, təcili əməliyyat olunmalıdır. Əməliyyat Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda oldu. Yenicə palataya köçürülüb. Onun nə zaman çəkiliş meydanına qayıtmağını təbii ki, həkimlər müəyyənləşdirəcək”.
İnstitutun cərrahı Ramin Qasımov bildirib ki, kəskin qarın ağrıları ilə gətirilən Əflatun Abdullayev pertonit - başqa sözlə, apendisitin partlaması səbəbindən əməliyyat olunub. “Xəstənin vəziyyəti hazırda orta ağırdı”.
Qeyd edək ki, “Qafuroğlu Film” Yaradıcılıq Birliyinin ekranlaşdırdığı “Ultionis” bədii filmində Azərbaycanın xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva, ümumilikdə 167 aktyor və aktrisa rol alıb. Nüfuzlu beynəlxalq müsabiqələrə göndərilmək üçün nəzərdə tutulan film 3 dildə - Azərbaycan, rus və ingilis dillərində səsləndiriləcək.
Rejissorun bildirdiyinə görə, hazırda çəkilişlərin ən son mərhələsidir.

Nigar Məmmədli