Cəlilabadda birinci rübün yekunları müzakirə edilib - Foto

celilabadda-birinci-rubun-yekunlari-muzakire-edilib
Oxunma sayı: 864

Mayın 11-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

“Qafqazinfo” xəbər verir ki, şura iclasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Namiq Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019- ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirib ki, 2019-cu ilin birinci rübündə Cəlilabad rayonunun iqtisadiyyatını möhkəmləndirmək üçün daxili imkanlardan səmərəli istifadə edilib, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılıb, ictimai-siyasi sabitlik qorunub saxlanılıb.

Hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilmiş və həmin sahələri yüksək aqrotexniki qaydada becərilir. Keçən il 5000 hektar sahədə kartof əkilib, hər hektardan 221 sentner məhsul götürülərək 110,5 min ton kartof istehsal edilib.
 
Rayonda 2018-ci ildə 505 hektar sahədə pambıq əkilib və 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul istehsal edilib. Ümumi məhsuldarlıq hər hektardan 28,65 sentner olub ki, bu da respublika üzrə ən yüksək göstəricidir. 

Birinci rübdə 2545 yeni iş yeri açılıb, 755 nəfər ictimai işlərə, 341 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib.

Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox bəzək ağacı və gül kolları əkilib, Cəlilabad-Biləsuvar avtomobil yolunun kənarında tarlaqoruyucu meşə zolaqları salınıb.

Prezidentin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hazırda 10 kənddə modul tipli məktəb tikilir. Hər il olduğu kimi, bu il də fevralın 11-dən mayın 1-dək vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilir. 

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.