Çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyalar yaradılacaq

celtikcilik-cayciliq-ve-sitrus-meyveleri-uzre-assosiasiyalar-yaradilacaq
Oxunma sayı: 880

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumlarının rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak edib.

Tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya  qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.

Tədbirdə çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə müxanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə Assosasiyaların yaradılması barədə öz təkliflərini veriblər. 

Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara qısa zamanda hər 3 sahə: çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyaların yaradılması barədə təkliflərini qısa zamanda təqdim etmələri tövsiyə edilib.