Cəmiyyət və yaradıcı şəxsiyyət...

cemiyyet-ve-yaradici-sexsiyyet
Oxunma sayı: 11660

Nadir Qocabəyli

Cəmiyyətin təsiri olmadan yaradıcı şəxsin statusunda dəyişiklik baş verə bilmədiyi kimi, cəmiyyət özü də yaradıcı şəxsiyyət olmadan inkişaf edə bilməz. Necə deyərlər: “Dünyanın bütün sərvətlərinin ilkin mənbəyi düşüncədir!”

Cəmiyyətin inkişafı üçün daim yeni tələblərə ehtiyac var. Bu tələblər insanın hərtərəfli fəaliyyətində, güc və imkanlarının keyfiyyət və kəmiyyətində özünü göstərir. Qabaqcıl cəmiyyətlər getdikcə əsas sərvətinin insan, daha doğrusu, yaradıcı insan olduğunu daha dərindən dərk edirr. Yaradıcı şəxsiyyəti tərbiyə etmək, yəni yaradıcılıq üçün kontekst, şərait və mühit formalaşdırmaq da, yaradıcılığa tələbat, meyil və həvəs yaratmaq da cəmiyyətin xüsusi səyi, bu mədəni məqsədə yönəlik müvafiq siyasət olmadan mümkün deyil. Burada əsas rol estetik tərbiyənin və inkişafın üzərinə düşür ki, bu da insan xarakterinin keyfiyyətli şəkildə təkmilləşməsinin ən mühüm komponentlərindəndir.

Estetik tərbiyə insanı sanki yenidən yaradır, onun ruhunu yenidən qurur və dünyagörüşünü gözəlləşdirməklə, şəxsiyyətin formalaşmasının əsas elementinə çevrilir, onu tamlaşdırır və bütövləşdirir. Özü də mədəniyyətin subyektinə çevrilən insan dolğun, hərtərəfli, təkrarolunmaz şəxsiyyət kimi ortaya çıxır. Cəmiyyətin inkişafının, bioloji növ olan insanın fiziki və mənəvi sağlamlığının mənbəyi də şəxsiyyətlərdən və onların yaradıcı düşüncələrinin zənginliyndən qaynaqlanır.

Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. İnsan yalnız yaradıcılığa olan daxili tələbatından ilhamlanaraq, özünü yaradıcı mövqeyə, yaradıcı fəaliyyətə məcbur və həsr edərək yarada bilməz. Çünki onda yaratmaq ehtiyacını əmələ gətirən faktor təkcə daxili ovqatı deyil, eyini zamanda yaratmaq imkanlarının, həyatı dolğun yaşayıb-duyduğu halda, həm də yaradıcılıq gücünün qalmasıdır. Bu səbəbdən də, cəmiyyət təkcə alturist meyillərdən deyil, o cümlədən özünüqoruma və özünüdəstəkləmə tələbatlarından çıxış edərək, müvafiq yaradıcı mühitin formalaşması, ona stimul verən amillərin vacibliyi haqqında düşünməlidir. Bunun üçün ictimai rəydə yaradıcı təfəkkürə və yaradıcı qurumlara yüksək qiymət verilməli, yaradıcı şəxsiyyətin və yaradıcı fəaliyyətin ictimai statusu daim yüksəldilməlidir.

Ən ağıllı, bilikli, istedadlı, enerjili, iradəli insanlar əhalinin 20 faizini təşkil edir. Yəqin ki, tarixin bütün dönəmlərində prosesləri millətin məhz bu hissəsi (yəni beşdə biri) hərəkətə gətirib, milləti də o formalaşdırıb. Odur ki, dövlətin siyasi, iqtisadi və mədəni layihələrinin gerçəkləşdirilməsində, mühüm qərarların qəbulunda və onlara görə məsuliyyətin daşınmasında məhz ziyalı şəxslər, yəni bilik və mədəniyyət daşıyıcıları aparıcı rolda olmalıdırlar. Çünki XXİ yüzilin bundan sonrakı informativ intellektual-mənəvi həyatının sosial bazasını məhz onlar təşkil edirlər və gələcək cəmiyyətin başlıca bəşəri, milli marağı olan yaradıcı şəxsiyyətin inkişafını yalnız onlar həyata keçirməyə qadirdirlər. Azərbaycanda bu məsələnin hələ ki yetərincə ürəkaçan olmadığını təəssüflə qeyd etməliyəm.

Bəs cəmiyyətdə yaradıcı şəxsiyyətlərin təhsil, təlim-tərbiyə yoluyla çoxalması üçün hansı dəyərlər tətbiq və təbliğ olunmalıdır? İlk növbədə, təhsil mütləq və sözün əsil mənasında humanitar olmalıdır. Bu kontekstdə söhbət heç də təkcə humanitar biliklərin verilməsiylə kifayətlənməkdən getmir, çünki dərs proqramlarında humanitar xarakterli mövzular mexaniki şəkildə olsa da, qismən var. Humanitar təhsil ilk növbədə şəxsiyyətin sarsılmaz mahiyyətinin, onun öz-özü qarşısında məsuliyyət hissinin forlmaşmasının qayğısına qalmalıdır; çünki məhz bu keyfiyyətlər bütün həyatı boyu onun davranışlarını, qabiliyyətlərini, peşəkarlığını şərtləndirəcək. Bizim ən çox pul söhbəti gedən məktəblərin belə şəxsiyyətlər yetişdirəcəyi az ağlabatandır. Bizim orta və ali məktəblərin əksəriyyəti gələcəkdə almağı və verməyi yaxşı bacaran vətəndaşlar yetişdirməklə, şəxsiyyəti boğmağa amadə bir cəmiyyət yetişdirməklə məşğuldur.

İnsan olmaq – insan olmağa səy göstərməkdir. Adam olmaq yalnız təlim-tərbiyə ilə mümkündür. Bütün bunları “həyat nou-hausu”, yəni “həyat bilgisi” də adlandırmaq olar. Biz çox zaman yaradıcı şəxsiyyətin formalaşdırılmasıyla bağlı deklorativ şüaarlar eştsək də, reallıqda dövlətin, cəmiyyətin stabilliyi üçün konformist (öz davranışlarını ictimai rəyə əsasən müəyyən edən, prinsipsiz) şəxsiyyətin yetişdirilməsinə üstünlük verildiyini müşahidə edirik. Ancaq konformistlər cəmiyyətin inkişafı üçün heç nə verə bilməzlər, bunun üçün mütləq yaradıcı, yenilikçi şəxsiyyətlərə ehtiyac var. Ancaq etiraf etməliyik ki, hazırda bizim cəmiyyətdə birincilərin mütləq çoxdluğu inkişafımızda ciddi tormozlayıcı rol oynayır. Bəlkə də, konformistlərlə yaradıcı şəxsiyyətlər arasında balans yaradılması cəmiyyətin tədrici pozitiv inkişafının şərtlərindən biri ola bilər.