Cəmiyyətdəki qəddarlaşmanın səbəbi nədir? - RƏYLƏR

cemiyyetdeki-qeddarlasmanin-sebebi-nedir-reyler-
Oxunma sayı: 651

Təkliflərin sırasında Azərbaycanın TV məkanında qadınların məlumatlandırılması üçün sosial reklam çarxlarının pulsuz olaraq yayımlanması üçün imkanların yaradılması, TV-lərdə gedən sosial verişlərin maarifləndirmə verilişləri ilə əvəzlənməsi, teleseriallarda cəmiyyəti bu yöndən maarifləndirən ssenarilərə üstünlük verilməsi kimi məqamlar var.

Bəs, Azərbaycan televiziyalarının, mətbuatının, bütünlükdə KİV-lərinin bu kimi məsələlərə yanaşması necədir? Və ya belə həssas məqamlara münasıbəti necə olmalıdır?

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
Publika.Az-a açıqlamasında bildirib ki, bu gün o insanları KİV-lər öldürür: “Bir adamın öz ailəsini, qızını qətlə yetirməsinin bu şəkildə geniş yayılması, psixikası normal olmayan insanlar təsir edir. Onlar düşünürlər ki, belə şey etmək mümkündürsə, mən də edim. Bu məqamda KİV-lər ehtiyatlı olmalıdır. Ümumiyyətlə, kriminal xəbərləri bu cür qabarıq, hətta bəzən ilk olaraq yaymağın sevincini yaşayan KİV-ləri başa düşmürəm. Televiziyalarımız insanların başına gələn faciədən xəbər kimi istifadə edib, izləyicisini artırmaqla məşğuldur. Olmaz. İnsan faciəsindən şou düzəltmək, reytinq qazanmaq olmaz. Bu kimi xəbərləri verəndə, həm də mahiyyətini, maarifləndirici, sakitləşdirici məqamları da vermək lazımdır. Mən düşünürəm ki, bu kimi hadislərin arxasında KİV-lər dayanır. KİV-lər insanları öldürür”.

Televiziya üzrə ekspert Elçin Əlibəyli
isə, televiziyaları böyüdücü şüşə adlandırıb: “Televiziyalar böyüdücü şüşədir, cəmiyyətdə nə olsa, onu göstərməlidir. Bəzən deyirlər ki, cinayətin sayı artıb. Bu, belə deyil, sadəcə, bizə elə gəlir. İndi informasiya portallarının sayı artdığı üçün bu xəbərlər bizə çox görünür. Onu da deyim ki, cəmiyyətə hər zaman cinayət xronikası hadisə kimi çox maraqlı olub. Əgər, belə olmasaydı, dünyada ən çox satılan ədəbiyyatların içində detektiv ədəbiyyat bu qədər yer tutmazdı. Əksər seriallarda, xüsusən, son dövrlər Türkiyədə çəkilən seriallarda, Rusiyada gedən silsilə verilişlərdə kriminalın bu qədər qabardılması da insanların bu sahəyə maraqlı olmasından irəli gəlir”.

Lakin televiziyanın bir başqa funksiyası da var. Ekspertimiz bu barədə də açıqlama verdi: “Televiziyanın ikinci bir funksiyası da var ki, bu, birincidən az deyil. Bunu pedaqoji funksiya da adlandırmaq olar. Bu isə, insanlar arasında müəyyən problemlərin çözülməsindən və bu problemlərlə bağlı təşkil ediləcək tok-şoulardan ibarətdir. Bu yoldan yayınmağın çağırışları səslənsin. Təəssüf ki, Azərbaycan teleməkanında tok-şoular ümumiyyətlə, yoxdur. Kriminal xəbərləri elə birbaşa efirə verirlər. Ötən gün Mərdəkanda, Mənsimovlar ailəsində baş vermiş bu hadisə, əslində, çox böyük ailə faciəsi idi. Bu gün Azərbaycan telekanalları bu məsələni canlı yayımla müzakirə etməlidirlər və bütün ictimaiyyət ayağa qalxmalı idi. Hadisənin mahiyyətindən daha çox, hadisənin miqyası adamı dəhşətə gətirir. Hadisənin başvermə səbəbi mənim üçün maraqlı deyil. Lakin bu, bir ailənin problemidir. Nədir, problem? Bax, bu sual qoyulmalı idi, canlı yayımda...”

Media eksperti, tanınmış telejurnalist Qulu Məhərrəmli
KİV-ləri mənfi hadisələri yanlış təqdim etməkdə günahlandırıb: “Burada ilk olaraq bir sual oraya çıxır. Niyə Azərbaycan televiziyaları tamaşaçılara yaxın deyil? Bu gün televiziyalarda məişətə, ailə münasibətlərinə, kriminal verilişlərə geniş yer verilir. Pis nümunə həmişə geniş yayılır. Kriminal verilişlərini, dəhşətli filmlərin çoxluğu zorakılığın birbaşa təbliğidir. Biz təbii ki, kriminal hadisələri işıqlandırmalıyıq. Amma bu hadisələri detallı, cazibədar, elə gözəl təqdim edirik ki, istər-istəməz tirajlanmaya meyl yaradır. Psixoloji baxımdan, bu, yol verilməzdir. Bu hadisələrin işıqlandırılma qaydaları var. Mənfi obrazların qəhrəman kimi təqdim olunması, yaramazlığın tirajlanması, mənfi hərəkətlərin populyarlaşdırılması insanların beynində mənfi yük yaradır. İnsanlar belə şeylərə baxırlar, bu haqda düşünürlər və ən pisi odur ki, yamsılamağa başlayırlar”.

Q. Məhərrəmli bildirib ki, televiziyalarımızın yayım siyasəti düzgün qurulmayıb: “O insanlar ki, televiziyanın əsiridir, hər gün bu kimi xəbərləri görəndə, bu hadisələrin olması təbiidir.Televiziyaların yayım siyasəti düzgün qurulmayıb. Cəmiyyətə xoşgörünü, dialoqu, barışı, insanların bir-birini anlamasını və güzəştə getməsini, problemlərin danışaraq həllini təbliğ edən verilişlər yoxdur. Kiminsə balaca qazanc əldə etmək cəhdi, görün, nə böyük problemlər yaradır. Hanı bizdə gündəlik tok-şoular, debatlar, ictimai problemləri müzakirə edən verilişlər? Ancaq kim, kimi evdən qovdu, söydü, əmlakını əlindən aldı və başqa mənfi hadisələr haqda danışılır. Bu da domino prinsipi ilə çox pis effekt yaradır. Və nəticədə sözügedən arzuolunmaz halların sayı artır”.

“Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı
Azərbaycan televiziyalarının maarifçilik işini görə bilmədiklərini deyib: “Ailə-məişət zorakılığının qarşısını hansısa qanunla almaq mümkün deyil. Çünki ailə qapalı yerdir, hər bir ailənin özünəməxsus xüsusiyyətləri var. Son illərdə Azərbaycanın ailə institutunda problemlər yaranıb. İnternetin ölkəyə gəlməsi, ölkə sərhədlərinin şəffaflaşması, xarici KİV-lərin Azərbaycan məkanına tez sirayət etməsi və bu kimi digər məsələlər ailə institutunu tərpədib. Bu sahədə ancaq KİV-lərin böyük işinə ehtiyac var. Psixoloqları, Azərbaycanda ailə institutunu mükəmməl bilən insanları, ziyalıları bu işə cəlb etməklə, bu işi qurmaq olar. Amma Azərbaycanda maarifçilik işini apara biləcək televiziya azdır. Yalnız dövlət tərəfindən maliyyələşən televiziyalar bu işi aparır. Digər televiziyalarda isə, bu məsələ telekanalın siyasətini müəyyənləşdirən insandan asılıdır. Özəl televiziyaların məqsədi kommersiya əldə etməkdir. Onlara hansısa şəkildə qadağa qoymaq mümkün deyil”.