Cəmiyyətin “günah”ı

cemiyyetin-gunahi
Oxunma sayı: 2638

Dünya SAKİT

Repçi Anar Nağılbazın vəfatı ilə bağlı aparılan müzakirələrdə diqqətimi bir maraqlı məqam cəlb etdi: bəziləri onun ölümündə cəmiyyəti günahlandırdılar. Heç demə cəmiyyət Anarın qeyri-ordinar davranışlarına kəskin reaksiya verdiyi üçün o ölübmüş…

Bu fikir, əlbəttə, çoxlarında qıcıq yaratdı və uzun müzakirələr aparıldı. Cəmiyyəti müdafiə edənlər haqlı olaraq bildirdilər ki, hər kəs etdiyinin cavabını alır: nə az, nə çox. Sən cəmiyyətə necə yanaşırsansa, o da sənə eyni cür yanaşır.
Fikir verirəm, yalnız Anar Nağılbaz olayında deyil, digər çoxsaylı məsələlərdə insanlarımız heç dəxli olmadan rahatlıqla bütövlükdə cəmiyyəti qınayırlar. Biri özünü asıb öldürür, digəri sərxoşluqla məşğul olur, nə bilim bir başqası ailəsindən ayrılır. Ətrafdakılar da düşürlər cəmiyyətin canına: sən demə, bütün bunların hamısında cəmiyyət günahkar imiş…

Kimdir axı bu cəmiyyət? Niyə hamımız bu yazıq cəmiyyətin üstünə düşürük? Cəmiyyət əslində mənəm, sənsən, odur – biz hamımızıq. Biz hamımızı o zaman günahlandırırıq ki, günah saydığımız hərəkətlərin, konkret günah sahibinin adını çəkməyə cürətimiz çatmır. Ya da özümüzün günahımızın nə qədər böyük olduğunu görürük, dərk edirik, amma etirafa gücümüz olmur. Bax, o zaman cəmiyyət dadımıza çatır. Bütün nifrinimizi, özümüzə, bizə acı, qəzəb yaşadanlara olan hirsimizi tökürük cəmiyyətin üzərinə. Cəmiyyət – bizim üçün günah keçisidir. Bir çox hallarda günahlar, günahkarlar toplusudur. Elə bir toplu ki, günahları etiraf etməmək, günahkarı göstərməmək üçün hamımız onun adından istifadə edirik. Cəmiyyət isə əksər hallarda susur – uzağı bir neçə nəfər səsini çıxarır, onu da tezliklə batırırıq.

19-cu əsrin ilk qərinəsində yazılan əsərləri oxusaq, Mirzə Ələkbər Sabirdə, Cəlil Məmmədquluzadədə cəmiyyətin – xalqın tənqidini görürük. Kefli İsgəndərin bir kəndin timsalında bütün Azərbaycanda mövcud olan problemi dilə gətirmə tərzinə diqqət yetirdikdə, cəmiyyətin o zamanlar da “döyülüb-söyüldüyünü” görürük. Lakin indikilərdən fərqli olaraq, böyük ədiblərimiz fərdlərin günahlarını cəmiyyətin boynuna yükləmirdilər. Onlar cəmiyyətin öz günahını özünə demək cəsarətinə sahib idilər. Buna görə ağır cəzalandırılsalar da, çəkinmirdilər. Biz isə cəzadan, bəzənsə hətta adi qınaqdan qorxaraq cəmiyyətin üstünə yürüyürük. Ünvansız ittihamlar, tənqidlər baş alıb gedir. 

Bəlkə də çoxları düşünəcək ki, açıq danışanı, hədəf göstərəni cəzalandırırlar deyə yaranıb bu vəziyyət. Amma məsələ burasındadır ki, ən adi, siyasi əhəmiyyəti olmayan məsələlərdə də biz eyni vəziyyəti müşahidə edirik.
Belə ünvansız tənqidlərlə, cəmiyyətə yönəlik haqsız ittihamlarla hara qədər gedəcəyik, düzü, bilmirəm. Düşünürəm ki, elə bir gün gələcək ki, ötən əsrin əvvəllərində olduğu kimi, hərənin günahını öz ayağına yazacaq insanlar yetişəcək. Eyni zamanda cəmiyyət ünvansız ittihamlardan bezib özü cavab verəcək hamıya. Onda yəqin ki, cəmiyyətin qaydalarına qarşı gedənlər adekvat münasibət görəcəklərini dərk edərək addım atacaqlar. Kənardakılar da bu reallığı qəbul edib səsləndirəcəklər ittihamlarını. İnşallah ki, o gün gələcək…