Cəmiyyətin serroz edib sağ buraxmadığı Təhminələrə ...

cemiyyetin-serroz-edib-sag-buraxmadigi-tehminelere-
Oxunma sayı: 2022

Aysu Kərimova

Kimdir qadın? yaxud kimdir Təhminə? Bəlkə, qadınlar  iki yerə bölünür: xırda, səliqəli dolma bükməyi bacaran, dilsiz-ağızsız, ədəb-ərkanlı, əxlaqlı, analı-atalı Firəngizlər və boz düşüncələrə, pas atmış, qatı, mental çərçivələrə sığmayan, beşmərtəbəli evin altıncı mərtəbəsində tək kreslolu evində əyləşib “Küçələrə su səpmişəm”i dinləyən o serroz, o kədərli, Allahın unutduğu, qaraciyəri Zaur olan, “Məcnun Təhminələr”.

Əslində soyuq başla düşünəndə, saçı uzun, ağlı qısa, “qadın şeytandır” məntiqi ilə hərəkət edən bir cəmiyyətdən Təhminəni anlamasını ummaq absurddur. Bu, balığın ağacda yaşamasını xəyal etmək kimidir.

Bəs növlərə ayırmasaq necə? Qadını hansı ifadəyə sığışdıra bilərik görəsən? Təbiətən başqa cür yaranan Qadın-bir cinsiyyət-məhsuldarlıq simvolu, geniş mənada insandır. O, sığınmağa, söykənməyə meyillidir. Rahat bucaq, isti qucaq axtarır. Kişi isə genetik olaraq qoruyandı, yuvadı. Qadın hər zaman onun solunda, özünü beşiyindəki kimi arxayın, qayğısız hiss etməyə ehtiyac duyur....

Dünyada heç bir qadın “azad”, tənha qocalmağı istəmir. Harda bədbəxtlikdən giley-güzar edən qadın varsa o, nə vaxtsa  azadlıq tablosunu çəkmək istəyərkən əxlaqa dəyib-dolaşıb. Qızıl ortanı qoruya bilməyən axmağın biri olub... Qınamayaq. Onu ya məişətindəki ata diqqətsizliyi Nirvanaya qaldırıb, ya da Tanrı bildiyi “sevgi” yarımçıq edib, bu məzmunsuz şüarın predmetinə çevirib. Bütün hallarda, “yarımçıq”, “ürəkdən əlil” qadınlar azadlıq “istəyirəm” deyib aləmə car çəkir.

Hər gözəl, gözəl olmayan insan bənizli varlıq kişi qəlbində siyasətsiz taxt qurmağı bacarıbsa, demək, adı qadındır. Onun necəliyindən danışmaqla isə neçə-neçə uzun qış gecələrini səhərə dəyişmək olar.

Kim deyir ki, “qadınlıq” anlayışını “ər” və uşaqsız təsəvvür etmək mümkün deyil? Kim ortaya tutarlı dəlillər qoya bilər ki, kişinin namusu qadındır? Məgər tək kişinin namusu olmur? Kim sübut edə bilər ki, sevgilər evliliklə nəticələnəndə bu sevgi qanuni sayılır? Məgər sevginin leqal və qeyri-leqal tərəfləri də mövcuddur?

Xoşbəxtlik... Sevgi... Təhminə...

Bu üç inikas tərkibləri hazırkı cəmiyyət nümayəndələrinin digər əhəmiyyətli şeylər kimi üzərindən ötüb keçdikləri dayaz bir mövzu təsiri bağışlayır.

Necə ki, şokolad toxluq hissini yaratmaq üçün deyil, çaya xüsusi dad vermək üçündür, eləcə də xoşbəxtlik kimi nisbi olan şeylər insanı həyata bağlamır, onlar sadəcə ömrün “şokolad”larıdı.

Təhminə... Ondan nifrət edənlər, onu daş-qalaq dağı altında basdırmaq istəyən həmcinslərinin ömürləri boyu sevgi deyilən şeydən xəbərləri olmayıb. O biçarələr üçün təfavütü yoxdu, bilmirlər ki, məhəbbət xarakterlərə, irqə, dilə, dinə, milli mənsubiyyətə, iqtisadi əsaslara söykənmədən kiminlə gəldi olur.

Təhminə digərlərinin gözündə ancaq “ikincili məşuqə” rolunda çıxış edib. Bəs bu gözlər öz-özlərinə necə görünürdü? Hissiz, yazılmamış cütlük qanunu xatirinə “həyat yoldaşı” mövqeyindən çıxış edərək, bütün günü boşqab-qazanla, dedi-qoduyla məşğul olarkən özlərinə dəhşət görünmürlərmi? Niyə axı onların adı qadın olmalıdır, ağzını Tanrı yoluna qoyub başqalarına qulp calamayan, qadın nəcibliyi və mədəniyyəti, ən azından danışıq həyası olan Təhminə normal qadın kimi qəbul edilməməlidir?! Niyə? Ona görə ki, o, ərli qadın idi? Ona görə ki, o, başqasını sevirdi? Düzdür, haqlısız. Razıyam... Bu, ən böyük səhvi idi. Həqiqətən də, o niyə boş, mənasız cütlük bağından azad olub Zaurla az da olsa, normal münasibət yaşamırdı? Onu dünyada ən az narahat edən şey var idisə, o da haqqındakı dedi-qodular idi. Onsuz da lap əvvəldən bilirdi ki, münasibətlərinin ciddi, ürəkaçan nəticəsi olmayacaq.

...amma yenə Zaura həmişə deyirdi: “Səni mənə versəydilər, Allaha da xoş gedərdi”

Sevgisini ona xor görən cəmiyyət Təhminəni sağ buraxa bilməzdi... Zaursa könül xoşluğu ilə bu qadını “onlara” satır.

Sual çıxır: Niyə?

Axı o bütün günü pul davası edən, onun-bunun saçını, gözünü, geyimini müzakirəyə qoyan mətbəx əsir-yesirləri kimi acgöz deyildi. O, ömürdən oğurladığı zaman aralığına sığdırdığı sevgi qabarmaları, təzahürləriylə, “həyat” adlı daha çox başqalarının düşüncələrindən ibarət bu acı çaya şokoladlıq etməklə kifayətlənirdi.

Bəs qadınlığı xarakterizə edən cəhətlərin arasında “azad sevgi” yoxdu?

Məsələ çox danışmaqdadırsa, bu ağzıgöyçəklər tarixdə iz qoymuş, adlı-sanlı, iradəli, uğurlara imza atmış, əzəmət baxışlı qadınlarımızı niyə yaxşı tərəfdən müzakirə etmirlər? 2-ci dünya müharibəsi dövründə iki qadın gəmi kapitanından biri Şövkət Səlimova, ilk qadın nazirimiz Ayna Sultanova, yardımsevərliyi, açıqürəkliliyi ilə yadda qalan, tarixin Xurşidbanu Natəvanının əməlləri, həyat tərzi niyə göz önündə deyil? Məgər onlardamı, üzdə görünməyən sevgi burulğanının azadsızlığına atmışdılar özlərini? Onlardamı, ərli ola-ola hansısa Zauru sevirdilər? Buradan görünür ki, məsələ obyektin böyüklüyündə və kiçikliyində deyil, gözün onu hansı ölçüdə görməsindədir. Nə qədər ki, bir qarın yeməyə, 2-3 uşaq dünyaya gətirmək əvəzinə kişilərə xırda həyat məsələlərində havadarlıq edənlər var, o vaxta qədər sevgisinin ağ bayrağını azadlıqda yellətmək üçün qalxan əli qıracaqlar və o əlin sahibinə qadın kimi baxılmayacaq... Ona görə bu cəmiyyət qul olmağa məhkumdur.

Əsrlərdi ki, Təhminələr cəmiyyətdə arxa oturacaqlardakı rəflərə qaldırılıb... Bu qadına hər tərəfdən baxdıq biz. Qınadıq da, ürəyimiz də yandı, canımız da ağrıdı. Dərd, o yazığlığında qadını Zaurun  görməməsi idi.

İsti - isti bütün Zaurlar, dəli-divanə qiyafəsində özlərini maşın altına atar, namələr söylər, “Moskvaya güləşməyə gedirəm” deyə ailəsinə yalanlar satar,  sənin üçün dəli olmuşamlar, “ölürəm”lərin hərəsini bir qəpikdən döşəyər.

Sonda isə həmişə “serroz” Təhminələrin ciyərini sıradan çıxarar və o qadınlar “Qansız”lıqdan ölər... Qayda budur!

Pis odu ki,  Zaurları dünyaya gətirən analar oğullarını evləndirmək istəyir, “o” qadınla birlikdə olmağını yox... Niyə? Övladı zəlil etmək valideyn “sığalıdımı”?! Nə qorxudur onları?  Dost-tanışın qınağımı? Doğrudanmı bu qədər kütləşmə gedir? İmici ömürə qurban vermək, niyə hələ də səs səmirsiz qarşılanır? Şəkil, toy diski ilə bəyənilən qızların nişan üzüklərinin təkərləri üstə daha neçə qadını serrozdan öldürəcək bu cəmiyyət?

Həqiqət- rəngini, qoxusunu, ölçüsünü, dadını tam olaraq bilmədiyimiz bir meyvədir. Mən onu alma sərhədləri çərçivəsində anlayıram və ətrafıma da onu alma kimi təqdim edirəm. Həqiqət həm də azlığın çoxluğa tabe olması kimi başa düşülməməlidir. Məşhur psixoanalitik Freydin özünün belə cığırına düşə bilmədiyi bir mövzu haqqında dedikləri az da olsa əlimizə ipucu verir. O, deyirdi: “30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: Qadınlar nə istəyir?”

Kiçik haşiyəyə çıxıb, bir məqamı qeyd edim. Fransa musiqisinin əfsanəsi Edit Piaf sevgilisi Marselə ərə getmədi, amma ömrünün axırına qədər böyük məhəbbəti ürəyində gəzdirdi...

Marsel təyyarə qəzasında həlak oldu...

Ömrünün son günlərində Edit jurnalistin suallarını belə cavablandırmışdı:

- Qadınlara nəyi məsləhət görərdiniz?

- Sevməyi...

- Bəs gənc xanımlara?

- Sevməyi...

- Bəs yeniyetmə qızlara?

- Sevməyi...

Ərə getməyin, sevin!.

Əlçatmazlıq bu cəmiyyətdə həm də bir dəyərdi. Sizə əlçatan olduğunuzu heç vaxt bağışlamayacaqlar. 

Qapqara, uzun sıx kirpiklərini qaldıranda, elə bil qədim bir kitabın vərəqini, bəşəriyyət tarixində yeni bir səhifəni açırmış kimi Zaurun yaddaşında qalan bu Qadın, heç nə istəmirdi. Heç nə... Sadəcə sevirdi..

Nəzərə alsaq ki, mükəmməllik həqiqətin ünsürlərindən deyil, onda demək olar ki,  Təhminə bütün zəif və güclü tərəfləriylə, məlaikəliyi və “fahişə”liyi ilə QADIN idi...

“Həminkidi yenə də

O sevgi guşələri,

O gizli aralıqlar.

O xəlvəti görüşlər,

O açıq ayrılıqlar...”

Xülasə, Zauru bağışlamaq gecdi, yersizdi. Onu nə İstanbul xilas edə bildi, nə də ki, Emin Sabitoğlu... Təhminəsizlik Zauru səhərlər, saat yeddidə Dəmiryol Vağzalının bufetində oturub, bayat çörək və qurumuş holland pendiri ilə şirin çaxır içib yavanlıq edəcək günə düşürdü... 

Adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın, altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki?!.