Cənab nazir, bu şəhəri tuneldən nə vaxt çıxaracaqsız?...

cenab-nazir-bu-seheri-tunelden-ne-vaxt-cixaracaqsiz
Oxunma sayı: 644


Bir neçə ildir ki, Bakı yollarını təmirsiz, tikintisi başa çatmayan tunellər, körpülərsiz təsəvvür etmək olmur. Mən gözümü açandan Bakı yollarında təmir- tikinti işləri gedir desəm, yəqin ki yalan olar. Bu gün isə gözünü elə Bakı tıxacında açanlar var, desəm belə yəqin ki, yalan demiş sayılmaram. Təəccüblənməyin, əgər adi bir yağışdan 3-4 saat tıxacda qala bilirsənsə, deməli bu şəhərin yollarında hər şey mümkündür. Düzü o vaxtlar nə indiki kimi körpülər, tunellər vardı, amma deyəsən heç belə tıxaclar da yox idi. O vaxtdan bu vaxta çox şey dəyişib. Elə Bakının məşhur “Küləklər şəhəri” statusdu da... Bu gün paytaxt əhlinin daha böyük problemi var.

Obyektiv olmaq üçün deyəcəm ki, tıxac bütün meqopolislərin üzləşdiyi problemdir. İnsafən də qeyd etməliyik ki, tikilən bütün körpülər, salınan yollar, tunellər də məhz bu problemin aradan qaıldırılmasına yönəlib. Amma yeni salınan körpülərin nə tıxacda sürücülərin köməyinə çatmağı var, bu azmış kimi tikintisi uzandıqca uzanan tunellər sürücülərə üçün sadəcə əlavə maneə yaradır.


Paytaxtda ən çox diqqət çəkən məqam yeni açılışı olan körpülərdən az istifadə olunmasıdır. Sürücülər günahı körpülərin layihəsinin düzgün hazırlanmamasında görürlər. Onların sözlərinə görə, əksər körpülərdə dönmələrin olmaması istər avtobus sürücülərini, istər də sərnişinləri qane etmir. Çünki belə halda tıxacdan xilas olmaq mümkün olsa da mənzil başına çatmaq üçün yolu bir xeyli uzatmaq lazım gəlir. Məsələn, tıxacların ən çox müşahidə olunduğu “20 yanvar” metrosu ətrafındakı körpü 2007-ci ildə istifadəyə verilib, lakin nəqliyyatın intensivliyi müşahidə olunan bu ərazidə sıxlıq hələ də aradan qalxmayıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə bu faktla razılaşmır. Onun sözlərinə görə, körpülər məhz tıxacların aradan qaldırılması üçün salınır və yaxın vaxtlarda həmin istiqamətdə tıxac problemini tamamilə həll etmək üçün yolun genişləndirilməsi işlərinə baxılacaq. İşlər «20 Yanvar» metro stansiyası dairəsi yaxınlığında «Şamaxinka» adlanan ərazidə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr məsafədə, tunelin üst hissəsində aparılır. Yolun genişlənməsi ilə bərabər, yolun bu hissəsində avtomobillərin dönmə əməliyyatı sxeminin də dəyişdirilməsi planlaşdırılır.

Yolu Ziya Bünyadov propektindən düşənlər yaxşı bilir ki, artıq bir ildən çoxdur həmin ərazidə tunel çəkilir. Qeyd edək ki, inşasına 2011-ci ilin iyul ayından başlanılan tunelin ümumi uzunluğu 610 metr, qapalı boyu 140 metr, eni isə 26,5 metr olacaq. Üç gediş – üç gəlişdən ibarət olacaq tunelin hündürlüyü 5,5 metr təşkil edəcək. Suallarımızı cavablandıran sahə rəisi ən çox tıxacların müşahidə olunduğu “Xutor dairəsi”ndən 3-cü mikrorayon istiqamətindəki yolun da yaxın vaxtlarda bağlanacağını deyir. Bundan başqa, tunelin ətrafında yerləşən altmışa yaxın obyekt də söküləcək.

Sahə rəisi bu tuneli digərlərindən fərqləndirəcək özəlliyinin də olduğunu bildirir. Belə ki, onun uzunluğunu nəzərə alaraq, tunelin içərisində fövqəladə hallarda birbaşa üst yola çıxmağı təmin edəcək pilləkənlər quraşdırılıb. Çəkiliş apardığımız zaman ərazidə az sayda fəhlənin gözə dəydiyini desək də sahə rəisi bizimlə razılaşmır və tikintinin planlaşdırılan vaxta qədər başa çatacağını bildirir.

P.Mürsəliyevin sözlərinə görə, Ziya Bünyadov prospektindəki tikinti işləri 2013-cü ildə başa çatacaq. Dörd yol qovşağı və yol ötürücüsü istifadəyə verildikdən sonra ərazidə yenidəqurma işləri davam etdiriləcək.

Görünə budur ki, biz hələ yaxın bir ili də Ziya Bünyadov prospektində rahat hərəkət edə bilməyəcəyik. Demək bizi hələ bir neçə il də, toz torpaq, tıxac, əsəb və gərginlik gözləyir. Maraqlıdır ki, belə layihələr xarici ölkələrdə də həyata keçirilir və bizdən fərqli olaraq onlar əhalinin narahatlığını nəzərə alaraq bu işləri ən qısa müddətdə həyata keçirirlər. Bizim işlərimiz isə həmişə uzanır. Bircə çarə ona qalır ki, dövlət başçısının yolu hansısa səbəbdən o prospektdən düşə... Və bəlkə, Azərbaycanın yollarına məsul olan adamlar, nazirlər, məmurlar tez qaçıb orada səliqə-sahman yaradalar. Yoxsa, bu şəhərdə hələ uzun illər yekə bir kəndi xatırlatmaqda davam edəcək... Axı bu işi görənlər çəkilən, qazılan, qaşınan yolu adi su maşını ilə belə olsa gündəlik sulamalıdırlar ki, Bakını toz-torpaq götürməsin? Hamı bilir və bu dəqiqləşdirilməsinə ehtiyac olmayan elə bir faktdır ki, görülən işlərin standartlara uyğun, yəni yolların sulanması, hər şeyin normativlər əsasında aparılması sənədlərdə əskini tapıb. Bu məqsədlə pullar ayrılır. Ancaq bizim məmurlar yaxşı bilir ki, pul küçəyə səpmək üçün deyil...

Səidə