“Cənab Prezident! Mən Sizə üz tuturam” – - Müraciət

cenab-prezident-men-size-uz-tuturam-
Oxunma sayı: 2096


“Qafqazinfo”ya göndərilən müraciətdə gənc fəalın anası Əkbərova Zenfira prezidentdən oğlunun əfv olunmasını xahiş edib. Müraciətin mətnini olduğu kimi təqdim edirik: “Əziz və dəyərli Prezident! Mən Əkbərova Zenfira öz acı və kədərli həyatımı qısa da olsa bu müraciət vasitəsilə Sizə çatdırmağa məcburam. Bir ana fəryadı ilə Sizdən kömək diləyirəm. 40 ildən artıqdır ki, Vətənimizə öz şərəfli peşəmlə- müəllimliklə xidmət edirəm. Ancaq buna baxmayaraq, mən böyük bir haqsızlıqla qarşılaşmışam. Gözümün ağı-qarası bircə övladımı- Ramazanov Rəşad Ağaddin oğlunu şərə-böhtana salaraq həbs ediblər. Mən bir anayam, yalan danışmaram. Millətin övladlarına tərbiyə verən bir ana kimi mən heç zaman nankor övlad böyudə bilməzdim. Etiraf edirəm ki, oğlum müxalif fikirli olub, amma bu o demək deyil ki, o, hər hansı bir şərəfsiz işlə məşğul olub. Rəşad Ramazanov AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. O, bir neçə elmi məqlənin müəllifidir və bir ana kimi də fəxr edirəm ki, övladımın bir kitabı Prezidentin Kitabxanasında saxlanılır. 

Cənab Prezident! Mən düşünürəm ki, çox gənc, ziyalı olan, özünü elmə həsr etməyə çalışan bir şəxsi şərləmək, ona qara yaxmaq bütöv Azərbaycan gəncliyinə, gənc ziyalılara qarşı atılan namərd bir addımdır. 

Cənab Prezident! Mən Sizə üz tuturam. Siz də bir ata, bir valideyinsiniz. Ona görə də mənim bu fəryadıma ümid edirəm ki, biganə olmayacaqsınız. Mənim oğlumun iki az yaşlı uşağı var. Onlardan biri heç öz atasını görməmiş, onu duymamışdır. 5 yaşlı nəvəm isə hər gün ağlayaraq atasının yolunu gözləyir. Çox səmimi olaraq deyirəm ki, bu körpəni aldatmaqdan başqa çarəmiz olmur. 

Cənab Prezident! Yenə də Sizə üz tuturam. Siz böyüksünüz, alicənab olan Sizsiniz. Bağışlamaq da bir böyüklükdür. Ümidim göydə Allaha, yerdə Sizədir ki, oğlumu əfv edəcəksiniz. 

Dərin hörmətlə, Masallı şəhəri Digah kənd orta məktəbinin müəlliməsi, Digah kənd orta məktəb Yeni Azərbaycan Partiyasının sədri Zenfira Əkbərova”.