“Cənab prezident! O qədər haqsızlıqlarla rastlaşırıq ki...”

cenab-prezident-o-qeder-haqsizliqlarla-rastlasiriq-ki
Oxunma sayı: 2842


“Qafqazinfo” xəbər verir ki, Zabrat sakinləri prezident İlham Əliyevə ünvanladıqları müraciətin bir nüsxəsini də AzadlıqRadiosunun “Qaynar xətt”inə yollayıblar. Onlar ölkə rəhbərindən rahat yol və su istəyirlər.

Qəsəbə sakini Qalib Bağırov danışır ki, Zabratda su və kanalizasiya xətləri çəkilməsi üçün yollar qazılıb, işlər yarımçıq saxlanılıb, indi əziyyətini sakinlər çəkir: “Hətta qazdıqları quyuya düşənlər də olur.  Son 20 gündə Zabratda su çəkmək adı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qazdığı quyuya insan yox, çamış da düşsə, çıxartmaq olmaz. Quyular qazılıb, qazanlar və qazdıranlar yoxa çıxıb. Söz deyiləsi adam yoxdur ki, heç olmasa gəlib quyuları doldursunlar”.


Qalib Bağırovun sözlərinə görə, 3 il əvvəl asfalt döşənmiş yolları su xətlərinə görə qazıb töküblər. Ancaq nə xətlər çəkilmir, nə də qazdıqlarını gəlib düzəltmirlər: “Fəhlələr bir-iki gün işləyirlər, sonra başqa kənddə iş çıxır, burdakı işləri yarımçıq saxlayıb gedirlər ora. Burdan yol çəkirlər, o tərəfdən iritonajlı maşınları yola buraxırlar. Maştağa yolu 2 ildir çəkilib, gəlib görün necə bərbad vəziyyətdədir. Su xətlərinə görə qazırlar, sonra keyfiyyətsiz asfaltlayırlar, çökəklər əmələ gəlir. 3 saylı Sabunçu xəstəxanasına gedən yol, Ramana yolu, Balaxanıya dönən yol – hamısı bərbad vəziyyətdə, çökəklikdir”.

Qalib Bağırov Zabrat sakinlərinin nəqliyyat problemi yaşamalarından da danışır.

Sabunşu rayon İcra Hakimiyyəti isə bildirir ki, Zabrat sakinlərinin bu problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətslərinin çəkilişi yaxın vaxtlarda başa çata, yollar da əsaslı asfaltlanacaq. Zabrat sakinlərinə səbr etmək qalır.