Cənnət yalnız müsəlmanların inhisarında deyil

cennet-yalniz-muselmanlarin-inhisarinda-deyil
Oxunma sayı: 3815


“Bəqərə” surəsi, 62-ci ayənin təfsiri

Rəhman, Rəhim Allahın adı ilə!

Qurani-Kərimin "Bəqərə" surəsində buyurulur:

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالنَّصَارَىٰ وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ.

"Həqiqətən də iman gətirənlərdən (müsəlmanlardan), yəhudilərdən, xristianlardan və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər." ("Bəqərə" surəsi, ayə: 62.)

Ayənin ümumi təfsir və təhlili

Ayənin yetirdiyi ümumi məzmun və məna baxımından aurasına əsasən "iman gətirənlər" ifadəsində məqsəd, İslam dininin ardıcılları sayılan müsəlmanlardır. Yəhudilər və xristianlar bəlli olsa da təfsir alimləri ayədə işlənmiş "sabiilər"lə bağlı fərqli fikirlər yürütmüşlər. Belə ki kimisi onların müşriklər, kimisi zərdüştlər, kimisi də hər iki dəstədən fərqli olan kitab əhli olduğunu bildirirlər. Lakin ümumi olaraq ayədə işlənmiş "sabiilər"in müşrik və zərdüşt dəstələrindən fərqli olduğunu söyləmək lazımdır.

Ayədən alınmış önəmli incə məqam budur ki, nicat tapmaq və ilahi mərhəmətə layiq görülmək üçün sırf "müsəlman", "yəhudi", "xristian" və ya "sabii" kimi titullar kifayət deyil. Əslində nicat tapmaq və ilahi mərhəmətə layiq görülmək üçün sözün həqiqi mənasında Allaha və axirət aləminə inamlı olmaq və həmin inamın tələbi əsasında yaxşı işlər görmək lazımdır.

Bu ayəyə əsasən, müsəlmanlar, yəhudilər, xristianlar və sabiilərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin mükafatı Allah-taalanın yanındadır. Onların qiyamət günündə də bir qorxusu olmayacaqdır.

Ayənin yetirdiyi əsas mənalar

Məlum ayə ilə bağlı iki məqamda fikir yürütmək olar:

1. Ayənin nazil olma səbəbi:

Əldə olan bəzi hədislərə əsasən, İslam Peyğəmbərinin (s) dövründə bəzi müsəlmanlar arasında belə bir sual meydana çıxmışdı: Əgər İslam dini yeganə haqq yoludursa, bizim ata-babalarımızın vəziyyəti necə olacaq? Onlara cavab olaraq həmin ayə nazil olmuş və bildirmişdir ki, öz zamanında düzgün etiqad və saleh əməl sahibi olan hər bir insan Allah-taala yanında nicat əhli sayılır. Əlbəttə, bir hədisdə bu sualın Peyğəmbərin (s) nəcabətli səhabəsi Salman tərəfindən ibadət əhli olan ata-babası barədə soruşduğu və ayənin də məhz ona cavab olaraq nazil edildiyi bildirirlir.

Deməli, ayənin nazil olma səbəbinə əsasən, İslam dinindən öncə öz zəmanəsinin səmavi dininə etiqad bəsləmiş və öz dinində sağlam etiqad və düzgün əməl sahibi olan hər bir insan nicat əhli sayılır və belələri ilahi ədalət əsasında Cənnətə daxil olacaqdır.

2. Ayənin yetirdiyi ümumi məna:

Qurani-Kərimin çoxsaylı ayələrinə əsasən, İslam dininin zühurundna sonra bütün dinlər qüvvədən düşmüş və bütün insanlar bu sonuncu dinə inanmağa mükəlləf olmuşlar. Həzrət Məhəmmədə (s) nazil olmuş İslam dini sonuncu və ən kamil səmavi dindir. Bununla bağlı zərrə qədər şəkkimiz yoxdur.

Eyni halda həmin səmavi kitab nazil olduğu hadisələr çərçivəsində qalmayan, əslində Quranın Peyğəmbərdən (s) sonra ideal təfsirçiləri sayılan Əhli-beytin (ə) təbiri ilə "günəş və ay kimi cərəyanda" olan müqəddəs bir kitabdır. Qurani-Kərim günəş və ay kimi bütün zamanlar, məkanlar və millətlərə aid olan əbədi bir möcüzədir.

Bütün bunları rəhbər tutaraq məlum ayənin nazil olma səbəbini qəbul etməklə yanaşı onu nazil olduğu zamandan xaric edərək digər zamanlar və dinləyicilərə də şamil etmək olar. Belə ki, bu ayəyə əsasən, İslam dininin haqq və üstün bir din olduğunu bilməyən hər hansı bir dinin ardıcılı əgər öz dinində etiqad və yaxşı əməl sahibi olarsa, nicat əhli sayılacaq və ilahi mərhəmət onun da halına şamil olacaqdır.

Bu arada müxtəlif dinlərdə mövcud olan xurafat və etiqad azğınlıqları ayədən alınmış belə bir nəticəyə mane ola bilməz. Çünki Quran ayələri və çoxsaylı mötəbər hədislərə əsasən, Allah-taala hər bir insandan yalnız ona bəxş etdiyi ağıl və şüur səviyyəsində hesabat alacaqdır.

Hər hansı bir insan öz aləmində İslam dinini deyil, başqa bir dini üstün sayırsa və həmin dində mövcud olan etiqadlara yiyələnib yaxşı işlər görürsə, Allah-taala onunla Öz ədaləti və mərhəməti ilə davranacaq və onu da Cənnətin layiq olduğu məkanında yerləşdirəcəkdir.

Qurani-Kərimdə buyurulur: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" ("Nəcm" surəsi, ayə: 39).

Bu ayədə yalnız müsəlmanın deyil, əslində dini, irqi və rəngindən asılı olmayaraq hər bir insandan söhbət gedir. Həmin ayəyə əsasən, insan bu dünyada nə edirsə onun əvəzini də görəcək. Kimsə öz düşüncəsi səviyyəsində İslam dinini deyil, başqa bir dinin üstün olduğunu düşünürsə Allah-taala ondan məhz bu düşüncəsi çərçivəsində hesabat alacaqdır.

Ümumiyyətlə, unutmamalıyıq ki Quran ayələri və hədislərə əsasən, Cənnət yalnız sonuncu dinin ardıcılları sayılan müsəlmanların inhisarında deyil. Əslində digər dinlərin ardıcılları da müəyyən şərtlər əsasında Cənnətə daxil olacaq və yalnız Cənnətdə layiq olduqları yerdə məskunlaşacaqlar. Bununla bağlı İmam Əbu-Hamid Ğəzzali, Şeyx Məhəmməd Cavad Müğniyə, Ustad Mürtəza Mütəhhəri, Əllamə Seyid Məhəmməd Hüseyn Fəzlullah, Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani və Əllamə Şeyx Məhəmməd Hadi Mərifət kimi tədqiqatçı alimlərin xüsusi etirafları vardır. Mərhum Əllamə Fəzlullahın bununla bağlı çox gözəl bir cümləsi var: "O dindarlardan olun ki, Cənnəti yalnız özlərinə məxsus saymırlar!"

Bütün bunlara rəğmən İslam dini sonuncu və ən kamil səmavi dindir. Bu dinin üstünlüyünü və kamilliyini bilən halda ondan üz çevirən və inadkarlıq göstərən hər bir insan Quran terminologiyasında "kafir" sayılır və belə bir şəxs axirət aləmində Cənnətə deyil, əslində Cəhənnəmə atılacaqdır.

İlqar İsmayılzadə,

İlahiyyat elmləri doktoru

islam.az