Dekabrın 4-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan XXIV “Bakutel-2018” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin qapıları bu gün də öz ziyarətçilərinin üzünə açıqdır.
"Qafqazinfo" xəbər verir ki, sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunur.
İnnovativ yeniliklər sorağında diqqətimizi “AzInteTecom” MMC-yə məxsus stend cəlb etdi. Bəli, digərlərindən fərqlənən bu işıqlı interaktiv stendə bizim ilk Regional Data Mərkəzinə adi məlumatlar əldə etmək və mərkəzin fəaliyyətilə tanış olmaq mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən XXIV beynəlxalq “Bakutel–2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına ünvanlanan təbrik məktubunda Data Mərkəzin fəaliyyətinə toxunularaq qeyd edilib ki; “İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur”.
Saytımıza bildirildi ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir.
2016-cı ilin dekabrında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC tərəfindən istismara verilib.
Data Mərkəzi Almaniyanın beynəlxalq səviyyəli şirkəti tərəfindən inşa edilmiş və “Uptime Institute”nun test sınaqlarından uğurla keçərək TIER III beynəlxalq sertifikatına, həmçinin ISO-20000 və ISO 27001 İnformasiya təhlükəsizliyi standartlarına layiq görülüb.
İzah olundu ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir.
Mərkəz üzərindən təqdim edilən məhsullara gəlincə qeyd edildi ki, istifadəni müştərilər üçün maksimal olaraq asan və rahat etmək üçün vahid pəncərə modelinə uyğun olaraq virtual mühitin idarə edilməsi platforması gələn ilin əvvəlində istifadəyə veriləcək. Bu platforma kiçik və orta sahibkarlara biznes proseslərinin rəqəmsallaşdırılmasında müsbət rol oynayacaq.
Əlavə edildi ki, dünya üzrə sabit telefon rabitəsində bir inqilab kimi qiymətləndirilən və müasir kommunikasiya tələblərinə cavab verən yeni nəsil virtual telefon stansiyası üzrə xidmətlərin 2019-cu ildə təqdim edilməsi planlaşdırılır. Bu xidmətdən istifadə etmək üçün sadəcə internet şəbəkəsinin olması kifayətdir - adi şəhər nömrəsi olan SIP-nömrəni noutbuka, smartfona, mobil cihaza və s. qoşmaqla istənilən yerə daşımaq və asanlıqla istifadə etmək mümkündür.
Eyni zamanda bildirildi ki, Data Mərkəzində saxlanılan məlumatların və beynəlxalq səs trafikinin coğrafi rezervlənməsini məqsədilə növbəti ilin 2-ci rübündə istifadəyə verilməsi planlaşdırılan Rezerv Data Mərkəzinin Yevlaxda inşası həyata keçirilir.
Bəs Rezerv Data Mərkəzi nə üçün lazımdır– sualına belə cavab verdilər ki, Rezerv Data Mərkəzi Bakı Data Mərkəzi kimi beynəlxalq standartlara cavab verəcək. Bu standartlar ABŞ-nın Uptime Institute təşkilatından etibarlılıq və dayanıqlıq üzrə TİER III alınması ilə təmin ediləcək. Həmçinin, İT xidmətlərinin optimallaşdırılması və məlumat təhlükəzisliyi üzrə beynəlxalq standartlar Yevlax data mərkəzində də tətbiq oluncaq.
Diqqətmizə çatdırıldı ki, hökümət qurumlarının informasiya texnologiyaları xərclərinə qənaət olunması, elektron sənədləşmə prosesinin inkişafı, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, xarici data mərkəzlərindən asılılığın ləğv edilərək, məlumatların ölkə daxilində saxlanılmasının təmin edilməsi məqsədilə Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.