Cənubi və Şimali Koreya vahid bayraq altında yarışacaq

cenubi-ve-simali-koreya-vahid-bayraq-altinda-yarisacaq
Oxunma sayı: 1078

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak edəcək.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, bu barədə tərəflər arasında son 10 gündə ikinci dəfə keçirilmiş görüşdə razılıq əldə olunub.

Anlaşmaya əsasən, 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmilərinin, xüsusi səhnəciklər nümayiş etdirəcək 30 taekvondoçunun və 230 azarkeşin yer alacağı gözlənilir.

Həmçinin Paralimpiya Oyunlarında KXDR-in ümumilikdə 150 nəfərlə, o cümlədən, idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər.

Sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər.