Cənublunun Bakı macərası...

cenublunun-baki-macerasi
Oxunma sayı: 3136

Raminə Eyvazqızı

Ölkədən kənarda milyonçu kimi ilə tanınanları (çoxunu) bizdən biri kimi təqdim edəndə qıcıqlanmaya bilmirsən. Telman İsmayılovdan tutmuş Rza Zərrabına kimi.

Birincisi rus məşhurlara cibinin səxavətini sübut edib toy çaldırdı, Hollivud gözəlçələrinə pul payladı, amma bizim biçarələrə əl tutmağı heç istəmədi də. İndi bu kişinin müflis olması və ya kasıblaması xəbərlərinin bizə hər hansı şəkildə dəxli olmasını başa düşmürəm. “Azərbaycanlı milyonçu…” başlıqlı xəbərlər isə ara vermir. Yaxud Rza adlı mənşəyi tez-tez əməlləri kimi dəyişən kəsin “azərbaycanlı” kimi təqdimatı da yanlışdır. Halbuki bu Rza Zərrab dəfələrlə Azərbaycanla hər hansı əlaqəsi olmadığı deyib, heç vaxt bizdən ötrü ürəyi də yanmayıb. Onun ABŞ-da həbsinin də bizə qeyri-adi şəkildə dəxli ola bilməz. Pulu da özününkü olsun, dərdi də. Zaman-zaman dünyanın harasındasa azərbaycanlının uğuruna sevinirik, belə də olmalıdır. Onların uğuru uğurumuzdur, pullununsa pulu elə özününküdür. 

***
Yəqin, builki Novruz Cənubi Azərbaycandan Bakıya axın edənlərlə yadda qalacaq. Bakı, bölgələrə axışan camaatın yoxluğunu çəkmədi, boşalmadı.

Bayramın ilk günü məşhur restoranların birində təəccüb və sevinc içində qalmışdım. Kütlə şəklində cənublu qadın, kişi cins şalvar, idman ayaqqabısında dingildəyirdilər. Aralarında gözü-qaşı oynayan qısa geyimli, özünü açıb- ağartmaqdan bəxtiyar olan qadınlar da vardı. Onlara tamaşa edəndə fikirləşirsən ki, bunlar bir himə bənddilər. Neyləsinlər axı, 1979-cu ilə qədər İran küçələrində açıq-saçıq geyinmiş nəslin övladlarıdılar. Dəfələrlə İranda olanda da müşahidə etmişən, qadınlarının bağlı üst-başı evlərinin qapısından içəri daxil olana qədərdir.

İndi Bakıda necə də rahatdırlar. Necə də sevinirlər, şaddırlar. Sərhədi aşıb üzü bu tərəfə gələn kimi örpək, şərflər açılıb çantaya qoyulur. Kişiləri arasında aşkarcasına içki içmək xoşbəxtliyi olanlar var. Qamçılanmaq qorxusunu bir kənara atıblar. Bir neçəsi ilə söhbətdən məlum olur ki, Bakıya gəlmək üçün aylarla pulunu pul üstə qoyanlar da var aralarında. Manatın ucuzluğu onların çoxdankı arzusunu çin edib. Dost-tanışın da “şəhər iranlı ilə aşıb-daşır” deməsi onu göstərir ki, Təbriz, Ərdəbil, hətta Almaniyada yaşayan təbrizlilər də Bakı xəyalına qovuşub.

Gələn qonaqların doğma dilimizdə danışması adama xoş gəlir. Onların arasında Şəhriyar həsrətli olanlar az deyil. Axı bahalı şəhər olan Bakıya bu qədər pul töküb gələnlərın qanında fars qanı ola bilməz. Biz onlara qonaq gedəndə “bakılısız” sualı ilə bizi dindirərlər, biz isə onları “iranlısız” marağı ilə. Hər iki tərəf “azərbaycanlı” kimliyini xatırlatmağa çəkinir elə bil. İndi qulağımıza çatan sözlərə görə, bir qrup cənublu soydaşımız Bakı səfərindən narazı qalıb. Camaatımızın bir dəstə bivec, beyinsizi ucbatından. Axı doğma dilimizdə yolu-yolağanı soruşanla necə məzələnmək olar? İndi bir ingilisi olsaydı, farmazonlar ingiliscəsini gözə soxmağa çalışardı. O qədər gülüncdürlər ki. Bəziləri, imitasiyası ilə fəxr edənlər lap yazıqdırlar.

Təəssüf ki, günlərdir, bəzi cənublu doğmalarımızın kor-koranə Bakı gəzintisi adamı üzür. Hətta Əhmədliyə gəzməyə gələnlər də var. O gün biri bu tərəflərdə görməli yerlər axtarırdı, məlum oldu ki, hansı “ağıllısa” onlara Əhmədlidə ziyarət edilməli tarixi məkanlar olduğunu deyib. İçərişəhərin girişində “Ask me” (məndən soruş) jiletli könüllərin məqsədini cənublu soydaşlarımızın anlamasına ümid edirik. Kaş ki, onlar üçün xüsusi bələdçi qruplar yaradılardı. Onların turist statusu bir başqadır axı. Cənubun Şimala can atması qondarma “azərbaycanlı” milyonçuların davranışından qat-qat xoşdu. Azərbaycanlı olması ilə fəxr edən, ana dili üçün İran həbsxanasında zülm görənləri unutsaq, bizim də həmin “azərbaycanlı”lardan fərqimiz olmayacaq. Cənubluya şimal sevgisi göstərək ki, bizi ayıranların yuxusu qaçsın!