Cərimələrdən yığılan pulların müəmmalı taleyi

Cərimələrdən yığılan pulların müəmmalı taleyi
Oxunma sayı: 2082

Xəbər verdiyimiz kimi, ötən gün “Yol hərəkəti haqqında” qanunun 23-cü maddəsinə  əlavə edilən dəyişikliklər qüvvəyə minib. 

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən bundan sonra yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Ekspert Ərşad Hüseynov dəyişiklikləri “Qafqazinfo”ya şərh edib. O qeyd edib ki, əvvəllər vəsait büdcədə ayrıca hesaba daxil olurdu: “Onsuz da o pulu faktiki olaraq Daxili İşlər Nazirliyi Maliyyə Nazirliyinin icazəsi ilə xərcləyirdi. İndi isə necə olacağı hələ aydın deyil”. 

Ə. Hüseynov  həmçinin vurğulayıb ki, müvafiq icra hakimiyyəti orqanlarının tətbiq etdiyi cərimələrin və maliyyə sanksiyalarının həmin orqanların işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədinə yönəldilməsi yaxşı heç nə vəd etmir: “Belə yanaşma istər-istəməz həmin orqanların əməkdaşlarının cərimə tətbiqində daha israrlı olmasına səbəb olacaq. Hüquq tətbiqetmə təcrübəsindəki problemləri, məsuliyyətə cəlb etmə zamanı hüquqi təminatların, xüsusən ədalətli məhkəmə təminatının zəifliyini nəzərə alanda perspektiv pis görünür”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi